Trampın Putinlə gizli razılaşması Avropanı qorxuya saldı - DETALLAR

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra verdiyi bəyanatlar beynəlxalq siyasi gündəmi silkələyib. “Financial Times” nəşrinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tramp iki ölkə arasında “dərhal” sülh danışıqlarının başlamasını istədiyini bildirib. Lakin bu açıqlama Avropa liderlərini ciddi narahat edib.

Musavat.com bildirir ki, Financial Times yazır ki, Avropa İttifaqı liderləri Trampın Putinə verdiyi vədlərdən və əldə olunmuş “razılaşmalardan” şoka düşüblər. Avropalı diplomatlar ehtiyat edirlər ki, Tramp Rusiya ilə tələsik sülh razılaşmasına gedərək, “Putinin maksimalist tələblərini qəbul edə bilər” və bu, “Ukraynanın maraqlarının açıq-aşkar satılması” anlamına gələ bilər.

Qəzetin məlumatına görə, bu ehtimallar artıq Brüsseldə və NATO daxilində ciddi narahatlıqla müzakirə olunur. Avropa liderləri Vaşinqtonun Ukrayna böhranında əvvəlki kimi neytral vasitəçi rolundan çəkildiyini, əvəzində birbaşa Rusiya ilə ikitərəfli siyasi alverə keçdiyini düşünürlər.

Məqalədə qeyd olunur ki, Trampın bəyanatları və ritorikası onun Rusiya ilə daha yaxın təmaslara üstünlük verdiyini göstərir. Trampın “müharibəni bir günə bitirəcəyik” vədinin arxasında, əslində, Ukraynanın ərazi bütövlüyü və suverenliyi mövzusunda ciddi güzəştlər dayana bilər.

Politoloqlar hesab edirlər ki, əgər Tramp Rusiyanın işğal etdiyi əraziləri faktiki olaraq Moskvanın nəzarətində tanımaqla sülh müqaviləsinə razılıq verərsə, bu, beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndiriləcək və Qərb daxilində ciddi parçalanmalara səbəb ola bilər.

Rusiya Prezidenti Vladimir Putin isə danışıqdan sonra daha təmkinli və ölçülmüş açıqlamalar verib. O, Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını desə də, konkret razılaşmalardan danışmayıb.

Müşahidəçilər qeyd edirlər ki, Trampın açıq və iddialı tonu ilə Putinin qapalı və ehtiyatlı ritorikası arasında kəskin fərq var. Bu da göstərir ki, Vaşinqtonun yeni siyasəti Kreml üçün yeni imkanlar açır.

Trampın “sürətli sülh” formulu əgər gerçək olarsa, bu, Ukrayna üçün ciddi təhlükə yarada bilər. Avropa liderləri isə artıq indidən Vaşinqtonun dəstəyinin zəifləməsi fonunda müstəqil strategiyalar üzərində düşünürlər.

Mənbə: https://www.ft.com/content/59f2af2f-0e19-40b3-b9a8-5511a3f81e03

 

Musavat.com

20.05.2025 02:28
1427