Amerika Birləşmiş Ştatlarının Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın oğlu sosial şəbəkələrdə Ukrayna prezidenti Vladimir Zelenskini atası haqqında danışdığına görə tənqid edib.
Oğul D.Trampın sözlərinə görə, Zelenski əvvəllər Amerika vergi ödəyicilərindən milyardlarla dollar alıb.
“Bundan sonra o, ABŞ-a gəldi və indi prezidentliyə namizədi tənqid etməyə cürət edir? Həm də Zelenski bunu hansısa Ukraynapərəst fanatik tərəfindən atama hücum cəhdindən dərhal sonra edir. Ayıbdır!” – kiçik Tramp qeyd edib.
Eks-prezidentin oğlu Zelenskinin “Trampın Ukrayna münaqişəsini necə dayandıracağına dair heç bir fikri yoxdur” sözlərini də tənqid edib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri eks-prezident Donald Tramp dəfələrlə bu müharibəni dayandıra biləcəyini deyib. Ancaq onu çox danışdıran jurnalistlər axırda belə bir qənaətə gəliblər ki, Tramp qanlı savaşı Ukraynanı Rusiyaya güzəştə getməklə dayandırmağı nəzərdə tutur.
Musavat.com