Baydenin “erməni soyqırımı”nı tanıması, Konqres və Senatdakı ermənipərəst qüvvələrin daima Azərbaycanı hədəf seçməsinin əksinə olaraq...
Sui-qəsd cəhdindən sonra Donald Trampın yenidən Ağ Evə prezident kimi qayıdacağı haqda iddialar artıb. Bu kontekstdə sabiq prezidentin yenidən Amerika rəhbərliyinə qayıdarsa, dünya ölkələri ilə münasibətdə mümkün dəyişikliklər haqda da ciddi müzakirələr açılır.
Fakt odur ki, başa çatmaqda olan 4 illik Co Bayden dönəmində ABŞ-Azərbaycan münasibətləri zaman-zaman gərginləşib. Xüsusilə Baydenin “erməni soyqırımı”nı tanıması, Konqres və Senatdakı ermənipərəst qüvvələrin daima Azərbaycanı hədəf seçməsini qeyd etmək olar. Donald Trampın isə nə keçmişdə, nə də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir.
“Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Və ya Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”, - politoloq Elxan Şahinoğlu qeyd edib. Yada salaq ki, Azərbaycan dövlət başçısı Donald Tramp prezident seçildikdən sonra telefonla ona zəng etmişdi. İlham Əliyev Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkənin müxtəlif sahələrdə uğurlu əməkdaşlığını qeyd etmişdi. Azərbaycan dövlət başçısına minnətdarlığını bildirən Donald Tramp İlham Əliyev haqqında “çox xoş sözlər” eşitdiyini demişdi. Prezident İlham Əliyev Trampın hakimiyyəti illərində onun barəsində belə bir açıqlama da vermişdi: “Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”.
İlham Əliyev sözügedən çıxışında Ağ Evin yeni siyasətindən məmnun olduğunu da xüsusi vurğulamışdı. “Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın”, - deyə prezident vurğulamışdı.
Yada salaq ki, prezidentliyə namizədə sui-qəsd cəhdini ilk pisləyənlər sırasında Azərbaycanın dövlət başçısı da vardı.
“Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq”, - deyə özünün X səhifəsində Azərbaycan Prezidenti İlham Əliyev yazıb. Ekspertlər Trampın mümkün qayıdışında Azərbaycan-ABŞ əlaqələrində hansı keyfiyyət dəyişikliklərinin olacağını mümkün hesab edirlər?
Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Trampın hakimiyyətə gəlişi ilə Azərbaycanla münasibətlərin yenidən bərpa olunacağına ümid edir: “Trampın erməni lobbisi ilə əlaqələri yoxdur. Onun və komandasının erməni təşkilatları ilə asılılığı olmadığına görə düşünürəm ki, biz yenidən Amerika Birləşmiş Ştatları ilə normal münasibətləri bərpa edəcəyik. Bu münasibətlər Tramp hakimiyyətdə olan müddətdə, ondan qabaq da normal, çoxşaxəli xarakter daşıyırdı. Enerji, nəqliyyat sahələrində, eləcə də bir sıra istiqamətlərdə düşünürəm ki, bizim əməkdaşlığımız bərpa olunacaq və erməni diasporasının təsirlərinin Amerika siyasətinə mənfi təsirləri olmayacaq”.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov biznesmen olsa da, Trampı ölkəmiz üçün istənilən halda daha sərfəli hesab edir: “Bayden dönəmində Amerika siyasəti milli maraqlarımıza uyğun olmadı. Çünki Bayden "erməni soyqırımı"ndan danışmış, müttəfiq və qardaş Türkiyə dövlətinin daxili siyasi proseslərinə qarışmışdı. Blinken isə səslənən iddiaya görə, Azərbaycanın Zəngəzuru işğal etməyə hazırlaşdığını söyləmişdi. Amerika eyni zamanda Avrasiya məkanında Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı olaraq dövlətimizin mövqelərindən narahatlıq ifadə etmişdi. Lakin Azərbaycanın dövlət başçısı İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan kimin üçünsə üçüncü ölkələrə qarşı təsir poliqonu ola bilməz. Bununla belə, Amerika Azərbaycan, Azərbaycan da Amerika üçün önəmli tərəfdaşdır. Cənubi Qafqazda olan mövqeyi və gücünə görə burada Azərbaycanı nəzərə almamaq heç böyük dövlətlərin də lüksü deyildir. Azərbaycan tarazlaşdırıcı amilləri əlində cəmləyib. Bir tərəfdən, Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurub. Digər tərəfdən, İranla münasibətlərin normallaşdırılmasını həyata keçirərək xarici təsir təhlükəsi dərəcəsini azaldıb. Türkiyə ilə strateji müttəfiqliyi daha da inkişaf etdirir. Pakistan kimi dövlətlə münasibətləri dərinləşdirir. Ona görə də Azərbaycana Trampın hakimiyyətə gəlməsi hələ ki görünən amillərə görə sərfəlidir. Təbii ki, hələ görünən budur. Çünki Tramp hakimiyyətə gələndən sonra hələ uzun müddət Bayden zamanında Amerikanın zəifləmiş nüfuzunu bərpa etməli olacaq. Bu, istər Yaxın Şərq olsun, istərsə də Qafqaz olsun. Ancaq bunu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti onu da bilir ki, Tramp da bir milyarderdir. Beynəlxalq iqtisadi sistemin iştirakçısıdır. Ona görə də onun gələcək davranışlarını maraqları müəyyən edəcək".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı Amerikada demokratların dövrünün Azərbaycan üçün xoş keçmədiyini söylədi: “Trampın Ağ Evə mümkün qayıdışı ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyətlə müqayisədə daha çox müsbətə doğru dəyişəcəyi ehtimalını artırır. Bir neçə amil belə düşünməyə əsas verir. Birincisi, demokratlardan fərqli olaraq, respublikaçılar "müdaxilə" siyasətini izləmir, daha çox qarşılıqlı əlaqələrə üstünlük verir. İkincisi, Trampın özü ABŞ prezidenti olduğu dövrdə Azərbaycanla münasibətlərə xüsusi önəm verib. Azərbaycan Qarabağda Vətən müharibəsinə başlayanda Tramp hakimiyyətdə idi və ABŞ bu müharibəyə müdaxilə etmədi. Lakin demokrat Bayden hakimiyyətə gəldikdən sonra ABŞ-da Azərbaycana qarşı Ermənistanın maraqlarının müdafiəsi ilə bağlı addımlar aktivləşdi, xüsusilə erməni lobbisinin önü daha da açıldı. “Qarabağ blokadadır”, “Qarabağ ermənilərinin hüquqlarının qorunması” və digər bu kimi məsələlər məhz demokratların dövründə aparılıb. Lakin Trampın dövründə erməni diasporu/lobbisinin “əl-qolu bağlanmışdı”. ANCA rəhbərliyi Trampın dövrünün ermənilər üçün ən pis dövr adlandırdı, Trampa təsir etmək üçün hətta Kim Kardaşyandan da istifadə etməyə çalışırdılar. Bu amilləri nəzərə alanda Trampın mümkün qayıdışını Azərbaycan üçün müsbət proses adlandıra bilərik və proseslər bu istiqamətdə inkişaf edərsə, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqazda Azərbaycanla daha çox işləməkdə maraqlı ola bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”