"Donald Tramp hakimiyyətə gəldikdən sonra onun hədəfindəki əsas ölkələrdən biri İrandır. Yeni prezident İranla müharibənin tərəfdarı deyil, çünki bu, ABŞ-ı iqtisadi baxımdan çətin vəziyyətə sala bilər".
Musavat.com bildirir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev qeyd edib.
Politoloqun fikrincə, Trampın əsas hədəfi həm Yaxın Şərq, həm də Ukrayna müharibələrinin tez bir zamanda ölkəsinin və müttəfiqlərinin mənafeyinə uyğun şəkildə sonlandırılmasıdır:
"Buna görə yeni müharibə onun üçün əlverişli deyil. Ancaq Vaşinqtonun Tehrandan iki tələbi var. Birincisi, nüvə silahının əldə edilməsi ilə bağlı prosesə dərhal son qoymaqdır ki, ABŞ İranın nüvə silahına malik olmasını ilk növbədə bölgədəki maraqlarına təhdid hesab edir. Nəzərə alaq ki, ABŞ-ın Körfəz ölkələrində hərbi bazaları var. İran nüvə silahı əldə etməyi bacarsa, bölgədə ABŞ-ın hərbi gücü əhəmiyyətli dərəcədə zəifləyəcək, eyni zamanda onun müttəfiqi olan Körfəz ölkələri də çətin vəziyyətə düşəcəklər.
İkinci məqam isə İsrailin təhlükəsizliyidir. İran açıq şəkildə yəhudi dövlətinin məhv edilməsini qarşısına məqsəd qoyduğunu gizlətmir. İranın nüvə silahına malik olması İsrailin mövcudluğuna ciddi təhlükə yaradır. Hazırda istər ABŞ-dakı yəhudi lobbisinin, istərsə də İsrailin Trampdan istədiyi məhz bu məsələdə İrana mane olmaqdır".
Politoloq əlavə edib ki, ABŞ və İsrailin İrandan ikinci istəyi isə Yaxın Şərqdəki proksi qüvvələrdən əlini üzməsidir.
"İranın İsrail əleyhinə dəstəklədiyi üç təşkilat — Həmas, Hizbullah və husilər hazırda Vaşinqton-Tehran danışıqlarında əsas müzakirə mövzusudur. İsrail bu qrupları zəiflətmək niyyətindədir və İranın onlara olan dəstəyini dayandırmasını istəyir.
Hizbullah və Həmas təşkilatları öz liderlərinin öldürülməsindən sonra güc itiriblər. Xüsusilə Həmas Qəzza bölgəsində hakimiyyəti itirib, artıq bölgənin tamamilə sökülməsi də gündəmdədir. Bu, Həmasa qarşı mübarizədə İsrailin mövqeyini gücləndirir. Hizbullah da əvvəlki gücündə deyil. Əgər İranın dəstəyi olmasa, İsrail bu təşkilatı da sıradan çıxara bilər.
Yəhudi dövlətinə yeganə problem yaradan qüvvə isə Yəməndəki husi silahlılarıdır ki, burada ABŞ-ın da ticari maraqları var. Husilər dəniz quldurluğu ilə məşğul olaraq bir çox ölkənin, xüsusilə də ABŞ-ın ticarət əlaqələrinə mane olurlar. Buna görə İsrail və ABŞ diqqəti onların üzərinə yönəldərək bu təşkilatı da sıradan çıxarmağı planlaşdırır.
Lakin proksi qüvvələrdən imtina etmək İran üçün asan məsələ deyil. Mühafizəkar qüvvələr, xüsusilə də SEPAH, bu məsələdə Pezeşkian hökumətini ciddi hədəfə ala bilər. İran hökuməti, güman ki, proksi qüvvələr məsələsində maksimum ehtiyatlı davranacaq".
Xalidə Gəray,
Musavat.com