Trampın inauqurasiyasının ən böyük donorları: Kim qazanıb, kim itirdi...

ABŞ-ın ən böyük quşçuluq şirkətlərindən biri olan Piligrim's Pride Amerika lideri Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutan andiçmə mərasiminə rekord məbləğdə - 5 milyon dollar ianə edib.

Musavat.com xəbər verir ki, məlumatı "The Wall Street Journal" donorların siyahısına əsasən yayıb.

Kriptovalyuta şirkətləri də donorların ilk sıralarındadır: Ripple (təxminən 5 milyon dollar), Robinhood Markets (2 milyon dollar), Coinbase Inc (1 milyon dollar). Neft şirkətləri də böyük məbləğdə vəsait ayırıblar. Trampın inauqurasiya komitəsinə neft və qaz nəhəngi Chevron 2 milyon dollar, Exxon Mobil, Occidental Petroleum və ConocoPhillips isə hər biri 1 milyon dollar yardım edib.

Eyni məbləğ əczaçılıq sənayesi Bayer Corporation, Phizer, Merck & Co., eləcə də PhRMA assosiasiyası nümayəndələri ayırıb.

Sənədlərdə həmçinin texnoloji nəhəng Amazon, ChatGPT xidmətinin yaradıcısı OpenAI, Meta, McDonald's fast food şəbəkəsi, Delta Air Lines aviaşirkəti, texnologiya şirkəti Nvidia və Boeing təyyarə istehsalçısından daxil olub.

Səxavətli donorlar arasında inauqurasiyadan sonra administrasiyada müxtəlif vəzifələrə Tramp tərəfindən irəli sürülən və ya onun ABŞ-ın digər ölkələrdəki səfirləri kimi təklif etdiyi şəxslər də var. Stephens Inc.iİnvestisiya şirkətinin rəhbəri Uorren Stivens 2 dekabr 2024-cü ildə Amerika liderinin andiçmə mərasimi üçün 4 milyon dollar bağışlayıb. Həmin gün onun ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi elan edilib. 1 milyon dollar töhfə verən Hyustonlu iş adamı Tilman Fertittaya İtaliyadakı səfir vəzifəsi təklif olunub. NASA Administratorluğuna namizəd Cared Aykman 2 milyon dollar bağışlayıb.

The Wall Street Journal-ın yazdığına görə, Trampın andiçmə mərasimindən sonra heç də bütün donorlar onun fəaliyyətindən faydalanmayıb. Mövcud administrasiyanın siyasəti kriptovalyuta və neft şirkətlərinə xeyir verir, lakin Trampın ticarət müharibələri texnologiya şirkətlərinə zərər verir. Meta şirkəti hətta rəhbəri Mark Zukerberqin Respublikaçı administrasiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinə baxmayaraq, antiinhisar prosedurlarına cəlb edilib.

Piligrim's Pride şirkətinin bir hissəsi olduğu ət emalı sənayesinə gəlincə, o, ABŞ Kənd təsərrüfatı naziri Brooke Rollinsin quşçuluq və donuz əti şirkətlərinə istehsal xətlərini sürətləndirməyə və bununla da daha çox ət emal etməyə imkan verən son qərarından faydalanıb.

Ümumilikdə Tramp inauqurasiyası üçün 250 milyon dollar toplayıb. Bu, ABŞ-ın keçmiş lideri Co Baydenin 2021-ci ildə aldığı 62 milyon dollardan təxminən dörd dəfə çoxdur.Tramp həm də 2017-ci ildə ilk andiçmə mərasimi ərəfəsində müəyyən etdiyi öz rekordunu qırıb. Həmin vaxt ianələrin məbləği 107 milyon dollara çatmışdı.

Musavat.com

19.04.2025 07:50
136