ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Uitkoffun Parisdə Avropa liderlərinə təqdim etdiyi müharibənin bitməsi ilə bağlı plan rezonans doğurub.
Musavat.com xəbər verir ki, “The Washington Post”un tanınmış şərhçisi Deyvid İqnatiusun məqaləsində bildirilir: plan Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti nəzərdə tutmur, əksinə, Moskvanın maraqlarına geniş güzəştlər edilir.
Jurnalistin mənbələrinin sözlərinə görə, Uitkoff planı Avropa və Ukrayna rəsmilərinə təqdim etsə də, o qədər çox güzəşt Moskvaya yönəlik idi ki, həm Kiyev, həm də Brüssel bu sənədi dərhal rədd edib.
İqnatius yazır: “Zelenski üçün Uitkoffun mövcud paketini qəbul etmək çox çətin olacaq. Əsas problem ondadır ki, bu plan ABŞ tərəfindən dəstəklənən təhlükəsizlik zəmanətlərini ehtiva etmir. Ukrayna faktiki olaraq Avropanın ümidinə buraxılır və görünür ki, Vaşinqton prosesdən kənarda qalacaq”.
Məqalədə qeyd olunur ki, Moskva “əsas məsələlər” üzrə heç bir kompromisə hazır deyil. Rusiya Prezidenti Vladimir Putin nə Ukrayna əraziləri məsələsində, nə də regional təhlükəsizlik sahəsində geri çəkilmək fikrində deyil. Uitkoff isə Avropada Putinin qəbul edə biləcəyi təklif formalaşdırmağa çalışıb.
İqnatius əlavə edir ki, Ağ Ev “zəifləmiş Ukraynaya təzyiq göstərərək onu ‘indi ya heç vaxt’ prinsipi ilə razılaşmaya məcbur etmək” niyyətindədir. Onun fikrincə, məhz bu səbəbdən Tramp və Vens sülhə “optimist” yanaşmalar nümayiş etdirirlər.
Musavat.com