Trampın cəllad və demokrat sələfi - Klivlend Ağ Evə yenidən qayıdan ilk prezidentdir

Məlum olduğu kimi, bu ay ABŞ-də keçirilən prezident seçkilərində respublikaçı namizəd Donald Tramp qalib gəldi və yenidən Ağ Evə yerləşmək hüququ qazandı. Dörd il öncə Cozef Baydenə məğlub olsa da, bu dəfə o, demokrat rəqibi Kamal Harris üzərində parlaq qələbə qazandı. Lakin ABŞ tarixində ilk dəfə Ağ Evdəki yerini tərk edərək, 4 illik fasilədən sonra ora yenidən qayıtmağı bacaran siyasətçi respublikaçı yox, demokrat olub. Bu, Qrover Klivlenddir.

Müharibədən qaçan vaizin zəhmətkeş oğlu

Vətəndaş müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında respublikaçılar üstünlük təşkil edirdi. Demokrat Partiyasının aparıcı simalarının əhəmiyyətli bir hissəsinin Konfederasiyaların tərəfinə keçməsi siyasi partiyanı xeyli zəiflətmişdi. Bununla belə, Stiven Qrover Klivlend partiyanı yenidən həyata qaytarmağı bacarır.

kliv-4.jpg (20 KB)

Nyu-Cersi ştatının Kolduell şəhərindən olan gələcək siyasətçi keşiş və moizəçi Riçard Klivlendin böyük ailəsində beşinci uşaq olub. Yeniyetmə illərində atası öldüyü üçün kiçik qardaş və bacılarına kömək etmək məqsədilə məktəbi tərk edir. Buna baxmayaraq, sonradan təhsilə qayıdır, vəkil statusu alır və öz işini qurur.

Vətəndaş müharibəsinin qızğın çağında hüquqşünas olan Klivlend orduya qoşulmağa məcbur idi. Lakin o, qanunun boşluğundan istifadə edərək, öz yerinə polşalı mühaciri göndərir. Vaxt keçdikcə Qrover Klivlend uğurlu hüquqşünas, eyni zamanda təvazökar bir insan kimi şöhrət qazanır. Nəticədə o dövrdə son dərəcə təsirsiz olan demokratları təmsil edərək siyasi həyata qədəm qoyur.

Cəlladlıqdan siyasətə

Klivlend 1870-ci ildə Eri qraflığının şerifi seçilir. Həmin dövrdə şeriflər ölüm hökmlərini müstəqil icra edə bilərdilər. Təbii ki, cəllad tutmaq mümkün idi, lakin çoxları bunu zəiflik əlaməti hesab edirdi.

Şerif Klivlend özünü zəif göstərmədi - anasını öldürməkdə təqsirli bilinən Patrik Morriseyi şəxsən asdı, sonra isə quldur Con Qaffneyi edam etdi. Bunun sayəsində o, seçicilər arasında hörmətini gücləndirə bildi. 1880-ci illərin əvvəllərində Qrover Klivlend Nyu-Yorkun qubernatoru seçilir.

Demokratlar Partiyasında o, Ağ Ev üçün ən perspektivli namizədlərdən biri hesab olunmağa başlayır. Hətta respublikaçılar da ondan çəkinməyə, hörmət etməyə başlayırdılar.

ABŞ tarixində Ağ Evə yenidən qayıdan ilk prezident

kliv-3.jpg (50 KB)

4 noyabr 1884-cü ildə Qrover Klivlend respublikaçı namizəd Ceyms Bleynlə qarşılaşır. Sonuncunun korrupsioner məmur reputasiyasına malik olduğuna görə mövqeyi xeyli zəif olsa da, Klivlendi dəstəkləyənlərin sayı az idi. Lakin demokrat namizəd kifayət qədər sayda seçicinin dəstəyini qazanaraq ABŞ-nin 22-ci prezidenti oldu.

Klivlendin beynəlxalq arenada ilk müddəti münaqişəsiz keçir. Prezident kimi digər ölkələrin işlərinə qarışmamağın tərəfdarı olur. İqtisadiyyatda o, 100 milyonluq büdcə profisitinə nail olur. Eyni zamanda, respublikaçılar onu ABŞ bazarına xarici malların axınından yetərincə qorumamaqda ittiham edirlər. Bu mübahisə 1888-ci il seçki kampaniyasının əsas məqamlarından biri olur. Ölkədə əhalinin çoxu demokratların tərəfində olsa da, respublikaçı Benjamin Harrison 233 seçici səsi toplayır.

Prezidentlik səlahiyyətlərini təhvil verdikdən sonra Qrover Klivlend Nyu-Yorkda vəkillik fəaliyyəti ilə məşğul olmağa qayıdır. Lakin dörd ilin sonunda o, getdikcə Harrison administrasiyasının kursunu tənqid etməyə başlayır və 1892-ci ildə yenidən seçkilərdə iştirak etməyə hazır olduğunu bildirir.

iv-2.jpg (41 KB)

Harrisonun hakimiyyəti amerikalı tarixçilər tərəfindən uğursuz hesab edilir və onun fonunda Klivlendin əlində böyük şanslar var idi. Bundan əlavə, Harrisonun həyat yoldaşı dünyasını dəyişir və o, praktiki olaraq seçki yarışında fəal iştirak etmir. Nəticədə, 8 noyabr 1892-ci ildə Qrover Klivlend seçkilərdə böyük üstünlüklə qələbə qazanaraq ABŞ tarixində Ağ Evə yenidən qayıdan ilk prezident olur.

Klivlendin ikinci müddəti ABŞ-ın 45-ci ştatı olan Yutanın ilhaqı ilə yadda qalır. Amerika fond bazarında çöküş yaşanır və işçilər tətillər edir. ABŞ-də prezidentlik müddətinin sayı qanunla məhdudlaşmasa da, Klivlend yenidən seçilmək istəmir. Səhhətində problemlər yaranan siyasətçi öz populyarlığının da aşağı düşdüyünü görürdü.

1896-cı il seçkilərində Klivlendin səlahiyyətlərini təhvil verdiyi respublikaçı Uilyam Mak-Kinli inamla qalib gəlir. Mak-Kinli isə Amerika anarxistləri tərəfindən güllələnərək öldürülür.

Qrover Klivlend 1900-cü illərin əvvəllərində yeni prezident Teodor Ruzveltin müşaviri kimi bir müddət xidmət etdikdən sonra təqaüdə çıxır. Klivlend daha bir nailiyyətə də imza atır. O, 1860-1912-ci illər arasında seçkilərdə qalib gəlməyi bacaran demokratların yeganə nümayəndəsi idi.

İlkin Nəcəf

 

12.11.2024 13:47
616