Trampın ABŞ-a vəd etdiyi “qızıl dövr” – Azərbaycana nə vəd edir?

Sabiq prezident və milyarder Donald Tramp 4 ildən sonra seçki yolu ilə Ağ Evə dönüşünü təmin edə bildi. Həm də gözləntilərə rəğmən, yekun səs sayı baxımından kifayət qədər sanballı üstünlüklə. Bu, onun prezidentliyinin bir qədər də legitim eləməklə yanaşı, qarşıdakı 4 ildə daha inamlı qərarlara kökləyə bilər.

Əlbəttə, ABŞ kimi dövlətdə hər şey prezidentdən asılı deyil. Konqres var, onun aşağı və yuxarı palataları (Nümayəndələr Palatası, Senat), cəmiyyətin və ölkənin idarəçiliyində mühüm rola oynayan çoxsaylı “beyin mərkəz”ləri, nəhayət, “dərin dövlət” anlayışı var...

Qalib Tramp isə bu gün Floridadakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı Amerika üçün “qızıl dövr”ün başladığını söyləyib. Yeni-köhnə prezident hesab edir ki, son seçkilərdə o, “Amerika xalqı üçün heyrətamiz qələbə” qazana bilib və bunun sayəsində “ABŞ-ı təzədən möhtəşəm edəcək”.

Necə? “Möhtəşəm” deyəndə nəyi nəzərdə tutur?

Görəcəyik. Bu, sözsüz ki, onun quracağı komandadan da asılı olacaq. Əgər hökuməti peşəkarlardan, yəni qlobal və regional siyasəti, dünya iqtisadiyyatını dərindən bilənlərdən ibarət olacaqsa, onda dünya üçün, sülh və təhlükəsizlik üçün pozitiv nəticələrə gətirəcək balanslı, ağıllı qərarların çıxarılacağına ümid bəsləmək olar, nəinki dünyanın tarazlığını bir az da pozacaq impulsiv qərarlara...

Bizim üçün isə sübhəsiz, D.Tramp və komandasının Güney Qafqaza hansı diqqəti ayıracağı qat-qat önəmlidir. Əgər onun komandasında hansısa erməni, daşnak yer alsa, ola bilsin, Azərbaycanla münasibətlərdə müəyyən müvəqqəti gərginlik yaransın. Çünki həmin erməni məmur yüzdə yüz Donald Trampın yadına onun seçki kampaniyasının sonunda üzdəniraq “artsax”la bağlı verdiyi vədləri salacaq.

Bu xüsusda rusiyalı tanınmış politoloq Sergey Markovun fikirlərini qəribçiliyə salmağa dəymir. Tramp hökumətini iqtisadi inkişafa yönəlmiş praqmatik siyasət yürüdəcəyini təxmin edən analitik bildirib: “Azərbaycan ABŞ üçün Ermənistandan qat-qat cəlbedici tərəfdaşdır. Çünki Azərbaycan iqtisadi baxımdan Ermənistandan daha təsirli və güclüdür. Azərbaycan neft-qaz resursuna malikdir. Neft-qaz isə müasir iqtisadiyyatda əsas amildir. Trampın ətrafında daha çox ermənipərəst sayılan Rama Svami, kiçik Robert Kennedi və Tulsi Qabbar kimi siyasətçilər var. Onlar dəfələrlə “artsax” terminindən istifadə ediblər və az-çox erməni lobbisinə bağlı hesab olunurlar. Əgər onlar Tramp administrasiyasında mühüm mövqelər tutsalar, Trampın siyasətinə ermənipərəst baxımından təsir göstərə bilərlər. Lakin Azərbaycan enerji layihələrini Tramp dövründə də uğurla davam etdirə biləcək” (Axar.az).

Bir şeyi əminliklə söyləmək olar ki, Trampın budəfəki 4 illik prezidentliyi əvvəlkindən keyfiyyət baxımından bəzi prinsipial məqamlarda fərqlənəcək. Hər necə olmasa, o indi siyasətçi kimi daha təcrübəlidir. Deməli, komandasını daha təcrübəli şəxslərdən qurmağa çalışacaq. Ümid edək ki, bu zaman erməni təbliğatına uymayacaq, ilk növbədə özünün bəyan elədiyi kimi, Amerikanın köklü maraqlarını üstün tutacaq.

Onu da əminliklə yaza bilərik ki, biznes (kommersiya) dünyasını təmsil edən prezident olaraq, D.Tramp Co Bayden kimi mənasız “demokratiya sammit”ləri keçirib ora Türkiyə və Azərbaycan kimi regionun ağır çəkili, sözünün ağası olan dövlətləri yox, Ermənistanı və Paşinyanı dəvət etmək kimi yanlışlıqlara, Bakı və Ankaranı incidəcək səhvlərə imza atmayacaq.

Millətimiz və dövlətimiz üçün xeyirlisi...

06.11.2024 14:47
1692