ABŞ-da baş verən son hadisələr bütün dünyada siyasi şok yaşanmasına səbəb olub. Hazırda ABŞ-ın dostları, rəqibləri, hətta düşmənləri belə, baş verənlərə reaksiya göstərirlər. Üstəlik, bu reaksiyalar məzmun etibarilə Bayden administrasiyasının siyasi maraqlarına zidd xarakter daşıyır. Və bu baxımdan, hələlik biruzə verilməsə də, əslində, böyük ehtimalla ən ağır şoku hazırda məhz Bayden administrasiyasının yaşadığı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, ABŞ prezidenti postuna iddia edən Donald Trampa qarşı sui-qəsd cəhdi edilib. Respublikaçıların prezidentliyə namizədi tərəfdarları qarşısında çıxış edərkən, ona beş dəfə atəş açılıb. Donald Tramp sağ qalsa da, qulağından yaralanıb. Mühafizə xidmətinin əməkdaşları onu tez-tələsik tribunadan uzaqlaşdırmağa nail olublar. Və bununla da ABŞ-da seçki marafonunun ən təhlükəli mərhələsi artıq başlamış kimi görünür.
Təbii ki, hazırda əsas müzakirə mövzuları sırasında, dəstək ifadə edən bir çox dövlət liderinin və məşhur şəxsin prezident adlandırdığı Donald Trampa qarşı sui-qəsdin arxasında kimlərin ola biləcəyi ilə bağlı müxtəlif versiyalar ön plana keçib. Həmin versiyaların sırasında seçki məğlubiyyəti təhlükəsi ilə üzləşmiş Bayden administrasiyasının siyasi maraqları da mövcuddur.
Halbuki, bu versiya hazırda qətiyyən inandırıcı görünmür. Hər halda, əgər, sifariş Ağ Evdən verilmiş olsaydı, onun icrası təcrübəsiz cinayətkara tapşırılmazdı və ümumiyyətlə, Donald Tramp indi sağ olmazdı. Və bu baxımdan, Bayden administrasiyasının bu müəmmalı sui-qəsd cəhdinə bulaşma ehtimalına inanmaq daha çox sadəlövhlük təsiri bağışlayar.
Deməli, digər versiyaların üzərinə yönəlmək lazım gələcək. Onlardan birisi isə məhz Donald Trampın piar məqsədilə belə bir olayda maraqlı ola biləcəyi ilə bağlıdır. Şübhəsiz ki, baş verən hadisə müəyyən mənada, xüsusilə də, nəticə etibarilə Donald Trampın siyasi maraqlarına cavab verir. Ancaq burada başqa önəmli məqamlar da var. Belə ki, Donald Tramp seçki maraqlarınında əsas rəqibi prezident Co Baydeni onsuz da ciddi şəkildə üstələyirdi. İctimai rəy sorğularında Donald Tramp bütün istiqamətlər üzrə prezident Co Baydendən həlledici səviyyədə öndədir.
Belə olan təqdirdə, prezidentliyə namizəd Donald Trampın öz şəxsi həyatı ilə bu qədər təhlükəli səviyyədə risk edəcəyinə inanmaq çox çətindir. Çünki güllə onun qulağına dəyib, əgər, bir neçə santimetr fərq olsaydı, Donald Tramp məhz başından vurulmuş olacaqdı. Donald Tramp isə təcrübəli siyasətçi olmaqla yanaşı, həm də öz şəxsi təhlükəsizliyinə həssas biznesmendir. Yəni, Donald Tramp hər şeylə "al-ver" edər, ancaq şəxsi həyatını bu sıraya qatmaz. Və belə anlaşılır ki, bu sui-qəsdin arxasında Donald Trampın olma ehtimalı real deyil.
Ancaq bu siyasi cinayətin Donald Trampın prezident seçilməsini istəməyənlər tərəfindən törədildiyi isə qətiyyən şübhə doğurmur. Üstəlik, həm ABŞ-da, həm də dünyada Donald Trampın yenidən Ağ Evə yerləşməsini istəməyənlər, hətta bundan ciddi şəkildə narahat olanlar kifayət qədər çoxdur. Hər halda, D.Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə, dünyada bir çox proseslərin istiqamət və məzmun dəyişəcəyini elə indidən təxmin etmək mümkündür. Və bu, Qərbdə bir çoxlarının maraqlarına qətiyyən cavab vermir.
Məsələ ondadır ki, Donald Tramp Ukrayna savaşını sona çatdıracağını hələ seçkiyə bir il qalmışdan rəsmən bəyan edib. Eyni zamanda, Yaxın Şərqdə yaşanan hərbi prosesləri də sakitləşdirəcəyinə söz verib. NATO-nun gələcək taleyinə də aydınlıq gətirəcəyi barədə sərt açıqlamalar ilə diqqəti çəkib. Və bütün bunlar Donald Trampa qarşı siyasi aqressiyanı stimullaşdıra biləcək faktorlar sayıla bilər.
Onu da nəzərə almaq lazımdır ki, Donald Trampın vədləri nüfuzlu silah şirkətlərinin və neft sənayesinin maraqlarına böyük təhlükə yarada bilər. Hər halda, Bayden administrasiyası dönəmində bu iki istiqamət üzrə biznesə sahib olanların daha da varlandıqları inkaredilməz reallıqdır. Hətta bəzi ehtimallara görə, özünü idarə etməkdə çətinlik çəkən prezident Co Baydeni hakimiyyətə gətirməkdə əsas məqsəd elə məhz Donald Trampın həllinə çalışdığı problemlərin yaradılmasına nail olmaq olub. Və Donald Trampın hələ prezident seçilmədən belə, Ukrayna savaşının dayandırılması prosesinə artıq liderlik etməsi Qərbdə bəzi siyasi dairələri ciddi şəkildə qıcıqlandırır.
Göründüyü kimi, Donald Tramp əslində, seçki ərəfəsində Qərbdə bir çoxlarına kifayət qədər ciddi problemlər yaratmağa başlayıb. Bu baxımdan, onun yenidən prezident seçilməsinin beynəlxalq məkanda indikindən daha fərqli situasiya yaradacağı qətiyyən şübhə doğurmur. Belə olan təqdirdə, Donald Trampın can atdığı Ağ Evə yolunun qapadılmasına yönəlik cəhdlər əslində, o qədər də təəccüblü deyil. Bir müddət öncə Bayden administrasiyası hətta Donald Trampı məhkəmə yolu ilə seçki marafonundan kənarlaşdırmağa cəhd göstərmişdi.
Maraqlıdır ki, məhkəmə prosesi ilə həbs edilmək təhlükəsinə tuş gətirilən Donald Tramp hüquqi bloklamanı açmağı bacardı. Ona görə də, keçmiş Ağ Ev sahibinin fiziki cəhətdən aradan götürülməsinə yönəlik cəhdlərin də göstərilməsi ABŞ-da olduqca təhlükəli siyasi mərhələyə keçid edildiyini sezdirir. Və əgər, Donald Tramp seçkilərə qatılmaq şansını qoruyarsa, onun prezident seçiləcəyini elə indidən təxmin etmək mümkündür.
Belə anlaşılır ki, ABŞ-da prezident seçkilərinə hələ bir neçə ay qalsa da, onun mütləq qalibi artıq indidən məlum oldu. Belə ki, Donald Tramp prezident Co Baydeni onsuz da üstələyirdi. Donald Trampa qarşı sui-qəsdin ardından onun seçkidə qalib gəlmə şansının 75 faizin üzərinə çıxdığı bildirilir. Bu isə o deməkdir ki, Donald Trampı hədəfə alanlar, əslində, prezident Co Baydeni "vurmuş" oldular. Və bu baxımdan, yaxın həftələrdə seçki marafonu daha təhlükəli məzmun da ala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu