Trampdan Tayvana silah yağışı – Pekin qəzəbləndi


Vaşinqtonla Pekin arasında yeni gərginlik mövzusu yaranıb. ABŞ hökumətinin  sözçüsü Çin hökumətinin bu yaxınlarda vətəndaşları “Tayvanın müstəqilliyini” müdafiə edən şəxslər haqqında məlumat verməyə çağıran tələbini “məsuliyyətsiz” adlandırıb".

Bu barədə Musavat.com-a Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, Dövlət departamentinin bir başqa rəsmisi bildirib ki, “Çinin özəl şəxsləri “Tayvanın müstəqillik əlaltıları və ortaqları” tərəfindən iddia edilən “təqib və ya basqı” haqqında məlumat verməyə çağırması həm məsuliyyətsizlik, həm də qınaq doğurur”.

"Rəsmi qeyd edib ki, bu hərəkət Pekinin Tayvana və müttəfiqlərinə qarşı "qorxuducu kampaniyası"nın bir hissəsidir və onlar iddia edirlər ki, "qlobal miqyasda söz azadlığını təhdid edir, Hind-Sakit okean regionunda sabitliyi pozur və boğazlararası status-kvonu qəsdən pozur”.

Göründüyü kimi, Vaşinqtonda hesab edirlər ki, Çin Kommunist Partiyasının "təhdidləri və hüquqi təzyiqləri" bölgədə mövcud gərginliyi artırır və Tayvan boğazı boyunca sülh və sabitliyi təhdid edir. Bütün hallarda Vaşinqton Tayvanı dəstəkləməkdən imtina etməyəcək. Halbuki, Vaşinqton “vahid Çin” konsepsiyasının əleyhinə deyil. Vaşinqton eyni zamanda Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir.

Pekin siyasətində israrlıdır, Tayvanı Çinə birləşdirmək siyasətində geri addım atmayacaq. Pekinin Rusiya-Ukrayna müharibəsinin gedişini diqqətlə izləməsinin səbəblərindən biri də Tayvanla bağlıdır. ABŞ Rusiyanın Ukraynanın bir hissəsinə hakim olmasını qəbul edərsə, Pekin də eyni arqumentdən çıxış edərək Tayvanı Çinə birləşdirmək siyasətində fəallaşacaq. ABŞ Prezidenti Donald Tramp hələ ki, Tayvan mövzusunda açıqlama verməyib. Ancaq biznesmen olan Tramp Tayvana milyardlarla dollar həcmində silah və hərbi texnika satmaq siyasətinə də üstünlük verib. Bundan başqa Tayvan texnoloji şirkətləri ABŞ-a yatırımlar qoymağa başlayıblar. Bunun məqsədi Vaşinqtonun Tayvanı Çinin birləşmə siyasətindən qorumasıdır".

Politoloq vurğulayıb ki, bütün bu amillər Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirib.

Xalidə Gəray
Musavat.com

01.04.2025 14:13
374