Ağ Ev ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın qeyri-qanuni mühacirlərin ölkəyə “pis genlər” gətirməsi ilə bağlı açıqlamalarını “nifrət dolu çıxış” adlandırıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, iştirak etdiyi verilişdə radio aparıcısı Hyu Hyuittin suallarını cavablandıran Tramp ABŞ-dakı qeyri-qanuni mühacirlərlə bağlı açıqlamalar verib.
ABŞ-a qeyri-qanuni yollarla daxil olan bir çox immiqrantın qətl törətdiyini və bunun ölkəyə gələn qeyri-qanuni mühacirlərin genlərində gəldiyini iddia edən Tramp deyib: "Onlar indi ABŞ-da xoşbəxt yaşayırlar".
Tramp əlavə edib ki, hazırda ABŞ-də həddən artıq çox pis gen var. “Ölkəmizə burada olmaması lazım olan 425 min cinayətkarı gətiriblər", - eks-prezient deyib.
Digər tərəfdən, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik mətbuat brifinqində Trampın sözlərini “nifrət dolu” və “iyrənc” adlandırıb.
Bu cür ifadələri rədd etməyə davam edəcəklərini vurğulayan Jan-Pyer deyib ki, bu iyrənc, yersiz və nifrət dolu dilin ölkəmizdə yeri yoxdur.
"Biz bir araya gəlmək hüququna hörmət etməliyik, icmaları bir-birindən ayırmamalıyıq", - K.Jan-Pyer bildirib.
Qeyd edək ki, vaxtaşırı olaraq Trampın çıxışlarında başqa ölkələrdən olan mühacirlərə qarşı şovinist və irqçi ifadələr yer alır.
Musavat.com