Trampa qarşı sui-qəsddə CNN versiyası – İran izi?   

 

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı hazırlanan sui-qəsd təşəbbüsündə İranın barmağı ola bilər.

 Musavat.com-un məlumatına görə, bu versiyanı CNN telekanalı irəli sürüb. Telekanalın iddiasına görə, ABŞ səlahiyyətliləri bir neçə həftə əvvəl İranın Trampa qarşı sui-qəsd planlaşdırması barədə məlumat alıb və bundan sonra Məxfi Xidmət onun mühafizəsini gücləndirib. Nəşr onu da vurğulayıb ki, Trampa atəş açan 20 yaşlı Tomas Metyu Kruksun sözügedən planla hər hansı əlaqəsi olduğuna dair heç bir sübut yoxdur. Bəs, bu versiya nə qədər inandırıcıdır? İran indiki anda ABŞ-da ən yüksək səviyyədə qorunan bir şəxsə terror hadisəsi planlaşdıra bilərmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bu kimi ciddi iddialar barədə söz demək üçün mütləq istintaqın nəticəsini gözləmək lazımdır: “CNN isə nədənsə hər hansı rəsmi qurumlar tərəfindən təsdiqlənməmiş məlumat yayır. Görünür, bu məlumatın tirajlanmasında ictimai rəyin diqqətini ölkə xaricinə yönəltmək məqsədi güdülür. Bu da əsl şübhələniləcək ünvanın CNN-nin aid olduğu güc mərkəzləri ola biləcəyini göstərir”.

ABŞ təhlükəsizlik güclərinin İrandan gələ biləcək təhdidlərə qarşı hazırlıq tədbirlərini artırmasının başadüşülən olduğunu vurğulayan siyasi şərhçinin fikrincə, amma bu, hansısa konkret nəticələr çıxmaq üçün yetərli dəlil deyil: “Məsələ burasındadır ki, istənilən təhlükəsizlik qurumu ağla gələn bütün versiyaları gözdən keçirməli və ona qarşı tədbirlər görməlidir. Amma bu o demək deyil ki, proflaktik tədbiri alınan bütün versiyalar mütləq reallaşacaq və ya onun ətrafında baş verən hadisələrlə birbaşa əlaqəsi var. Şəxsən mənim fikrimcə, Trampa qarşı sui-qəsd planının hazırlanmasında İrandan çox ABŞ-ın daxilindəki bir-biri ilə amansız mübarizə aparan qüvvələrdən şübhələnmək daha doğru olardı. Ən azı o səbəbdən ki, planın icraçısı 20 yaşlı gənc terrorçu bütün təhlükəsizlik baryerlərini keçib hədəfinə 100 metrə qədər yaxınlaşa bilib. Hətta Trampın mühafizəsini təşkil edənlər bu şübhəli şəxsi görüb və vaxtında zərərsizləşdirməyiblər. Sözsüz ki, bütün bu hadisələr adi təhlükəsizlik xətası sayıla bilməz. Mümkündür ki, Trampın öldürülməsində ABŞ dərin dövləti də maraqlı olsun. İndi isə günahı onun-bunun üstünə atmaqla məsuliyyətdən yayınmaq istəyirlər”.

İranın bu hadisədə günahlandırılmasında Tehranın da günahının az olmadığına diqqət çəkən Heydər Oğuz qeyd etdi ki, cənub qonşumuz indiyə qədər öz məsuliyyətsiz bəyanatlarının nəticələri ilə qarşılaşıb və bu gün də qarşılaşmaqdadır: “Fakt budur ki, 2020-ci ilin yanvarında ABŞ İran generalı Qasım Süleymanini Bağdadda qətlə yetirəndə İran qisas bayrağı qaldırdı və Trampı hədəf göstərdi. Bəyan etdilər ki, nəyin bahasına olursa-olsun, ABŞ prezidentindən qisas alacaqlar. Görünür, İranı hədəfə çevirmək istəyənlər 4 ildən də artıq bir müddətdə verilən bu bəyanatı indi onun əleyhinə istifadə etməyə çalışırlar. Halbuki, İranın o zamankı qisas andı sadəcə daxili auditoriya üçün nəzərdə tutulmuşdu və bunu Trampın özü də dəfələrlə dilə gətirib”.

Heydər Oğuzun fikrincə, İran xüsusilə son zamanlar ABŞ-la qarşı-qarşıya gəlməmək üçün əlindən gələni edir: “İsrailin Qəzzaya hücumu zamanı əsas hədəflərdən birinin də özünə bağlı proksi dəstələrinin olduğunu anlayan İran dərhal SEPAH-ın Qüds batalyonunun komandiri İsmail Qaanini İraq və Suriyaya göndərdi. Proksi qoşunlarının rəhbərləri ilə görüşən Qaani onları təmkinli olmağa dəvət etdi. Və həqiqətən də İranın proksi qüvvələri bacardıqları qədər səbirlə hadisələrə qarışmamağa  çalışdılar. Görünən budur ki, İranın bu mövqeyi belə, ABŞ-dakı müəyyən dairələri qane etmir. İranla İsrail arasında gərginliyi artıraraq cənub qonşumuzu vurmaq niyyətindədirlər”.

İranın İsrailə raket hücumları zamanı bu ölkəni dişinə vuran yəhudi lobbisinin gözlədiklərindən daha zəif bir qüvvə ilə qarşılaşdıqlarına inanan həmsöhbətimiz hazırda yaşananların da sözügedən “dişəvurma”nın məntiqi nəticəsi olduğunu düşünür: “Açığını deyim ki, İran bu zamanadək ABŞ-ın strateji müttəfiqi İsraili vurmaqla təhdid edirdi. Bu təhdidini konkret dilə gətirməsə də, istehsal etdiyi silahların İsrailə çatacaq mənzildə olduğunu gizlətmirdilər. Sanki bununla demək istəyirdi ki, ABŞ-dan və ya Avropadan təhlükə hiss edəcəyim an İsraili vuraram. Amma İranın bu təhdidi İsrailə aprel hücumu zamanı ortadan qalxdı. İsrail ona atılan raketlərin 95-97 faizini havada zərərsizləşdirə bildi.  Yerə düşən raketlər belə hədəfə dəyməmişdi. Nəticədə İranın bu təhdidi ortadan qalxdı. Məhz bu səbəbdən də İsrail ABŞ-ı da yanına alaraq İranla son hesablaşmalara başlamaq niyyətindədir. İndiyədək Bayden hakimiyyəti İsrailin bu niyyətinin qarşısını almağa çalışırdı. İsrail də bütün ümidlərini Tramp hakimiyyətinə bağlamışdı. Trampın hakimiyyətə gəlmək ehtimalı gücləndikcə, İrana gözlənilən hücumun əsasları da yaradılır. CNN-in bu məlumatı yayması da əslində hücumun psixoloji əsasını hazırlamaqdan başqa bir şey deyil.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

17.07.2024 14:00
646