Ukrayna savaşının tezliklə sona çatacağı artıq qətiyyən şübhə doğurmur. Qərb siyasi dairələri bu ehtimalın tamamilə inandırıcı olduğunu son vaxtlar daha açıq mətnlə etiraf etməyə başlayıblar. Üstəlik, bu etiraflarda həm məmnunluq, həm də məyusluq ifadə olunur. Çünki Ukrayna savaşının sona çatması ilə bağlı ehtimala yanaşma tərzi qətiyyən birmənalı deyil. Və bunun tərəfdarlarının olması ilə yanaşı, qəti əleyhdarları da kifayət qədərdir.
Onu qeyd etmək lazımdır ki, bəzi Qərb siyasi dairələri Ukrayna savaşı ilə bağlı strateji hədəflərin əhəmiyyətli hissəsinə hələ nail olunmadığı qənaətinə sahibdirlər. Onların fikrincə, Rusiyanın zəiflədilərək, öz sərhədləri daxilinə qapadılması ilə bağlı əsas strateji hədəf hələ reallıqdan çox-çox uzaqdır. Bu səbəbdən də, Ukrayna savaşının dayandırılması Rusiyanın yenidən güclənərək, beynəlxalq məkanda əvvəlki hegemon mövqelərini bərpa etməsinə geniş imkanlar aça bilər. Və bu, Avropa Birliyinin siyasi-iqtisadi, eləcə də, hərbi-strateji maraqlarına tamamilə ziddir.
Bu mövqedə israr edən Qərb siyasi dairələri hesab edirlər ki, indiki şərtlər daxilində Ukrayna savaşı dayandırılırsa, bu, Rusiyanın strateji hərbi qələbəsinə çevrilə bilər. Bu halda, Kremlin bütün hərbi-siyasi kaprizləri ilə mütləq hesablaşmaq lazım gələcək. Nəticədə ilk növbədə məhz Avropa məkanı daim Rusiyanın hərbi təhdidləri qarşısında qalacaq. Üstəlik, yaxın on ildə Avropa Birliyi ölkələri Rusiyaya qarşı hərbi müqavimət potensialına malik olmayacaqlar. Və Kreml öz hərbi-siyasi iradəsini "qoca qitə" ölkələrinə diqtə etmək şansı qazanacaq.
Təbii ki, bütün bu mülahizələrdə müəyyən reallıq payı olmamış deyil. Ancaq Ukrayna savaşının yekunlaşdırılmasına tərəfdar olan Qərb siyasi dairələrinin də arqumentləri kifayət qədər əsaslıdır. Onların fikrincə, Ukrayna savaşı NATO və Avropa Birliyi ölkələri üçün artıq daşınması çox çətin olan yükə çevrilib. Qərb ölkələri Ukrayna ordusunun hərbi texnika ilə təchiz olunması üçün maliyyə qaynaqları tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Və bu, həmin ölkələrin dövlət büdcələrində "maliyyə yırtıqları" yaratmaqla yanaşı, həm də sosial-iqtisadi böhranı dərinləşdirir.
Digər tərəfdən, Rusiyaya qarşı iqtisadi sanksiyaların Avropa məkanında bumeranq effekti yaratması da önəmli arqumentlərin sırasına daxildir. Avropa Birliyi son vaxtlar Rusiyaya qarşı sanksiyaların ağır zərbələrini daha çox hiss etməyə başlayıb. Xüsusilə də, Rusiya neft və təbii qazından imtina edən "qoca qitə" ölkələri indi enerji resurslarına olan ehtiyaclarını ABŞ və ərəb ölkələrinin hesabına daha baha qiymətə ödəmək məcburiyyətində qalıblar. Və üstəlik, indi Avropa Birliyi həm ABŞ, həm də Çinlə iqtisadi-ticari rəqabətdə tədricən geri düşməyə başlayıb.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında olduqca qəliz situasiya yaranıb. Bu savaşın dayandırılmasına yönəlik ziddiyyətli arqumentlərdə hər iki tərəf haqlı görünür. Çünki Ukrayna savaşı dayandırılacağı təqdirdə, bu, Rusiyanın qələbəsi olmaqla yanaşı, Avropa məkanını hərbi təhdidlər qarşısında buraxa bilər. Savaşın davam etdirilməsi isə Avropa Birliyi ölkələrinə olduqca ağır sosial-iqtisadi böhran təhlükəsi vəd edir. Və bu iki variantdan hər hansı birinin reallaşması da hazırda Avropa Birliyi ölkələrinin mövqeyindən qətiyyən asılı olmadığından, "qoca qitə" yaxın gələcəkdə "hərbi depressiya" dövrünü yaşamaq məcburiyyətində qala bilər.
Məsələ ondadır ki, indi Ukrayna savaşının gələcək taleyini məhz Tramp administrasiyasının verəcəyi prinsipial qərar müəyyən edəcək. ABŞ-ın yeni prezidenti Donald Tramp seçki qabağı verdiyi vədlərə sadiq qalacağını açıq-aşkar sezdirir. Belə ki, Ağ Evin yeni sahibi Ukrayna savaşının dayandırılması istiqamətində ilkin addımların atılmasına artıq başlayıb. Hətta bəzi məlumatlara görə, yeni prezident Donald Trampın təmsilçiləri Kremllə səhnə arxası danışıqların aparılmasına start veriblər. Və bu, Ukrayna siyasi dairələri tərəfindən ciddi narahatlıq ilə qarşılanmaqdadır.
Maraqlıdır ki, rəsmi Kiyev Ukraynanın maraqlarına zidd sülh planının reallaşma ehtimalı ilə barışmağa başlayıb. Belə ki, Tramp administrasiyasının əsas məsələnin itirilmiş ərazilərin geri qaytarılması deyil, məhz Ukrayna dövlətinin mövcudluğunu qorumaq olduğuna yönəlik eyhamlar vurması rəsmi Kiyevə mesaj xarakteri daşıyır. Bununla rəsmi Kiyevə xəbərdarlıq edilir ki, əgər, ərazilərin itirilməsi hesabına sülh sazişi ilə razılaşmasa, ABŞ və Qərb hərbi dəstəyi tamamilə dayandıracaq. Və bu halda, ümumiyyətlə, Ukraynanın mövcudluğu real təhlükə altına düşə bilər.
Onu da qeyd etmək lazımdır ki, prezident Volodimir Zelenski də yaxın vaxtlarda Ukrayna savaşının sona çata biləcəyini etiraf edib. Onun fikrincə, dəqiq zaman məlum olmasa da, Tramp administrasiyasının bu istiqamətdə göstərdiyi israrlı cəhdlər savaşın sona çatma ehtimalını ciddiləşdirir. Prezident Volodimir Zelenskinin bundan məmnun olduğununa yönəlik hər hansı mesajdan yayınması isə sülh prosesinin rəsmi Kiyevi siyasi iradəsindən kənarda olduğunu da biruzə verir. Və baş verənlərin Ukraynanın milli maraqlarına zidd, yaxud da ağır zərbə olduğunu anlamaq isə o qədər də çətin deyil.
Belə anlaşılır ki, Donald Tramp Ukrayna dövlətçiliyi üçün əsas təhlükəyə çevrilməkdə olan "siyasi qasırğa" rolunu oynamağa başlayıb. Hər halda, indi Tramp administrasiyasının mövqeyi Ukraynaya ən yaxşı halda, böyük bir ərazi itkisi vəd edir. Daha sonrakı mərhələdə yenidən bərpa edilməsinə yüz milyardlarla dollar maliyyə vəsaiti lazım olacaq Ukraynanın daha da parçalanaraq, qonşu ölkələr arasında bölüşdürülmıyəcəyinə isə heç bir təminat yoxdur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu