Tramp yenidən prezidentdir: Nə dəyişəcək?..  

 

Tramp yenidən, daha dörd il ABŞ prezidenti seçildi. Bəli, ABŞ proteksionizmi növbəti dəfə ABŞ qlobalizminə və liberalizminə qalib gəldi. “Amerika eqo”su yenə üstün oldu və dünənki mühacirlərin bugünkülərə qısqanc münasibəti bir daha ABŞ-ın böyük siyasətində özünün neqativ təzahürünü tapdı, halbuki belə olmamalı idi, çünki ABŞ-ın tarixən mühacir ölkəsi olması bir tərəfə, bu ölkənin də bütün böyük və inkişaf etmiş dövlətlər kimi hər il milyonlarla mühacir işçiyə ehtiyacı olur. Fəqət, əski mühacirlər ölkəsi yenə də özünü onu yeni miqrant dalğasından “qoruyacaqlarını” vəd edənlərə “təslim etdi”...

Bəli, qlobal miqyasda daim dörd fundamental azadlığa (kapitalın, məhsulların, işçi qüvvəsinin və xidmətlərin sərbəst hərəkəti!) təkan verən, hətta onlara lobbiçilik də edən ölkə onun nəinki dabanlarını tapdayan və hətta bir çox iqtisadi parametrlərə görə ondan önə çıxan (ilk növbədə “səmaaltı” Çin!) bəzi iqtisadi rəqiblərini dayandırmağa, özü də ən kobud üsullarla dayandırmağa çağıranlara səs verməli oldu...

Təkcə peşəkar siyasətçilərin və təhlilçilərin deyil, hətta ən sadə siyasi müşahidəçilərin də Trampın təkrar seçilməsinin bütün mümkün nəticələrini ciddi şəkildə müzakirə etmək və yeni ABŞ prezidentinin ciddi iz buraxa biləcəyi əsas siyasi və iqtisadi istiqamətləri müəyyən etmək üçün yetərincə vaxtları oldu.

Bu istiqamətlər-vektorlar demək olar ki, hamıya məlumdur. Bu ilk növbədə hazırda davam edən Yaxın Şərq və Ukrayna münaqişələridir. O, əgər bütün seçki kampaniyası dövründə az qala, hər gün Ukrayna münaqişəsini sayılı günlər ərzində dayandıracağını vəd edirdisə, digər problem – Yaxın Şərq münaqişəsi haqqında bunun əksini bəyan edir və hazırki ABŞ hökumətini tənqid edirdi ki, o, İsrailə yetərincə dəstək vermir. Təsadüfi deyil ki, İsrail baş naziri B.Netanyahu onu təbrik edən ilk dünya liderlərindən biri oldu...

Prinsipcə, burada xüsusi həyəcan və narahatlıq üçün elə bir əsas yoxdur, bir çox dünya ölkələri belə hesab edirlər ki, qoy, Donald Tramp İsrailə dəstək versin (onların arasında əsas ərəb ölkələri də var!). Ona görə ki, Təl-Əviv regional terrorizmə qarşı müharibə aparır, xüsusən də HƏMAS və Hizbullah kimi terrorçu təşkilatlarla vuruşur.

Hizbullahı hətta, səhv etmirəmsə, Ərəb Dövlətləri Liqası da terrorçu təşkilat kimi tanıyıb – bəli, İsrail ilk növbədə regional terrorçu şəbəkəyə qarşı vuruşur və bu regional terror şəbəkəsi dolayı yolla hətta bizim Azərabaycanın da təhlükəsizliyinə təhdid yaradır, baxmayaraq ki, ölkəmiz Yaxın Şərq “geosiyasi pilitə”sindən xeyli kənarda yerləşir...

Baxın, Hizbullahın yeni lideri bu yaxınlarda dedi ki, onların məqsədi İsraili məhv etməkdir. Bəli, o, demir ki, məqsədləri Qəzzadakı və Livandakı müharibənin qarşısını almaq, Fələstinin müstəqil dövlət kimi təsdiq olunmasına nail olmaqdır, yox, deyir ki, məqsədimiz İsraili məhv etməkdir, halbuki artıq ərəb dövlətləri də (bir vaxt məşhur “Xartum sazişi”ndə bəyan edilənin əskinə olaraq!) belə kateqorikliyi və kəskin münasibəti bölüşmürlər. Amma burada bir məqam var ki, onu gərək, Tramp da, yeni ABŞ administrasiyası da nəzərə alsın. O, da budur ki, uzağı bir təşkilat terrorçu olur, heç bir halda bütün millət terrorçu olmur və bu baxımdan yanaşanda heç də bütün Qəzzada yaşayanlar və hətta livanlı şiələrin heç də hamısı terroçu deyillər. Amma müharibə ərzində Qəzzada nə qədər dinc insan həlak olub, bölgə nə boyda böyük humanitar fəlakət yaşayır! Bəli, Dünya birliyi gərək, bu məqamı nəzərə alsın...

Ümumilikdəsə, Trampın İsrail yönümlü bəyanatları hətta Yaxın Şərqdə heç də bütün “aktor”ları həyəcanlandırmır, narahat etmir. Amma bunu digər münaqişə - Ukrayna problemi haqda demək olmur. Burada qeyd etmək lazımdır ki, Tramp sonuncu məsələ ilə bağlı ilk dəfə danışmırdı və “erməni məsələsi”ndən fərqli olaraq, bunu seçki və seçilmək xatirinə də demirdi. Birinci idarəçiliyi dövründə o, hətta NATO-nun kuluarlarında Ukraynanı açıq şəkildə “korrupsiyalaşmış ölkə” adlandırır, Krımı Rusiyaya verməyə çağırır, hətta prezident V. Putinə “özünün yaxın dostu” deyirdi!..

Nə demək olar? Əlbəttə, Tramp Ukrayna müharibəsini dayandırsa, çox yaxşı olar.

Məsələ təkcə onda deyil ki, bu müharibə asanlıqla üçüncü Dünya müharibəsinə transformasiya edə bilər, xüsusən də belə xəbərlərdən sonra ki, on mindən çox Şimali Koreya əsgəri və zabiti Moskvanın tərəfində vuruşmağa başlayıb! Düzdür, bu müharibə, əslində, heç vaxt sırf Rusiya-Ukrayna müharibəsi olmayıbdı, amma indi o, aşkar bir şəkildə kollektiv, az qala, Dünya və ya ən azı, regional müharibə çalarları alır.

Ona görə də müharibəni həqiqətən də dayandırmaq lazımdır. Amma sual yaranır: nəyinə bahasına? Doğrudanmı, ukraynalılar üç il qəhrəmancasına müqavimət göstərəndən sonra yenə də razılaşmaq lazım gəlir ki, Ukraynanın parçalanması, Rusiya ilə Qərb arasında bölünməsi labüddür?..

Açığı, bizə də elə gəlir ki, bu müharibəni necəsə dayandırmaq lazımdır, çünki çox götür-qoy edəndən sonra belə qərara gəlməyə məcbur olursan ki, Kiyevə nə qədər kömək etsən də, o, yenə də Moskva üzərində hərbi qələbə çala bilməyəcək. Ukraynalıların üç il müqavimət göstərə bilməsinin özü artıq böyük fədakarlıq, qəhrəmanlıq və hətta nəticədir – bəli, Kremlin sürətli hərbi qələbə ilə bağlı ümidləri doğrulmadı və bir daha deyirik ki, bunun özü də böyük nəticədir. Ona görə də hələ gənc Ukraynanı son möhkəmlik həddinə qədər sınamaq lazım deyil, gənc ölkə və Ukrayna xalqı buna davam gətirməyə də bilər. Həm də Ukrayna müharibəsilə digər Avropa xalqlarının gözündə Rusiya təhlükəsinə real məzmun vermək, NATO - nun “laxlaması”nın bu yolla qarşısını almağa çalışmaq, yumşaq şəkildə desək, heç də ən əxlaqlı yol deyildir. Amma Ukraynanı Rusiya ilə təkbətək qoymaq da, bu gənc ölkənin torpaqlarını Rusiya işğalında saxlamaq, ən əsası da, onların bir hissəsindən Moskvaya pay vermək qəti olmaz! Fəqət, Tramp seçiləndən sonra təkcə ukraynalılar yox, hətta avropalılar da narahatdırlar ki, Amerika onları müharibədə Rusiya ilə təkbətək qoyacaq. Bir daha deyirik ki, müharibə dayanmalıdır, amma Ukrayna üçün əlverişli bir şəkildə!

Sonuncu Valday diskussiya klubunda V.Putin dedi ki, neytral və nüvə silahına malik olmayan Ukrayna ilə guya razılaşa bilərlər. Olsun! Nüvə silahını hələ doxsanıncı illərdə Ukraynadan aldılar və səhv etmiriksə, ABŞ da bunu istədi! Neytral Ukrayna məsələsinə gəldikdə isə, zənnimizcə, bu da məqbuldur. Qoy, Ukrayna Avropa İttifaqı ilə yaxınlaşsın, amma NATO-nun üzvü olmasın – axı bir vaxt Kreml də deyirdi ki, guya onlar Avropa İttifaqı ilə NATO-nu bir-bərabər tutmurlar!...

Burada yeni ABŞ prezidentinin NATO-ya soyuq münasibətini də qeyd etmək lazımdır. Əlbəttə, indi İkinci Dünya müharibəsindən sonrakı ilk illər deyil, Avropa ölkələri çox inkişaf edib, tox və varlıdırlar. Ona görə də öz təhlükəsizliklərini təmin etməkçün daha artıq xərc çəkə bilərlər. Bununla heç kim mübahisə etmir. Hətta onu da qeyd edək ki, avropalılar “öz NATO-ları”nı yaratmaq istəklərini də gizlətmirlər, amma real NATO-ya maliyyə inyeksiyalarını artırmağa elə də həvəs göstərmirlər. Bunun da ən böyük səbəbi budur ki, Avropa İttifaqının özünün də geosiyasi ambisiyaları var və onlar amerikalılardan elə də asılı olmaq istəmirlər, halbuki insaf xatirinə demək lazımdır ki, indiki Avropa İttifaqı haradasa, 50 faiz ABŞ –ın dəstəyinin və köməyinin nəticəsində mümkün olub! Odur ki, NATO-nun üstündən xətt çəkmək hələ tezdir, xüsusən də o vaxt ki, Dünyada ona “alternativlər” yaratmaq üçün çox böyük cəhdlər müşahidə olunur: BRİCS-in, məsələn, daha bir sammiti – Kazan toplantısı buna sübut olmadımı? Üstəlik, Rusiya Ukrayna müharibəsini başlamaqla hesab edir ki, artıq Dünyada çoxqütblülüyü təmin edibdi! Bəli, NATO-nun da geosiyasi maraqları var, o, da özünün geosiyasi təsir coğrafiyasını genişləndirməyə çalışır, amma bunu Rusiyadan daha taktik, korrektcəsinə edir, başqa xalqlardan nəsə alırsa, əvəzində həm də çox şey verir! Rusiya isə 21-ci əsrdə bəlkə yeganə ölkədir ki, hələ də başqasının ərazilərində gözü var, üstəlik, Ukraynadan sonra növbənin Gürcüstana və Moldovaya çatacağını deyir. Bunun özü bir daha onu göstərir ki, Ukrayna müharibəsini elə-belə, nəyin bahasına olursa –olsun, dayandırmaq olmaz, Rusiyanı da dayandırmaq lazımdır. Kremldə də başa düşməlidirlər ki, kiçik Gürcüstanın və ya Moldovanın ərazilərini özlərinə birləşdirməklə, Ukraynanın, tutaq ki, Krımını və Şərq hissəni zəbt etməklə Rusiya daha inkişaf etmiş, ruslarsa daha tox və azad olmayacaqlar – Rusiya həmişə böyük və geridə qalmış ölkə olub, gələcəkdə də olacaq, əlbəttə, ruslar daha mütərəqqi dövlət qurmayınca!..

Trampın “nəzər”ində tək NATO yox, BMT də var, hansını da ki, o, “soyuq müharibənin rudimenti” sayır, ona xərcləri azaltmağa çağırır. Amma BMT Baş katibi A.Quterriş də onu ilk təbrik edənlər sırasında idi. Sözsüz ki, Dünyada BMT ilə bağlı da çox iradlar, hətta təkliflər və planlar var, heç də hamı onun fəaliyyətindən razı deyil.

Amma BMT Dünyanı kollektiv şəkildə idarə etməyin ilk təşəbbüslərindən və cəhdlərindən biridir. Heç bundan tamam imtina etmək də olarmı? Bəlkə onu təkmilləşdirməyin yollarını aramaq daha düzgün olardı? Təəssüf ki, bunun əksini düşünənlər də az deyil, hətta bizim Azərbaycanımızda Valday diskussiya klubunu BMT Baş Məclisinin sessiyalarından üstün tutanlar var...

Beləcə, qlobal Dünyanı Trampın necə görməsi, onun Dünya panoramı haqqında müzakirələri davam etdirmək olar.

Burada Çinə də xüsusi toxunmaq və ABŞ-ın bu vaxta qədərki siyasi və geosiyasi dəyərlərinin əsas prinsipləri (səhv etmirəmsə, Kissincer buna böyük monoqrafiya həsr etmişdi!) haqqında söhbət açmaq olardı. İnanın, mənim Çinə elə bir simpatiyam yoxdur, çünki son illərdə xeyli varlansa da, qeyri-azad ölkədir, sonuncular isə təkcə bəndənizi yox, elə Dünyanın böyük kəsimini həmişə qorxudub.

Həm də Çin dünyada, səhv etmirəmsə, heç vaxt sevilən ölkə olmayıb, mən hələ onların uyğur türklərilə hazırda necə davrandıqlarını demirəm! Amma Çin iqtisadi möcüzəsi haqqında düşünərkən qeyri-ixtiyari olaraq, İkinci Dünya müharibəsindən sonra keçirilən parlament seçkilərində uduzan Uinston Çerçillin bir fikrini xatırlayıram: “Bu, demokratiyadır! Məgər biz buna görə vuruşmurduqmu?”.

Eyni sözləri Çinin və digər ölkələrin iqtisadi uğurları haqqında demək olar: bəli, bu, Dünyadakı iqtisadi azadlıqların, azad iqtisadi əməkdaşlığın və dinc iqtisadi yarışın nəticəsidir! Məgər ABŞ on illər ərzində bəşəriyyəti buna çağırmırdımı, buna öyrətmirdimi? Məgər elə NATO da, böyük qlobal iqtisadi xərclər və səylər də bunun üçün deyildimi? Məgər bu, qloballaşma ideologiyasının və fəlsəfəsinin birbaşa nəticəsi deyilmi? Məgər bu, onun təsdiqi deyilmi ki, Dünyanı eqoist, dar geosiyasi maraqlar, hətta “real-politks” də yox, əsl iqtisadi və siyasi azadlıqlar, haqlar idarə etməlidir?..

Daha azad və açıq dünya! Məgər iqtisadi və siyasi azadlıqların amerikalı ideoloqları bütün dünyanı illərlə buna öyrətmirdimi?..

Son günlərdə Rusiya kiçik Moldovada Qərbə uduzdu, onun Gürcüstandakı “qələbə”si də böyük bir sualın predmetidir: Rusiya bu ölkədə həqiqətən də qalib gəlibmi? Bunu hələ zaman göstərəcək, ən azı ona görə ki, Gürcüstanın indiki hakimiyyəti ciddi-cəhdlə özünün Moskva ilə bağlı olmadığını sübut etməyə çalışır. Amma nə qədər qəribə olsa da, bəzi müşahidəçilər hətta Trampın da qələbəsini dolayı yolla Rusiyanın geosiyasi qələbəsi kimi qələmə verməyə çalışırlar – guya Tramp Kremlin geosiyasi ambisiyalarına daha çox meydan və sərbəstlik verəcəkdir! Guya Vaşinqton daha bəzi post-sovet ölkələrinə dəstək verməyəcək, tək Ukraynanı yox, elə Moldovanı və Gürcüstanı da, hətta Rusiyanın geosiyasi orbitindən uzaqlaşmaq üçün özünün ilk ürkək, hələki qeyri-ardıcıl və ziddiyyətli addımlarını atan Ermənistanı da Rusiya ilə tamam tək buraxacaqdır!..

Prinsipcə, növbəti dörd il ərzində bütün bunlar istisna olunmur. Amma bir təsəlli var ki, Trampın cəmi dörd il vaxtı var və o, dörd il ərzində Dünyanı istədiyi kimi korlaya bilməyəcək. Bəli, Trampın seçilməsi bir daha göstərdi ki, seçkilərin taleyini “dərin dövlət” və ya “dövlət maşını” kimi anlayışlar yox, əlahəzrət seçici həll edir. Amma seçici də səhv edə bilər: məgər hamımız səhv edə-edə inkişaf etmirikmi? Üstəgəl, Tramp seçildisə, bu, o demək deyil ki, ABŞ “dövlət maşını” birfdəfəlik, tamam yox oldu, yox, onun müqaviməti hiss olunacaqdır...

Yox, biz bəzi siyasi müşahidəçilərin guya Trampı da Linkolnun, Kennedinin və b. taleyinin gözlədiyi haqqındakı dırnaqarası “proqnozlar”ını da bölüşümürük, baxmayaraq ki, bu təhlilçilər diqqəti daha bir detala yönəldirlər ki, seçki dövründə Trampa qarşı üç sui-qəsd cəhdi oldu! Bir daha deyirik ki, belə qiymətləndirmələri və ya proqnozları bölüşmürük. Bizə elə gəlir ki, zaman-zaman bəzi dəyərlər də sınaqdan keçirilməlidir. Fikirləşirik ki, demokratik ABŞ-da da bu baş verir: qlobalizm, fundamental qlobal hüquq və azadlıqlar, azad dünya dünyagörüşü insanlarçün həqiqətən dürüst seçimdirsə, amerikalılar da, elə bəşəriyyət də gec-tez ona qayıdacaq...

O ki qaldı Trampın seçilməsinin Azərbaycana və Türkiyəyə təsirinə, birincisi, prezidentlə bahəm Nümayəndələr Palatasının, səhv etmirəmsə, bütün tərkibi, Senatın üçdən biri təzədən seçildi. Bu məqam konqresmenlərin bir neçə həftə bundan əvvəl hökumətə göndərdikləri növbəti anti-Azərbaycan müraciətinə də bir daha işıq salır – zənnimcə, bir daha aydın oldu ki, bunu heç də dövlət katibi E.Blinken özü təşkil etməyib, böyük ehtimalla, ermənipərəst konqresmenlərin bir hissəsi yenə də erməni diasporasının hüsn-rəğbətini qazanmağa çalışıbdı!..

İkincisi, gəlin özümüzü ən azı mütərəqqi Dünya ilə bir tutaq, özümüzü Dünyadan ayırmayaq, Trampın seçilməsi Dünyaya necə təsir edəcəksə, bizə də elə təsir edəcəkdir!

Üçüncüsü, Trampı artıq bir dəfə görmüşük və bircə onu deyək ki, o, Azərbaycançün də, Türkiyə üçün Baydendən və Harrisdən pis olmayacaqdır, yaxşılığı dəyməsə də, pislik də etməyəcək! Necə ki, o, birinci idarəçiliyi dövründə Türkiyəyə qarşı Obamanın düzgün hərəkət etmədiyini etiraf etdi, amma vəziyyəti düzəltmək üçün özü də heç nə etmədi! Necə ki, birinci idarəçilik dövründə köməkçisi Con Boltonla Nikol Paşinyana çatdırdı ki, ölkənizin dəyişməsini və inkişaf etməsini istəyirsinizsə, regional siyasətinizi dəyişin, amma yenə də özü də, ölkəsi də bunun üçün heç nə etmədi! İndi də ən pis halda belə olacaq – yaxşılıq etməsə də, pislik də etməyəcək! İndi razı qaldınızmı?..

09.11.2024 10:55
471