3 gün sonra, noyabrın 5-də bütün gözlər ABŞ-a zillənəcək. Bu ölkə tarixində bəlkə də ilk dəfə ən kritik, ən qalmaqallı prezident seçkisi keçiriləcək. Elə bir seçki ki, dünyanın ən qüdrətli dövlətini artıq indidən iki yerə bölüb, faktiki qütbləşdirib.
Demək ki, növbəti 4 illiyə kim prezident elan edilir-edilsin, ona işləmək elə də asan olmayacaq. Söhbət iki nəfərdən birindən gedir – səsvermə gününə şanları təxminən bərabər olan sabiq prezident, respublikaçı Donald Tramp və vitse-prezident, demokrat Kamala Harris...
Maraqlıdır ki, seçkiyə bir neçə gün qalmış artıq 70 milyondan çox vətəndaş özünün erkən səsvermə hüququndan istifadə edib. Bu, ölkənin 168 milyonluq elektoratının təxminən 42%-idir (Qəribədir, hamı erkən səs verəcəksə, seçki gününə kim qalacaq?)
Daha maraqlısı isə odur ki, Tramp artıq Pensilvaniyada erkən səsvermə zamanı saxtakarlıq baş verdiyini iddia edib. Bununla o, nəyin anonsunu edir, görəsən? Erkən səs verənlər respublikaçı namizədin əleydarlarımı?..
Yada salaq ki, Tramp bir neçə dəfə bəyan edib ki, əgər o qalib olmasa, seçkiləri legitim saymayacaq. Bu o anlama gəlirmi ki, o halda ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq? Özünü “demokratiya beşiyi” sayan ölkə seçkisonrası katoklizmləri önləyə biləcəkmi?
Bəs Rusiya? Moskva yaranmış qarışıqlıqdan necə faydalana bilər – postsovet məkanında, Ukraynada, Güney Qafqazda? Suallar çoxdur və hamısı da yetərincə aktual...
Lap maraqlısı da var: bəlli olub ki, Demokratlar Partiyası səslərin hesablanması başa çatmamış Trampın öz qələbəsini elan edəcəyi təqdirdə əks-strategiya hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” partiyanın adı açıqlanmayan altı nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, Kamala Harrisin qərargahı Trampın öz qələbəsini noyabrın 5-i axşam, yəni seçki günü elan edəcəyini gözləyir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Trampa qarşı çıxmaq üçün demokratlar ilk növbədə namizədlərdən birinin rəsmi qələbəsi elan olunanadək səslərin hesablanması tələbləri ilə “sosial şəbəkələri və televiziya kanallarını zəbt etmək” niyyətindədirlər.
Demokratik Milli Komitənin yüksək rütbəli rəsmisi bu xüsusda “Reuters”ə deyib ki, “Tramp yalandan qalib gəldiyini iddia etdikdən sonra biz həqiqəti söyləmək üçün televiziyaya çıxmağa və öz təsirlərindən istifadə edərək müqavimət göstərəcək geniş insanlar şəbəkəsinə qoşulmağa hazır olacağıq”...
Görünən həmçinin odur ki, heç bir məğlub qalibi təbrik etməyəcək. Xüsusən də Donald Tramp.
Eks-prezident onsuz da 2020-ci ilin noyabrında uduzduğu Co Baydeni nəinki təbrik etməmişdi, hətta ABŞ tarixində ilk dəfə Ağ Evi tərk edən dövlət başçısı olaraq, növbəti prezidentin - Baydenin andiçmə mərasiminə qatılmamış, bununla da hakimiyyətin vərəsəliyinin təmin olunmasını əngəlləmişdi.
İndi təsəvvür edin ki, o, yenidən məğlub elan olunur. Özü də məhz Baydenin komanda üzvünə - vitse-prezidentə.
Qısası, Amerikanı böyük sabitlik sınağı gözləyir. Dəqiq olan odur ki, 5 noyabr axşamından sonra (Amerika vaxtı ilə) ABŞ-da nələrin olacağı dəqiq deyil...
Siyasət şöbəsi,
Musavat.com