Politoloq: “Onun seçkilərə qatılması ilə bağlı qərarında Maskın rolu böyük olub”
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisi onu qanunsuz təqib etməkdə ittiham edib. Bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“Harris və onun tərəfdarları məni qanunsuz olaraq təqib edir”, - Tramp bildirib. O həmçinin İranın əldə etdiyi məlumatları Harrisin tərəfdarlarına ötürdüyünü deyib.
Amerikalı milyarder İlon Mask isə deyib ki, Donald Tramp qarşıdan gələn seçkilərdə ABŞ prezidenti olmasa, ölkə tiraniya yoluna düşə bilər. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Mask sahibi olduğu X sosial şəbəkəsindəki hesabında belə yazıb: “Tramp seçilməsə, Amerika təhlükə altında olacaq. O, qalib gəlməlidir”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasından, keçmiş prezident Tramp isə Respublikaçılar Partiyasından çıxış edəcək.
Bundan əvvəl İlon Mask ABŞ prezidenti Co Baydenə sui-qəsd cəhdi ilə bağlı fikirlərini əks etdirən yazı yazıb. Maskın sözlərinə görə, indiyədək heç kim Baydeni və ya ABŞ prezidentliyinə namizəd Kamala Harrisi öldürməyə cəhd etməyib. Eyni zamanda o qeyd edib ki, Tramp son aylarda ikinci dəfə hücuma məruz qalıb.
Tramp qalib gələcəyi təqdirdə İlon Mask onun administrasiyasında məsul vəzifələrdən birini tutacaq.
Maskın iddiaları əsaslımı, yoxsa bu, sadəcə, Trampın seçilmə şansını artırmaq üçün təbliğati gediş və ya hələ ki, mövqeyini qətiləşdirməmiş seçicilərə təzyiq niyyətli gedişdir? Bəlkə kütləvi etirazların anonsu? Səsvermə bu gün keçirilsə, qalib kim olar?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev demokratların seçkini uduzmalarını faciə kimi qəbul edəcəklərini söylədi: “Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu seçkinin əsas namizədləri arasında gərginlik durmadan artır. Hər iki tərəf necə olursa olsun bu seçkinin qalibi olmağa çalışır. Əsasən Demokratlar Partiyası hakimiyyətin itirilməsini özləri üçün faciə kimi görürlər. Əslində isə hakimiyyətin dəyişəcəyi halda son 4 ildə ABŞ daxilində və xarici siyasətdə aparılan xəttin kəskin dəyişəcəyi bu xəttə yatırım qoymuş gücləri çox narahat edir. Eyni zamanda bugünkü siyasət ABŞ daxilində və xaricində digər ciddi gücləri də narahat etdiyindən hazırkı hakimiyyətin növbəti 4 il üçün mandat almasını heç cür istəmirlər. O səbəbdən Tramp və Harris arasında gedən rəqabətə müxtəlif istiqamətlərdən dəstək verənlərin sayı hər gün artır. Elon Mask əslində hələ keçən seçkilərdən Trampa olan rəğbətini gizlətməmişdi. Amma düşünürəm ki, bu tək rəğbətlə bağlı deyil. ABŞ-ın, ümumiyyətlə dünyanın ən varlı adamının açıq şəkildə demokratları ittiham edən bəyanatlar səsləndirməsi vəziyyətin daha kritik olmasının göstəricisidir. Məsələ ondadır ki, hər dəfə Maskın bəyanatlarından sonra böyük iş adamlarının Trampın seçilməsi ilə bağlı daha aktiv fəaliyyətə keçmələrinin şahidi olarıq. ABŞ tarixinin son 100 ilində sağlar və sollar arasında belə qarşıdurma Kennedi zamanında olmuşdu. Baxmayaraq ki, sonda Kennedi sui-qəsd nəticəsində öldürüldü, hətta o zaman belə hazırkı səviyyədə gərginlik olmamışdı. Bu da onu deməyə əsas verir ki, hər iki tərəfin, xüsusilə demokratların masasında geri çəkmələri imkansız olan böyük planlar var. Hansı ki, bu planlar Respublikaçıların planları ilə daban-dabana ziddir. Maskın həyacan təbili çalması da məhz bununla bağlıdır. Son illərdə Trampın siyasi səhnədən birdəfəlik silinməsi ilə bağlı çoxlu cəhdlər olub. Məhkəmələrdə müxtəlif ittihamlarla cinayət işləri icraata götürülüb. Hətta bir neçə ştat öz ərazisində onun namizədliyinin ləğvi ilə bağlı qərarlar da verib. Amma görünən odur ki, Trampa mane ola bilməyiblər. Hazırda isə onun müxtəlif yollarla seçki marafonundan kənarda qoymaq imkanları artıq yoxdur və digər variantlarla bunu etməyə çalışacaqlar. Maskın Trampın həyatına birinci sui-qəsddən sonra ikincinin qarşısının alınması ilə bağlı verdiyi bəyanat böyük ehtimalla bundan sonra ola biləcəkləri önləmək üçündür. Çünki tam ciddi sui-qəsd hazırlığı olacağı təqdirdə onun həyata keçməsi şansları daha böyük ola bilər. İndidən belə bir hadisənin olacağı təqdirdə potensial sifarişçiləri göstərmək təhlükəsizlik tədbiri kimi dəyərləndirərdim. Çünki bundan sonra belə bir cəhdin olacağı təqdirdə, hətta kənar güclər etsələr belə hədəf demokratlar olacaq. Eyni zamanda Harrisin bu seçkiləri uduzacağı təqdirdə 4 il öncə Trampın dəstəkçilərinin kütləvi etirazlarına bənzər, amma daha böyük aksiyaların keçirəcəkləri ilə bağlı da fikirlər var. Düşünürəm ki, Trampın bu il seçkilərə qatılması ilə bağlı qərarında Maskın rolu böyük olub. O bu kampaniyaya keçən seçkilərdən dərhal sonra başlamışdı. Xatırlayırsınızsa, bütün sosial şəbəkələrdə Trampın hesablarını bağlanmışdılar və onun bu vasitələrlə insanlarla ünsiyyətini əngəlləmişdilər. Bu istiqamətdə Twitter ön sırada olmuşdu. Hesab edirəm ki, məhz o səbəbdən Mask fantastik qiymətə Twitteri satın haldı və X sosial şəbəkəsi adı altında fəaliyyət göstərdi”.
Ekspert noyabra kimi çox şeyin dəyişə biləcəyini zənn edir: “Hazırda vəziyyət elədir ki, bu gün seçkilər keçirilərsə kimin qalib olacağını demək bir az çətindir. Çünki Tramp az faizlə irəlidə getməsinə baxmayaraq mövqelərini hələ də müəyyən etməyən seçicilərin sayı çoxdur. Noyabra qədər olan müddətdə onların qərarları çox şeyi həll edəcək. Amma mütəxəssislər hazırki situasiyını nəzərə alaraq bu seçkilərin qalibinin Tramp olacağını daha çox proqnozlaşdırırlar. Qarşı tərəfin bunu qəbul edib-etməyəcəyi də hələ sual altındadır. Amma situasiya hər an fərqli istiqamətdə dəyişə bilər. Bir məsələni də unutmamalıyıq ki, ABŞ seçki sistemi tamamilə fərqli bir sistemdir. Son qərar xalqın verdiyi səslərin faizinə görə yox, öncədən hər ştatdan seçilmiş seçicilər kollegiyasının verdiyi səslərə görə müəyyən edilir. Onların isə sayı cəmi 538-dir. Doğrudur adətən seçicilər kollegiyasının verdiyi səslər xalqın verdiyi səslərə adekvat olur. Amma təcrübədə belə presidentlər var ki, xalqın səsverməsi ilə seçilməyən prezidentliyə namizəd seçicilər kollegiyasının daha çox səsini alıb prezident olub. Yaxın keçmişdə kiçik Buş səhv etmirəmsə 2, yaxud 3 səs fərqi ilə keçmişdi. Halbuki ümumxalq səsverməsində qalib digər namizəd olmuşdu. Yəni yekunda seçkilərin taleyini 538 nəfərdən ibarət seçicilər kollegiyası həll edir”.
Sona Əliyev
V çağırış Milli Məclisin deputatı, siyasi təhlilçi Sona Əliyeva Trampa qarşı bu sui-qəsdlərin “gizli əl” tərəfindən təşkil etdiyini düşünür: “Hazırda dünya ictimai-siyasi təfəkkürü başda ABŞ olmaqla demokratik dəyərlər sistemindən imtina etməyə başlayır. Çünki modern dünya bu sistemin özünün doğrultmadığını düşünür. Demokratik dəyərlər imperialist siyasətlə və təfəkkürlə üst-üstə düşmür. Hazırda ABŞ, Britaniya və digər Qərb imperialistləri demokratiyadan məhz bu istiqamətdə istifadə edirlər. Yəni ondan istifadə etməklə özlərinin hərbi-siyasi zorakılıqlarına yeni plazdarmlar hazırlayırlar. Təəssüf ki, kiçik ölkələr və inkişaf etməkdə olan dövlətlərin hamısı bu yanaşmanı qəbul edərək alternativlər haqqında düşünmürlər. Düşünürəm ki, keçmiş prezident Donald Trampa qarşı sui-qəsdlər bilərəkdən hansısa ”gizli əl" tərəfindən təşkil olunur. Burada iki məqsəd ola bilər. Birincisi, Trampı fiziki cəhətdən yox edərək Harrisin təkbaşına və asan qələbəsini təmin etmək, ikincisi, keçmiş prezidentin nüfuzunu xalq arasında qaldırmaqla, demokratların hakimiyyətinin davamını əngəlləməkdir. Fikrimcə, indiki məqamda ikinci ehtimal daha ağlabatan görünür. Çünki keçmiş prezident Donald Trampa qarşı baş verən sui-qəsd cəhdinin hər ikisi uğursuzluqla nəticələnib. Bu da o deməkdir ki, Tramp da özünə qarşı təşkil edilən sui-qəsd cəhdlərinin içərisində ola bilər. Yəni daha çox planlaşdırılmış prosesə oxşayır. Düşünürəm ki, hazırda səsvermə olsa, nəticələr ürəkaçan olmayacaq, ikinci mərhələyə qədər uzanacaq. Ona görə ki, şanslar hazırda bərabərdir. Qarşıdakı aylarda həlledici raundda hər şeyi daha aydın təsəvvür etmək mümkündür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”