Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də bitkoinin qiymətində artımlar qeydə alınıb. ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. Bitkoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib.
Musavat.com xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov sosial media hesabında qeyd edib.
O bildirib ki, ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib:
“Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faiz dəyər qazanmışdı.
Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlarla əlaqədərdir.
ABŞ-dakı son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatı və eləcə də manata təsirlərinə gəldikdə isə ölkəmizin əsas ticarət tərəfdaşı AB olduğundan, bu, tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha da möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər”.
Musavat.com