Dünyanın mövcud siyasi-hüquqi sisteminin dağılmaqda olduğu artıq qətiyyən şübhə doğurmur. İkinci dünya müharibəsinin nəticəsində formalaşmış və onilliklər boyu qlobal məkanda tarazlığı təmin etmiş siyasi-hüquqi qaydalar hazırda real təsirini böyük ölçüdə itirib. Üstəlik, dağılmaqda olan köhnə siyasi-hüquqi sistemi əvəzləyəcək yeni qlobal format barədə ən bəsit təsəvvürlər belə, mövcud deyil. Və bu, dünyanın yaxın gələcəkdə dərin xaos mərhələsinə keçid edə biləcəyi ilə bağlı narahatlıqları daha da artırır.
Onu da qeyd etmək lazımdır ki, bu təhlükəli reallıq artıq Qərb siyasi dairələri tərəfindən də açıq mətnlə etiraf edilməyə başlayıb. Halbuki, həmin etiraflar hələlik əsasən, dünyanı idarə edən kollektiv Qərbin hazırda üzləşdiyi durum üzərində fokuslaşdırılır. Belə ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Qərbin köhnə tərəfdaşlıq formatının artıq mövcud olmadığını bildirib. Onun fikrincə, Qərb düşərgəsinin əvvəlki ortaq fəaliyyət modeli sona çatdıb
Avropa Birliyinin funksioneri vurğulayıb ki, ənənəvi formatda Qərb düşərgəsi artıq yoxdur və bunu birdəfəlik unutmaq lazımdır. Çünki dünya artıq geosiyasi baxımdan da qlobusa çevrilib. Avropalı siyasətçi hesab edir ki, hazırda Avropa Birliyinin "dostluq şəbəkələri" bütün dünyanı əhatə edir və bunu gömrük tarifləri ilə bağlı debatlarda da aydın görmək mümkündür.
Avropa Birliyinin Qərb dünyasının yeni liderinə çevrildiyinə əmin olmayan Ursula fon der Lyayen Brüssellə Vaşinqton arasında daimi əməkdaşlığa ümidini də ifadə edib. Ancaq o, eyni zamanda digər tərəfdaşlarla əlaqələri də inkişaf etdirməyin vacibliyini vurğulayıb. Və bu, o deməkdir ki, Avropa Birliyi ABŞ-a alternativ ola biləcək yeni strateji tərəfdaşların axtarışına artıq başlayıb.
"Kollektiv Qərb" termini əsasən ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya və bəzi digər Qərb yönümlü dövlətləri əhatə edən bir anlayışdır. Bu düşərgə liberal demokratiya, azad bazar iqtisadiyyatı və beynəlxalq institutlar üzərində qurulan birgə siyasi xətti ifadə edir. Kollektiv Qərbin iflası və parçalanması ilə bağlı iddialar düşərgə daxili ziddiyyətlərin dərinləşməsindən qaynaqlanır.
Məsələ ondadır ki, ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə populizmin yüksəlişi müşahidə edilir. Fransa, Almaniya, İtaliya kimi ölkələrdə qloballaşmaya qarşı olan sağçı qüvvələrin güclənməsi siyasi-ideoloji böhrana yol açıb. İnflyasiya, enerji böhranı (xüsusilə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra), iqtisadi təchizat zəncirinin pozulması kimi faktorlar kollektiv Qərbin ortaq maraqlarına sarsıdıcı zərbələr vurur.
Digər tərəfdən, Rusiya və Çin kimi dövlətlər Qərb hegemoniyasına alternativ olaraq, öz nüfuz zonalarını qurmağa çalışırlar. NATO və Avropa Birliyi daxilində fikir ayrılıqları dərinləşir. Xüsusilə də Ukrayna müharibəsi, Çin siyasəti və müdafiə məsrəfləri kimi məsələlərdə Qərb ölkələri arasında tam ortaq mövqe yoxdur. Və bütün bunlar kollektiv Qərb düşərgəsində parçalanma və ya iflas prosesini daha da sürətləndirir.
Təbii ki, bütün bunlar kollektiv Qərb düşərgəsini yenidən formalaşma modellərinin axtarışına məcbur buraxır. Üstəlik, bu prosesin Avropa Birliyinin gələcək taleyinə necə təsir göstərə biləcəyi hazırda olduqca ciddi suallar doğurmaqdadlr. Çünki ABŞ və Avropa Birliyi (AB) arasında iqtisadi-ticari ziddiyyətlərin sərtləşməsi, həqiqətən də, AB-nin gələcəyinə ciddi təsir göstərə bilər. Və bu məsələdə AB və ABŞ-ın dünyanın ən nəhəng ticarət tərəfdaşları olduğunu da mütləq nəzərə almaq lazımdır.
Məsələ ondadır ki, ABŞ ilə iqtisadi qarşıdurma Avropa Birliyinin ixracat və idxalat sisteminə sarsıdıcı zərbələr vəd edir. Halbuki, bu proses həm Avropa, həm də ABŞ şirkətlərinə qarşılıqlı bazarlara çıxış "pəncərə"sini daralda bilər. Ancaq Avropa sənayesinin daha çox zərər görə biləcəyi ehtimal olunur. Xüsusilə də avtomobil, texnologiya, aviasiya və kənd təsərrüfatı sahələrinin bu tip qarşıdurmalara həssas olduğu inkaredilməz reallıqdır. Və ABŞ texnologiyasının Avropa istehsalçıları üçün əlçatmaz olması "qoca qitə" iqtisadiyyatına dərin böhran vəd edir.
Əgər, iqtisadi-ticari ziddiyyətlər hərbi-siyasi sferalara da sıçrasa, bunun geopolitik və təhlükəsizlik üzrə neqativ nəticələri qaçılmaz olar. Çünki bu halda, ilk növbədə NATO üzrə müttəfiqliyin zəifləməsindən də danışmaq lazım gələcək. Bu isə Avropa məkanının təhlükəsizliyini böyük risk altına ata biləcək önəmli qeyri-müəyyənlik faktorlarından biridir. Nəticədə Avropa Birliyi “strateji muxtariyyət” modelləri barədə düşünmək məcburiyyətində qala bilər. Üstəlik, Fransa və Almaniya kimi ölkələr artıq indidən ABŞ-ın təsir dairəsindən kənar, daha müstəqil hərbi və siyasi xətt yürütməyə çalışırlar. Və bu prosesin daha da sürətlənərək, dərinləşə biləcəyi qətiyyən istisna deyil.
Ən böyük təhlükə ondan ibarətdir ki, ABŞ ilə iqtisadi-ticari qarşıdurma AB daxilində də ziddiyyətləri gücləndirə bilər. Çünki Şərqi Avropa ilə Qərbi Avropa arasında fərqli mövqelər ortaya çıxa biləcəyi istisna deyil. Məsələn, Polşa və Baltikyanı ölkələr ABŞ-a daha yaxın siyasət yürüdürlər, Fransa və Almaniya isə Ağ Evdən mümkün olduqca, uzaqlaşma cəhdləri içərisindədir. AB-nin iqtisadi problemləri həm "qoca qitə"də populist və ultrasağçı qüvvələri gücləndirə biləcək faktordur. Və bu qüvvələr Avropa Birliyinin ümumiyyətlə, mövcudluğuna qarşı mövqe tutmaqla, diqqəti çəkirlər.
Əgər, ABŞ ilə münasibətlər ciddi şəkildə pisləşərsə və geriyə dönməz xarakter alarsa, bu, AB-ni başqa strateji tərəfdaşlar axtarışını sürətləndirmək məcburiyyətində buraxar. Hazırda AB Çin ilə iqtisadi tərəfdaşlıq variantını ciddi şəkildə nəzərdən keçirməyə başlayıb. Belə ki, hazırda bu riskli variant daha çox məcburi bir seçim kimi gündəmə gətirilməkdədir. Eyni zamanda, Rusiya ilə "uçurulmuş körpülər"in bərpası da istisna deyil. Və bu, hazırda o qədər də real görünməsə də, uzunmüddətli perspektivdə hər halda, mümkün ola bilər.
Göründüyü kimi, ABŞ ilə iqtisadi-ticari qarşıdurmanın dərinləşməsi AB üçün həm iqtisadi-siyasi, həm də daxili sabitlik baxımından, taleyüklü sınaq vəd edir. Belə bir ssenari AB-ni ya parçalanma riskinə, ya da daha çox inteqrasiya və muxtariyyət axtarışına sürükləyə bilər. Bu baxımdan, hesab etmək olar ki, kollektiv Qərb anlayışı artıq öz əhəmiyyətini böyük ölçüdə itirib. Dərin parçalanma meylləri bu düşərgənin mövcudluğunu demək olar ki, sona çatdırıb. Və indi növbəti mərhələ başlayıb, Avropa Birliyinin gələcək taleyi böyük risk altındadır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu