ABŞ-da prezidentliyə namizəd Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə qoşunları xarici ölkələrə münaqişələrdə iştirak etmək üçün göndərməyəcəyinə söz verib.
APA xəbər verir ki, o bunu Pensilvaniya ştatının Dövlət Kollecində tərəfdarları ilə görüşü zamanı deyib.
"Mənim nəzarətim altında Birləşmiş Ştatlar müharibə aparmayıb. Biz güc yolu ilə sülhə nail olduq. Bu, çox gözəldir. Siz heç vaxt eşitmədiyiniz bir ölkə uğruna uşaqlarınızı partlatmaq üçün müharibəyə göndərməməlisiniz. Mən sizi sonu olmayan axmaq xarici müharibələrdə vuruşmağa və ölməyə göndərməyəcəyəm”, - deyə o bildirib.
Tramp həmçinin əmindir ki, Demokratların namizədi Kamala Harris qalib gəlsə, amerikalılar xarici münaqişələrə cəlb olunacaqlar.
"O, bizi üçüncü dünya müharibəsinə sürükləyəcək. Çünki o, çox bacarıqsızdır. O, Çin prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen Inın öhdəsindən gələ bilməyəcək. Sonra isə bütün oğullarınız və qızlarınız heç eşitmədiyiniz bir ölkədə döyüşə göndəriləcək, düşmənlərimiz ona gülür, bizə gülürlər”, - deyə o vurğulayıb.