Tramp: “Mask və Ramasvami hökumətin effektivliyini artıracaq”

Amerikalı sahibkar İlon Mask və əvvəllər Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş iş adamı Vivek Ramasvami Donald Trampın yeni administrasiyası zamanı Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə yeni seçilmiş prezident D.Tramp keçid komandasının çərşənbə axşamı yaydığı bəyanatda bildirib.

“Mən böyük İlon Maskın amerikalı vətənpərvər Vivek Ramasvami ilə əməkdaşlıq edərək Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcəyini elan etməkdən məmnunam. Bu böyük amerikalılar birlikdə mənim administrasiyasıma hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaqlar”, - bəyanatda deyilir.

Tramp əlavə edib ki, yeni qurum “böyük struktur islahatları” həyata keçirmək üçün Ağ Ev və onun İdarəetmə və büdcə ofisi ilə işləyəcək. Seçilmiş prezidentin planlarına görə, ABŞ-ın Müstəqillik bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd ediləcək 2026-cı il iyulun 4-nə qədər ölkə bu departamentdən “böyük hədiyyə” alacaq.

Musavat.com

13.11.2024 11:41
304