Tramp Makronun "qələmini qırmaq" niyyətindədir: Paris ABŞ-ın tezliklə Fransaya amansız siyasi savaş açacağından qorxur

Tramp administrasiyasının Fransa və Makron hakimiyyətini öz əsas beynəlxalq rəqiblərinin sırasına qataraq, amansız siyasi zərbələrə məruz qoya biləcəyi qətiyyən istisna deyil... Halbuki, Fransanın dərinləşən "müstəmləkə qiyamı" və daxili sosial-iqtisadi böhran şəraitində ABŞ-a qarşı müqavimət göstərmək şansları o qədər də ümidverici görünmür...

ABŞ-da keçirilmiş növbəti prezident seçkilərinin yekun nəticələri artıq qlobal məkana ilkin təsirlərini göstərməyə başlayıb. Hər halda, son vaxtlara qədər daha ön planda olan beynəlxalq qarşıdurma vəziyyətinə yanaşma tərzi tədricən dəyişməkdədir. Bu baxımdan, ABŞ-da keçirilən növbəti prezident seçkilərinin qlobal təsirləri ilə bağlı ehtimallar hazırda özünü doğrultmaqdadır. Və bu, o deməkdir ki, dünya yeni hərbi-siyasi mərhələyə keçmək üzrədir.

Onu da qeyd etmək lazımdır ki, vaxtilə ABŞ prezidenti olmuş Donald Trampın yenidən seçkiləri qazanması dünyada həm məmnunluq, həm də dərin məyusluq doğurub. Belə ki, Donald Trampın yenidən prezident seçilməsi yalnız kollektiv Qərblə problemləri olanları deyil, həm də Avropa Birliyi və NATO daxilində bəzi ölkələri məmnun edib. Xüsusilə də, həm Avropa Birliyi, həm də NATO tərəfindən ciddi təzyiqlərə məruz qoyulan Macarıstanın siyasi rəhbərliyi prezident Donald Trampın yeni hədəflərinə böyük ümidlər bəsləyir. Və Bayden administrasiyasının qarışdırdığı qlobal məkanın yenidən normal dövrə qayıda biləcəyini düşünür.

image_750x_669ad61cde191.jpg (183 KB)

Təbii ki, Macarıstan baş naziri Viktor Orbanın qlobal dəyişiklik istəyini anlamaq çətin deyil. Belə ki, baş nazir Viktor Orban Macarıstanın milli maraqlarına uyğun iqtisadi-siyasi qərarlara üstünlük verməyə çalışırdı. Bu, Avropa Birliyinin hədəfləri ilə kəskin ziddiyyətlər təşkil etdiyindən sərt təzyiqlərlə üzləşirdi. Son vaxtlar hətta Macarıstanın həm Avropa Birliyindən, həm də NATO-dan sıxışdırılıb, kənarlaşdırılması barədə ideyalar daha intensiv şəkildə gündəmə gətirilirdi. Və Macarıstanın milli maraqlarına uyğun şəkildə Rusiya enerji resurslarına ehtiyac duyulduğunu qabardan, Ukrayna savaşının dayandırılması ideyasını dəstəkləyən baş nazir Viktor Orbana qarşı Avropa Birliyi toplantılarlnda açıq baykot prosesi də başladılmışdı.

Ancaq indi Macarıstanın tədricən Avropa Birliyi və NATO-nun təzyiqlərindən yayına biləcəyi ehtimal olunur. Ən əsası isə baş nazir Viktor Orbanın Macarıstanın milli maraqlarına uyğun müstəqil siyasi qərarlar qəbul etmək imkanlarının artacağı artıq qətiyyən şübhə doğurmur. Nəhayət ki, Avropa Birliyində Macarıstanın öz strateji hədəfləri, suveren hüquqları çərçivəsində davranmaq haqqı olan müstəqil dövlət statusunu qəbul etmək məcburiyyətində qalacaqlar. Və bu, indiki situasiyada Ukrayna savaşından artıq bezən, rəsmi Kiyevin hərbi xərclərini ödəməkdə çətinlik çəkən digər Qərb ölkələri üçün də böyük önəm daşıyan məqamdır.

Məsələ ondadır ki, Avropa Birliyi daxilində müəyyən iqtisadi-siyasi çatların mövcud olduğu, hətta son vaxtlarda daha da dərinləşdiyi indi açıq-aşkar nəzərə çarpır. Ukrayna savaşının Avropa məkanında yaratdığı maliyyə-iqtisadi defisit indi Qərb ölkələri üçün əsas problemlərin ön sıralarında yer alır. Qərb ölkələrində dövlət büdcələrinin müəyyən hissəsinin məcburən Ukrayna savaşına xərclənməsi istər-istəməz başqa sahələrə maliyyə ayırmalarının azaldılmasına səbəb olub. Və bu, Avropa Birliyi məkanında sosial-iqtisadi böhrana aparan yolun yalnız başlanğıcı hesab edilir.

editor_2e960a5da04a961068a1305bae95c68a_0n4wht2i8xkfp9cv3m7s.jpg (123 KB)

Maraqlıdır ki, Almaniya artıq sosial-iqtisadi böhranın içərisində olduğunu etiraf etmək məcburiyyətində qalıb. Bu ölkənin kansleri Olaf Şolts məhz Almaniyadakı sosial-iqtisadi böhranın doğurduğu daxili siyasi gərginliyi səbəb göstərərək, COP29-da iştirak niyyətindən geri dönməli olub. Və bu, Almaniyada siyasi böhranın yaranma ehtimalının kifayət qədər ciddi olduğunu göstərir.

Fransada hazırda təxminən Almaniyanın yaşamaqda olduğu ölkədaxili situasiya müşahidə edilir. Üstəlik, rəsmi Paris Almaniyadan fərqli olaraq, həm də Fransanın yaxın və uzaq müstəmləkələrində kəskin etiraz dalğası ilə də üsləşib. Buna Fransada hər ötən gün daha da dərinləşməkdə olan sosial-iqtisadi böhranı da əlavə etdikdə Makron hakimiyyətinin necə qəliz daxili situasiya ilə qarşı-qarşıya olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Və bu situasiyanı yaxın vaxtlarda dəyişmək mümkün olmazsa, Fransanın tezliklə yeni "sarı jiletlilər" qiyamı ilə üzləşəcəyi qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Fransanı tezliklə ABŞ-la siyasi qarşıdurma da gözləyir. Belə ki, Makron hakimiyyətinin ABŞ prezidenti seçilmiş Donald Trampla münasibətlərinin ziddiyyətli olduğu inkaredilməz reallıqdır. Hər halda, əvvəlki prezidentliyi dönəmində Donald Tramp dəfələrlə Fransa lideri Emmanuel Makronu müxtəlif səbəblərdən ittiham etmişdi. Hətta Donald Tramp həmin dönəmdə Fransada törədilmiş "sarı jiletlilər" qiyamının arxasında məhz ABŞ kəşfiyyatının dayandığına eyham vurmaqdan da çəkinməmişdi. Və o, bu qiyamla ABŞ-ın maraqlarına qarşı çıxan Makron hakimiyyətinə lazımi "dərs"in verildiyini vurğulamışdı.

1576484038_tramp-1.jpg (83 KB)

Təbii ki, Fransanın Donald Trampın prezident seçilməsindən qətiyyən məmnun olmadığı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Yelisey sarayında Donald Trampın keçmiş hesablaşmanı unutmadığını tam dəqiqliyi ilə anlayırlar. Onu da bilirlər ki, əgər, Donald Tramp seçki ərəfəsində verdiyi vədlərə sadiq qalarsa, bu, vaxtilə yarımçıq qalmış hesablaşmanın bu dəfə sona çatdırılması cəhdlərinə də yol aça bilər. Və bu, yaxın gələcəkdə ABŞ-Fransa qarşıdurmasının ola biləcəyini göstərir.

Belə anlaşılır ki, Fransa və Makron hakimiyyətinin Ağ Evin yeni sahibinin hədəfinə çevrilmə ehtimalı qətiyyən istisna deyil. Halbuki, Fransanın dərinləşən "müstəmləkə qiyamı" şəraitində ABŞ-a müqavimət göstərmək şansları o qədər də ümidverici görünmür. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Afrikadan qovuşmaqda olan Fransa Tramp administrasiyasının hədəfləri sırasındakı Avropa Birliyinin aparıcı ölkələri arasındadır. Və bu baxımdan, prezident Donald Trampın hakimiyyəti dönəmində ABŞ-ın Fransaya qarşı ifrat şəkildə amansız davrana biləcəyini elə indidən təxmin etmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

11.11.2024 18:38
1185