Dünyanın siyasi məkanında müəyyən narahatlıq mövcuddur. Xüsusilə də, hazırda Qərb siyasi dairələri ABŞ-da cərəyan edən daxili prosesləri müzakirə edir. Hər halda, Ağ Evə sahiblənmək uğrunda mübarizə artıq böyük ölçüdə həlledici mərhələyə yaxınlaşmağa başlayıb. Və bu baxımdan, beynəlxalq siyasi məkanda bütün dünyanın gələcək taleyinə təsir göstərə biləcək proseslərin mümkün nəticələrini elə indidən təxmin etməyə çalışırlar.
Onu da qeyd etmək lazımdır ki, indiki mərhələdə ABŞ-ın gələcək prezidenti statusunun qazanılması uğrunda mübarizədə keçmiş Ağ Ev sahibi Donald Trampın qələbə şansları daha real görüntülərə malikdir. Belə ki, Donald Tramp Sağ Evin indiki sahibi Co Bayden ilə ilk və son teledebatdan böyük üstünlüklə ayrılmağı bacarmışdı. Ardınca Donald Trampa qarşı sui-qəsd törədilmişdi. Və nəticədə respublikaçı namizədin ictimai reytinqi prezident Co Bayden üzərində əzici üstünlük qazanmışdı.
Elə bir situasiya yaranmışdı ki, Donald Trampa açılan atəş məhz prezident Co Baydenin siyasi karyerasına tuş gəlmişdi. Yəni, keçmiş prezidenti hədəf alanlar əslində, indiki Ağ Ev sahibinin seçki şanslarını "vurmuşdular". Halbuki, prezident Co Baydenin növbəti prezident seçkilərinə qatılmaq iddiasının real yanaşma olmadığı buna qədər də ciddi mübahisə mövzusu idi.
Çünki Ağ Ev sahibi "Mən Co Baydenəm. Prezident Co Baydenin arvadıyam" deməklə, ABŞ kimi dünya nəhəngini idarə edə biləcək sağlamlıq səviyyəsindən çox-çox uzaq olduğunu biruzə vermişdi. Və bunun ardınca rəsmi tədbirlərin birində öz arvadını başqa bir qadınla səhv salaraq, üzləşdiyi situasiyanı daha da qəlizləşdirmişdi.
Təbii ki, hazırda hakimiyyətdə olan demokratlar yaxınlaşan seçkiləri nəzərə alaraq, prezident Co Baydenin namizədliyindən imtina olunması barədə düşünmək məcburiyyətində qalmışdılar. Qoca Co israrla müqavimət göstərsə də, son nəticədə demokratların sərt təzyiqləri qarşısında geri çəkilməli oldu. Ancaq açıqlamasında vitse-prezident Kamala Harrisin namizədliyini təklif etdi. Halbuki, ABŞ demokratları onsuz da Kamala Harrisdən daha uyğun namizədə malik deyildilər. Və bu baxımdan, qoca Co və demokratların bu məsələdə mövqeləri üst-üstə düşmüş oldu.
Bu qadın hazırda ABŞ prezidenti postuna iddia edir. Hələlik onun bir siyasətçi kimi elə də ciddi uğurları olmayıb. Onun prezident Co Bayden tərəfindən ABŞ-ın siyasi elitasına sürüklənməsi hələ o demək deyil ki, Kamala Harris dünyanın əsas superdövlətinə liderlik qabiliyyətlərinə malikdir. Üstəlik, onun siyasi arenaya yerləşməsində ABŞ-dakı erməni diasporunun (erməni mafiyası) xüsusi rolu olub. Ona görə də, prezident Co Bayden kimi, Kamala Harris də hər imkanda ermənipərəst mövqeyini qabartmağa üstünlük verir. Və bu, ABŞ demokratlarının erməni mafiyasından nə qədər asılı olduğunu təxmin etmək imkanı da açır.
Maraqlıdır ki, ABŞ-dakı erməni mafiyası həm hakimiyyəti itirmək istəməyən demokratların, həm də onların prezidentliyə yeni namizədi Kamala Harrisin indi təzyiqlərə davamsız olduğuna əmindir. Ona görə də, erməni mafiyası artıq seçici səslərini "satışa" çıxarıb. Yəni, erməni mafiyası bəyan edib ki, Kamala Harris yalnız ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi və Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilərin geri qayıdışı barədə BMT qətnaməsinin qəbul edilməsinə nail olacağı təqdirdə, erməni səslərinə ümid bəsləyə bilər. Və bu, o deməkdir ki, erməni mafiyası belə şərtlər irəli sürməklə, dərhal Kamala Harrisi şantaj etməyə başlayıb.
Təbii ki, hələ seçilməmişdən öncə belə, erməni mafiyasının şantajına məruz qala bilən Kamala Harrisdən nə ABŞ-a, nə də dünyaya hər hansı fayda gələ bilməz. Ona görə də, kənar təzyiqlərə davamsız Kamala Harrisin Ağ Evə sahiblənməsi ABŞ-ın gələcək taleyi üçün də təhlükəli seçim ola biləcəyi qətiyyən şübhə doğurmur. Və ümumiyyətlə, onun prezident seçilmə şanslarının indiki Ağ Ev sahibi Co Baydendən daha çox ola biləcəyini təsdiqləyən hər hansı ciddi məqam da mövcud deyil.
Əslində, anlaqsız Co Baydenin erməni mafiyasının təsiri altında olan "siyasi rəqqasə" Kamala Harris ilə əvəzlənməsi Donald Trampın seçki düşərgəsində elə bir narahatlıq yaratmayıb. Donald Trampın yaxın ətrafı hesab edir ki, Kamala Harris seçimi demokratların panik durumda olduğunu göstərir. Keçmiş Ağ Ev sahibi isə bildirib ki, onun üçün "yelbeyin" Kamala Harrisə qalib gəlmək, anlaqsız Co Baydenə qalib gəlməkdən daha asan olacaq. Və bu baxımdan, Donald Tramp prezident seçkilərində mütləq qalib gələcəyinə tamamilə əmindir.
Belə anlaşılır ki, ABŞ-da keçiriləcək prezident seçkiləri bu dəfə həm gərgin, həm də maraqlı atmosferdə keçə bilər. Xüsusilə də, ABŞ demokratları əndişəli olduqlarını gizlətməkdə açıq-aşkar çətinlik çəkirlər. Onları narahat edən yalnız Donald Trampın qarşısına daha güclü namizəd çıxara bilmədiklərindən qaynaqlanmır. Demokratlar bilirlər ki, bu seçkilərdə məğlubiyyət onlar üçün böyük siyasi fəlakətə də çevrilə bilər. Və Donald Tramp qalib gələcəyi təqdirdə, demokratlara əsl apokalipsis vəd edir.
Məsələ ondadır ki, Donald Tramp və respublikaçıların məxfi plan üzərində işlədikləri barədə məlumatlar artıq ABŞ cəmiyyətinə sızmağa başlayıb. Belə ki, Trampçılar son 60 ildə liberal düşərgəni siyasi məkanda saxlayan sistemi dəyişmək niyyətindədirlər. Həmin plana görə, onminlərlə liberal düşərgənin maraqlarına xidmət edən məmur postlarını itirməli olacaq, ABŞ-ın siyasi idarəçilik sistemində ciddi islahatlar aparılmaqla, dərin təmizlik prosesinə başlanılacaq. Və bu, ilk növbədə demokratların ABŞ cəmiyyətində olan sosial dayaqlarının tamamilə sarsıdılması ilə də nəticələnə bilər.
Göründüyü kimi, Donald Trampın seçki qələbəsi ABŞ-da siyasi-iqtisadi islahatlar da vəd edir. Əgər, respublikaçılar bu hədəflərinə nail olsalar, ABŞ-da siyasi apokalipsis qaçılmaz ola bilər. Ancaq bunun həm ABŞ, həm də dünya üçün pozitiv nəticələr verib-verməyəcəyi barədə hələlik hər hansı mülahizələrin gündəmə gətirilməsi isə çox tezdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu