Toya aparılmayan qadın

“Ailənin verdiyi məlumata əsasən, Leyla noyabrın 24-də kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb”.

Sizcə, girişdə dərc etdiyim bu cümlələr nədən bəhs edir? Söhbət nədən gedir? Özü də 21-ci əsrdə? Çətin olsa da hamımız anlayırıq: yenə hansısa qadın evdən “icazəsiz” çıxıb getmişdir. 

Niyə “icazə” sözünü dırnaqda yazdım? Bunu da izah eləməyə artıq heç bir həvəsim yoxdur. Ancaq o nə ailədir ki, orada qadınlar harasa “çıxmaq üçün” (yaxşı oxuyun, bu ifadə tərzi də mənə məxsus deyil) qalan üzvlərin toya getməsini gözləyirlər? Niyə bu bədbəxti də toya aparmayıblar? Layiq bilinməyib, ya artıq xeyrə-şərə aparılması mümkünsüz hala gətirilibmiş?  

Eyni hadisəni yetkinlik yaşına çatmış, ailəli erkəklərimiz haqda da yaza, oxuya, şərh edə bilərikmi? Məsələn, belə cümlələr: “Məcnun ailənin toyda olmasından istifadə edib çıxıb. Axtarışlar uğurla nəticələnib, Məcnunu qahım evində aşkar edib götürmüşük”. 

Varmı belə xəbər? Yoxdur. O zaman niyə abırsızcasına “bizdə qadınların və kişilərin hüquqları bərabərdir” cümləsini beynimizə yeridirlər? Bu cür bərabərliyin izi-tozu da yoxdur. 

Hələ yaxşıdır bu dəqiqə “Ya Zəhra, sənə qurban olaq” deyib hansısa dini mərasimin, hansısa 1500 il qabaqkı əhvalatın, rəvayətin ildönümünü qeyd eləyən qardaşlarımız hökumət yiyəsi deyildir. O zaman “Leylaların”, o cümlədən zəhraların vəziyyəti lap ağlamalı olardı. 

Necə deyərlər, birini gör fikir eylə, birini gör şükür eylə. Bu məsəl məhz bizim coğrafiyada yaranmalı idi. İnanma Norveçdə, İsveçdə-zadda belə ata sözləri ola. Hərçənd çox əmin də deyiləm - insan çiy süd əmmişdir.  

Müsəlman ölkələrinin hamısında qadın zülm və işgəncə altındadır, lakin hamısında da bu şüarı həmin qadınların gözünə soxurlar: “Cənnət anaların ayağı altındadır”. Əslində bu məsəlin özündə də riyakarlıq və hiylə gizlədilib, yəni qadın ana deyilsə, onun ayağı altında cənnət yoxdur. Uşaq doğmayan qadına qoyulan “hörmətin” göstəricisidir. Bəlkə səmimilik ediblər, biz qanmamışıq. 

Tanış, yaşlı qadın ölmüşdü. Qohum-əqrəba yas yerinə gedirdik və yolboyu etdiyimiz söhbətlər məni çox düşündürdü. Çünki ortaya rəhmətliklə bağlı bir işıqlı xatirə də çıxmadı. “Filan vaxtı əri döyürdü, mən səsə getdim, gördüm arvad çıxıb qaçdı, ər dalıyca balta atdı”, “Qonşuya icazəsiz çıxa bilmirdi”, “Həmişə ac-yalavac olardı”, “Hamilə vaxtı əri bərk vurmuşdu, uşaq xəstə doğuldu” və sairə və ilaxır. 

Biz başsağlığı verəndə əri ağlamsınırdı. Bəlkə artıq döyməyə adamı haradan tapacağını düşünürdü... Qadın isə bəlkə ömründə ilk dəfə xoşbəxt olmuşdu, canı dincəlmişdi. 

Ruslarda bir məsəl var, tərcüməsi “döyürsə sevir” şəklindədir və istəsən qadına qarşı zorakılıqları 200 illik rus istilası, müstəmləkəçiliyi ilə də yozmaq olar. Yəni bizim müstəmləkə sarıdan da bəxtimiz gətirməyib, ən əzazilinə, zırramasına tuş olmuşuq. 19-cu əsr rus ədəbiyyatındakı dəlilər, idiotlar, qara sevdalılar, əcinnə xülyalılar, qulyabanılar və ifritələr, canilər və sairə havadan ortaya çıxmayıb ki? Oranın iqlimində nəsə var, camaatı dəli edir. 

Ancaq Türkiyədəki silsilə qadın qətllərini, qadına, keçmiş arvada, eks-sevgiliyə manyak münasibətini nə ilə izah edəsən? O manyaklıq artıq bizə  tərəf aşıb-daşır. Adamlar arvadı boşayır, lakin əl çəkmir, izləyib öldürür. Sifətə yandırıcı turşu atan, qızları bıçaqlayan, güllələyən... O qədər belə xəbərlər çıxır ki. Hətta hərdən fikirləşirsən ki, Türkiyədə pişiklərə münasibət zənənlərə münasibətdən daha müsbətdir. 

Girişdəki əhvalat hələlik xoşbəxt sonluqla bitib. “Ailə” adlanan o dəstə, toplu, banda - nə istəsəniz ad qoyun - aradan çıxmış qadını haradasa başqa yerdə tapıb geri qaytarıbdır. Bəs sonra necə olacaq? Bunu düşünən varmı? Yox. Elə o “tapıb qaytaran orqanların” da çox vecinədir... 

Növbəti dəfə toya gedəndə qadını nə edəcəklər? Sual budur. 

 

04.12.2024 12:00
847