“TOST” idarəçilərindən xəbər yoxdur. Vəzir piyadaya dönüb aradan çıxdı. Bütün vəsaiti götürüb yoxa çıxdılar. Bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb. Piramida partladı”.
Musavat.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb:
“Bu platformadan qazananlar, sən partlatdın deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır.
Bu saatdan sonra Daxili İşlər Nazirliyinə səbir arzu edirəm. Verilən zərər böyükdür və insanlar DİN-ə axın edəcək. Dələduzlar isə qəzəbli zərərçəkənləri mənim üstümə göndərib təhlükə yaratmağa çalışır.
Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımı tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək”.
Texnobloger onu da bildirib ki, “TOST” maliyyə piramidası ilə bağlı rəsmi araşdırmalar aparıldıqdan sonra hesabda olan pullar kütləvi şəkildə silinməyə başlayıb:
"Qara xəbərlər gəlir! “TOST” maliyyə piramidasının nağdlaşma hesablarındakı pullar əriyir. Bir neçə saata 3.6 milyon dollar vəsait, 55 min dollara enib. Bu artıq pulu götürüb aradan çıxmaqdır. Hazırda pulunu çıxara bilməyən istifadəçilərdən hesaba əlavə ödəniləcək vergini qoymaq tələb edilir. Bu artıq son atışdır. Pulu götürüb qaçırlar. Qətiyyən vergini balansa qoymayın. Onsuz da getdi pullar. Bədbəxt oldu oynayanlar",-deyə o, sosial hesabındakı paylaşımında qeyd edib.
Qeyd edək ki, “TOST” maliyyə piramidası ilə bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com