Torpaq münaqişəsi bitdi, düşmənçilik isə hələ davam edəcək

İLK yayım saatı: 13:35

Qarabağ məsələsinin tamamilə həll olunduğu bu günlərdə ermənilərin “Nemezis” əməliyyatlarını təkrarlamaq hədələrinə barmaqarası yanaşmaq olmaz.

“Nemezis” terrorunun nə olduğu barədə son illərdə milli mediamızda olduqca çox məlumat verilib deyə, bütün olub-keçənləri təkrarlamağa ehtiyac yoxdur.

Qısa şəkildə onu deyək ki, ermənilər böyük dövlətlərin qatıldığı I dünya müharibəsinə millət olaraq qatılıblar, bu savaşdan dövlət quraraq çıxsalar da, 3-4 cəbhədə (Türkiyədə, Azrbaycanda, İranda, Özbəkistanda) döyüşdüklərindən insan resursu baxımından itkiləri çox olub və özlərini haqsız qırğına məruz qalmış zərərçəkən hesab edərək terror yolu ilə qisas almağa başlayıblar.

Onların qisas hədəflərinin arasında Osmanlı dövlətinin generalları (paşalar), o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri (Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli) olub. Həmin dövrdə tərifli Avropa dövlətləri yaxalanan terrorçuları, demək olar ki, cəzalandırmayıb, yalandan mühakimə etdikdən sonra ya azad edib, ya da azad ediləcəklərini bilə-bilə başqa ölkələrə göndəriblər.

Bundan başqa, sonrakı illərdə, ta 1980-ci ilin ortalarına qədər ermənilərin ayrı-ayrı ölkələrdə türkiyəli diplomatların həyatına sui-qəsd təşkil etmələri silsiləvi xarakter alıb. Bu teraktların hamısı “Nemezis” qisasçılığı çərçivəsində törədilib.

Ermənilər 1915-ci ildən sonra, hətta ötən əsrin ortalarında doğulmuş insanları da sırf türkdür, Türkiyəni təmsil edir deyə, “erməni genosidi”ndə təqsirli bilir, öldürürdülər. Nəhayət, Türkiyənin əks-kəşfiyyatı ASALA terror qrupunu böyük ölçüdə zərərsizləşdirdikdən sonra türkiyəli diplomatlara qarşı törədilən teraktlar səngidi.

Bu məsələdə paradoksal bir məqam var. 1988-ci ildə kükrəyən separatizm dalğası səbəbi ilə başlayan, 1992-94-cü illər arasında Qarabağın dağlıq və düzən hissəsinin itirilməsi ilə başa çatan və 1994-cü ilin mayında Qırğızıstan paytaxtı Bişkek şəhərində atəşkəs sazişinin imzalanması ilə başa çatan I Qarabağ müharibəsindən sonra heç kəsin ağlına gəlməzdi ki, ermənilər yeni bir “Nemezis” kampaniyasına başlayacaqlar. Məğlub olanda qisas hissi ilə alışıb-yanmaq bir baxımdan təbiidirsə, qalib olanda da qisasçılıq etmək hansı məntiqə sığırdı?

Ermənilər nəinki iddia etdikləri Dağlıq Qarabağı, eləcə də onun hüdudlarından kənardakı 7 rayonu işğal etmişdilər və özlərini müharibənin qalibi sayırdılar. Biz onlardan qisas almaq haqqında düşünməli olduğumuz halda, ermənilər qisas almaq məqsədi ilə yeni terror aktları hazırlamalı gözlənilməz idi.

Bəli, erməni terrorçular yüzdəyüz siyasi rəhbərlərinin göstərişi ilə 1994-96-cı illərdə iki dəfə Bakı metropolitenində, bir dəfə Azərbaycana gələn qatarda, bir dəfə isə avtobusda partlayışlar törədərək onlarla mülki həmvətənimizi qətlə yetirdilər.

Onlardakı kin və hikkə bu qədər güclüydü.

Ona görə də heç kəs, o cümlədən vətəndaşların təhlükəsizliyinə cavabdeh olan dövlət qurumları düşünməsin ki, ermənilər 2020-ci il məğlubiyyətlərinin və bu ilin 20 sentyabrında üzləşdikləri yenilginin, Qarabağı tamamən itirmələrinin qisasını almaq istəməyəcəklər.

Onlar bunu terror və ya cinayət saymırlar, “müqəddəs müharibə”nin bir epizodu sayırlar. Ermənilər “Nemezis”i terrorçuluq hərəkətləri saysaydılar, İrəvanda ona abidə qoymaz, bu əməliyyatlarda iştirak etmiş terrorçuların adlarını sırayla memorial abidədə daşa həkk etməz, dərsliklərdə onların həyatı və fəaliyyəti barədə yazmazdılar.

Bu baxımdan ehtiyatı əldən vermək olmaz. Bir neçə ildir ayrı-ayrı erməni siyasilər, vəzifə adamları da dönüb-dönüb “Nemezis”i xatırlayırlar, erməni gənclərini bu yolda fədakarlığa səsləyirlər. Hələ isti-istidir, can hövlü ilə hər kəs öz başının çarəsini axtarır, bir azdan məruz qaldıqları itkinin acısı onları çulğayınca toparlanacaq, bir-birini qızışdıracaq və qisasçı qruplar yaradacaqlar.

Başqa sözlə, bu tarixi günlərdə silah yolu ilə çözülən kələf “Qarabağ münaqişəsi”dir (hələ diplomatik müstəvidə bir müddət onun da mübahisəsi davam edəcək), “erməni məsələsi” həll olunmayıb, ona görə də “erməni düşmənçiliyi” davam edəcək.

Ümid edək ki, həmişə sayıq olacaq, işimizi ehtiyatlı tutacaq, onların bizi heç bir sahədə üstələməsinə imkan verməyəcəyik.

Araz Altaylı, Musavat.com

27.09.2023 19:20
3234