Karnegi Fondunun eksperti Azərbaycanı Qərbi regiona buraxmamaqda, Türkiyə, İran və Rusiya kimi mövqe sərgiləməkdə ittiham edir, Zəngəzur dəhlizini Bakının zorla aça biləcəyini deyir
Cənubi Qafqaz üzrə tanınmış britaniyalı ekspert Tomas de Vaalın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində regionda baş verən prosesləri geniş təhlil etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
Müəllif məqaləsinə bu ilin aprelində Rusiya sülhməramlı kontingentinin gözlənilmədən Qarabağ bölgəsindən çıxarıldığını xatırladaraq Azərbaycanın mühüm neft və qaz ehtiyatlarına, güclü ordusuna və Azərbaycanla qarşılıqlı faydalı əlaqələrə malik güclü oyunçu kimi meydana çıxdığını qeyd etməklə başlayır. O, region ölkələrinin Rusiya və Qərb arasında “tektonik sürüşmələr” dövrü yaşadığını deyir, buna misal olaraq Ermənistanın və Gürcüstanın adını çəkir. Ekspert xatırladır ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan Qərbə doğru daha qətiyyətli kurs tutdu və Gürcüstanda hakim partiya Avropa və ABŞ-la uzun illərdir mövcud olan sıx münasibətləri kəsməyə, Rusiya ilə yaxınlaşmağa çalışır.
Tomas de Vaal Qarabağ müharibəsindən sonra Rusiya ilə Azərbaycan arasında strateji münasibətlərin genişləndiyini, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün birgə layihələrin həyata keçirildiyini xatırladır. Ekspert yazır ki, Rusiya üçün bu dəhliz Qərblə yeni ticarət yollarının yaradılması və sanksiyalar səbəbindən məruz qaldığı iqtisadi itkilərin kompensasiyası üçün rəqabət planının tərkib hissəsidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa və Rusiyanın nəzarətinə keçərsə, bu, həm Ermənistan, həm də Qərb üçün “kabus”a çevriləcək. Belə olan halda Ermənistan İrana birbaşa çıxışını itirəcək, Rusiya isə İranla dəmir yolu və avtomobil əlaqələrinin qurulmasında ciddi irəliləyiş əldə edəcək. Ekspertin fikrincə, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün birgə hərəkət etsələr, Ermənistanın bunun qarşısını almağa gücü çatmaz. Tomas de Vaal qeyd edir ki, Azərbaycan istəsə, bir neçə saat ərzində Zəngəzur dəhlizi adlanan əraziyə zorla nəzarəti ələ keçirmək üçün hərbi potensiala malikdir.
Tomas de Vaal yazır ki, görəsən, “Rusiya qanunu” kimi qəbul edilən bu qanun və Moskva ilə iqtisadi-siyasi əlaqələrin getdikcə inkişafı nəticəsində Gürcüstan Rusiya ilə yaxınlaşa və Kremlin “Azərbaycanla olduğu kimi”, Gürcüstana da Cənubi Osetiya və Abxaziyanı hərbi yolla nəzarət altına almağa şərait yaratmasına səbəb ola bilərmi? Axar.az yazır ki, De Vaal məqaləsində Azərbaycanı açıq şəkildə Qərbi regiona buraxmamaqda, Türkiyə, İran və Rusiya kimi mövqe sərgiləməkdə ittiham edir və Ermənistandan başqa “ümid yeri olmadığını” vurğulayır. Çünki Qərbi Cənubi Qafqaza daşıyan Ermənistandır; ona görə Ermənistana AB külli miqdarda yardım ayırır; ona görə ABŞ Ermənistan iqtisadiyyatını can-başla dəstəkləyir - de Vaal yazır.
Sayt onu da yada salır ki, Tomas de Vaal kimi Cənubi Qafqazı kifayət qədər yaxşı tanıyan şəxs yazılarda keçmiş Dağlıq Qarabağ ərazisini “mübahisəli torpaqlar” adlandırmağa cəsarət edib, Rusiyanın “xristian qardaşları” ermənilərə xəyanət etdiyini bildirib, rus sülhməramlıların Qarabağdan çıxmasından şoka düşüb. Onun düşüncəsinə görə, sülhməramlılar ermənilərin bir hissəsini geri qaytara da bilərdilər.
Son məqaləsində əsas narahatlığı Qərbin bölgəyə yerləşə bilməməsi, regiondakı dəhlizlərə nəzarəti itirəcəyi, iqtisadi-siyasi təsirinin azalmasıdır.
Bəs Tomas de Vaalın dəyişən “val”ına səbəb nədir? ABŞ-da yerləşən Karnegi Fondunun əməkdaşı olan Tomas de Vaal obyektiv mövqeyini niyə itirib?
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq tam müstəqil xarici siyasət yürüdür və supergüclərin arasında manevr etmir, Qərbin əlində oyuncağa da çevrilməyib. Siyasi şərhçi hesab edir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir və balans siyasəti aparır. Onun fikrincə, bu da Qərbin bəzi dairələrini və ekspertlərini narahat edir: “Ümumilikdə Qərbin Azərbaycana münasibəti qərəzlidir. Biz bu münasibəti Qarabağ məsələsində görməkdəyik. Azərbaycan regionda stabilliyin olmasında maraqlıdır deyə həm Rusiya, həm İran, həm də qardaş Türkiyə ilə əməkdaşlığı gücləndirir. Bu da Qərb mərkəzlərinin xoşuna gəlməyə bilər. Lakin Azərbaycan altılıq platformasının reallaşmasına səy göstərir və 3+3 layihəsinin baş tutması Qərbin regionda möhkəmlənməsinə qarşıdır. Ermənistan isə Qərbin əlində alət olmaqla bölgədə sabitliyin pozulmasında iştirak edir”. A.Məsiyevə görə, Qərb İrəvanın əli ilə regionu qarışdırmağa çalışa bilər, amma buna nail ola bilməyəcək: “Ona görə də istər avropalı ekspertlərin, istər Qərbin güc mərkəzlərinin çıxışları olsun, bu addımlara pozuculuq niyyəti kimi baxmaq lazımdır. Azərbaycan region ölkələri, qonşuları ilə siyasi-iqtisadi əlaqələrini gücləndirməklə bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin və sabitliyin əldə olunacağını görməkdədir. Bunun alternativi yoxdur və qonşu dövlətlərlə münasibətləri gərgin saxlamaq heç zaman Cənubi Qafqaza rahat həyat gətirə bilməz”.
Fuad Əliyev
Siyasi şərhçi Fuad Əliyev de Vaalın “val”ı dəyişmədiyini düşünür, sadəcə, Ermənistan cəmiyyətində Paşinyan haqda müsbət fikir yaratmağa çalışır: “Guya regionda yeganə "azadlıq adası" bu ölkədir, demokratiya guya yalnız Ermənistandadır, Paşinyan guya ölkəsini işıqlı tərəfə aparır, Azərbaycan və Gürcüstan isə Rusiyaya yaxınlaşırlar. Halbuki Paşinyan qədər Putinə yarınan, Ermənistan qədər də Rusiyadan asılı olan dövlət yoxdur. İkinci detal ondan ibarətdir ki, sülhməramlılar erməniləri qaytara bilərdi, amma etmədilər, yenə də mesaj ötürür ki, Rusiyaya etibar etmək olmaz. Məncə, Qərb texnoloqları və təbliğatçıları erməni ictimai rəyində anti-Rusiya ritorikasını daha da körükləyirlər. Amma Tomasın Qarabağın dağlıq ərazisini “mübahisəli yer” adlandırması reallıq hissini itirməkdir. O ki yaxşı bilir - istər yuxarı, istər aşağı Qarabağ olsun, bütün ərazilər Azərbaycanın yurisdiksiyasına daxildir. Bunu Paşinyan belə etiraf edib. İndi Tomas nə demək istəyir ki? Onun ölkəsi Böyük Britaniyanın Azərbaycana olan münasibətini, deyəsən, yaddan çıxarıb..."
Emil SALAMOĞLU,
“Yeni Müsavat”