Ermənistan danışıqlar üçün növbəti məkanı qəbul edəcəkmi?; “Bu danışıqlar Orta dəhlizin mühüm oyunçularından sayılan ölkədə baş tutacaq”
Sentyabrın 9-da Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tərəflər bir sıra ikitərəfli məsələləri müzakirə ediblər. Rəsmi məlumatda o da deyilir ki, Tokayev Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Yada salaq ki, bu il mayın 10 və 11-də Almatıda Qazaxıstan XİN-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının iki günlük görüşü olub. Tokayevin bu vasitəçilik missiyasını yenidən təklif etməsi maraq doğurur. Əlbəttə, Tokayevin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün yenidən platforma təklif etməsi müsbət haldır. Çünki Qazaxıstan hər iki ölkəyə yaxın əlaqələrə malik olduğu üçün, neytral vasitəçi ola bilər. Nəzərə almaq lazımdır ki, Qazaxıstan Azərbaycanla yaxın əlaqələrə malik olmaqla yanaşı, Ermənistanla eyni hərbi (hələ ki formal olsa da) və iqtisadi bloklarda təmsil olunurlar. Düzdür, işğal dövründə Qazaxıstan birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. İndi isə Qarabağ məsələsi həll olunduğu üçün Qazaxıstan daha çox Ermənistanı regional əməkdaşlığın vacibliyinə inandırmağa çalışır. Çünki Çinin “Bir kəmər, bir yol” layihəsinin üzərində yerləşən Qazaxıstan bu marşrutun Mərkəzi Asiyadan keçən hissəsini təşkil edən Orta dəhlizin reallaşmasında maraqlıdır.
Ukrayna müharibəsi fonunda Qazaxıstan Çindən Avropaya gedən yüklərin bir hissəsinin Zəngəzur dəhlizi vasitəsilə daşınmasında maraqlıdır. Çünki təkcə Bakı-Tiflis-Qars dəmir yolu bunun üçün yetərli deyil. Bu marşrutlarla həm də öz məhsullarını Avropa bazarlarına çıxartmaq istəyir. Digər tərəfdən, Qazaxıstanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı bir təcrübəsi var. 90-cı illərin əvvəllərində Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev bununla bağlı bir neçə dəfə cəhd göstərib, amma alınmayıb. O baxımdan, Qazaxıstanın yenidən belə bir təşəbbüslə çıxış etməsi təəccüblü deyil. Yada salaq ki, qeyri-rəsmi məlumatlara görə, İrəvan Moskvanın vasitəçiliyi ilə görüşlərin təşkilinə yumşaq desək, soyuq baxır. Qazaxıstanın vasitəçilik üçün Astananı təklif etməsinə isə çətin ki, Rusiyanın xüsusi qıcığı olsun. Çünki Tokayevin Putinlə ən yüksək səviyyədə dostluq münasibətləri var. Bu mənada təşəbbüs reallaşa, Astana sülh meydançası ola bilərmi?
“Qazaxıstan prezidenti çox təcrübəli diplomatdır. Əgər o, məhz indi Azərbaycan prezidentinə Astananın sülh danışıqları aparılması üçün yenidən platforma rolu oynayacağını deyirsə, belə görünür ki, birincisi, görüş üçün şərait yarandığı, ikincisi, Ermənistanın da onun məhz Astanada keçirilməsinə razılıq verəcəyi haqda bilgisi var”.
Deputat Sahib Alıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. S.Alıyevin fikrincə, Ermənistanın danışıqların Astanada aprılmasına qarşı çıxmayacağı Vladimir Putinin Nikol Paşinyana zəngi zamanı razılaşdırılıb: “Artıq çoxlarına sirr deyil ki, Ermənistan rəhbərliyinin anti-Rusiya ritorikası bir sıra hallarda Moskvanın maraqlarına xidmət edir. Yəni Rusiyaya satışına qadağa qoyulan malların böyük bir hissəsinin ora məhz Ermənistan üzərindən ötürülməsində, yaxud da Qranada və Brüsseldəki reallıqların üzə çıxması səbəbindən Qərb platformasının danışıqlar üçün cəlbediciliyini itirməsində bu ritorika az rol oynamır. Və belə bir ritorika ortada ikən, rəsmi İrəvanın Azərbaycanla Ermənistan arasında danışıqların Rusiyada aparılmasına razılıq verməsi Qərbdə təbii ki, soyuq duş effekti yaradacaqdı. Özü də söhbət iki ölkə arasında əlaqələrin normallaşması haqda çərçivə anlaşmasının imzalanması, yaxud da sənədin paraflanması yönündə mühüm addım atılacaq bir görüşdən gedirsə...”
Sahib Alıyev
Azərbaycana gəldikdə, deputat qeyd etdi ki, biz ilk zamanlar ikitərəfli format çərçivəsində aparılması şərtilə, az öncə xatırladılan Qaranada və Brüssel reallıqları üzə çıxanadək danışıqların istənilən platformada baş tutmasına hazır və razı olmuşuq: “2023-cü ilin oktyabrında Qranada sammitində Avropa Birliyinin Fransanın yedəyində getməsi və bu ilin aprelində Brüsseldəki üçlü görüşdə ABŞ-ın bunun arxasında əslində özünün durduğunu sərgiləməsi təbii ki, Azərbaycanın haqlı narazılığına səbəb olmaqla yanaşı, sözügedən güclərin sülh danışıqlarının təşkilatçıları rolunda çıxış etmələrinin üstündən də xətt çəkdi. Bu danışıqların bizimlə eyni bir ailənin üzvü olan və mümkündür ki, hətta yaxın pespektivdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldəcəyimiz bir dövlətin paytaxtında keçirilməsinin əslində nə anlam daşıdığını deməyə ehtiyac da yoxdur. Üstəlik, unutmaq lazım deyil ki, bu danışıqlar Orta dəhlizin mühüm oyunçularından sayılan bir ölkədə baş tutacaq. Və ola bilsin ki, orada Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yönündə də irəliləyiş əldə edildi".
S.Alıyevin fikrincə, hər halda, İrandakı rejimin əndişəsindən belə görünür ki, onlar Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq vermək üzrə olduğunu düşünürlər, yaxud da bu haqda məlumatları var: “Doğrusu, bilmirəm, Azərbaycanla Qazaxıstanın dövlət başçıları arasında telefon danışığında bu mövzuya toxunulub ya yox, amma rejim təmsilçilərinin Zəngəzur dəhlizi ilə bağlı narazılıqlarının hədəfi olaraq Rusiya göstərilsə də, onların açıqlamalarında türk düşmənçiliyi daha qabarıq görünürdü ki, məncə, Mərkəzi Asiyadakı qardaşlarımızın da diqqətini çəkməyə bilməzdi. Ümid edirəm ki, Mərkəzi Asiya dövlətləri belə bir rejimlə gələcək əlaqələrdə bu reallığı görməzdən gəlməyəcəklər, eyni zamanda öz yüklərinin İran üzərindən ötürülməsinin nə dərəcədə maraqlarına cavab verib-vermədiyi üzərində də düşünəcəklər”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Qazaxıstan Azərbaycanla yüksək əlaqələri olan dost ölkədir: “İki ölkə arasında dərin bağlar və siyasi əlaqələr mövcuddur. Həm də nəzərə almalıyıq ki, Qazaxıstanın Ermənistanla da əlaqələri həmişə normal olub. Mərkəzi Asiyada siyasi təsir gücünə görə ən vacib ölkələrdən biridir Qazaxıstan. Belə olan təqdirdə, Tokayev bir neçə dəfə Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istədiyini bildirib. Qazaxıstanın nüfuzunu və siyasi çəkisini nəzərə alanda, Astana format olaraq həqiqətən də təsirli platforma ola bilər. Azərbaycanla Ermənistan arasında Ermənistanın bütün provokasiyalarına rəğmən irəliləyişlər mövcuddur”. T.İsmayılov hesab edir ki, əslində Qazaxıstan formatının iki vacib nəticəsi ola bilər: “Birincisi, Qazaxıstan bölgəyə yaxın ölkədir, hətta anlaşmazlıqları da aradan qaldıran bir uğurlu platformadır. İkincisi, Qazaxıstan formatı regionu qarışdırmaq istəyən üçüncü tərəflərə də barrikadalar ola bilər. Top Ermənistan tərəfdədir. Fransa və imperialistlərin əlində Ermənistan oyuncaqdır, Qazaxıstanın vasitəçiliyini əngəlləmək üçün əllərindən gələni edirlər”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Qazaxıstan prezidenti Tokayevin prezident İlham Əliyevə parlament seçkilərinin nəticələri ilə bağlı təbrik zəngi fonunda Qazaxıstanın Ermənistanla Azərbaycan arasında vasitəçi olmağı təklifi xüsusi siyasi əhəmiyyət kəsb edir: “İlk növbədə Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə uyğun olaraq ikitərəfli delimitasiya və demarkasiya prosesində razılığa gəlib. Həmçinin Astana neytral tərəfdir və tərəflər bu formatda danışıqlar apararsa, ciddi irəliləyiş əldə edilə bilər. Hazırda Rusiya və Qərb Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışır. Məhz Qazaxıstanın belə bir təşəbbüslə çıxış etməsi prosesi neytrallaşdırır. Qazaxıstan iki tərəf arasında sülhün tezliklə bağlanmasında maraqlıdır”. M.Əsədullazadə əlavə etdi ki, ümumiyyətlə, Qazaxıstan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: “Orta dəhlizin əsas seqmenti olan bu dəhliz Orta Asiya ilə Qərbi birləşdirən əsas yollardan biridir. Qazaxıstan öz təşəbbüsündə maraqlıdır”. Amma ekspert hesab edir ki, Azərbaycana heç bir format lazım deyil: “Yalnız Ermənistanla ikitərəfli danışıqlar əsasında ciddi irəliləyiş əldə oluna bilər. Məhz üçüncü tərəflərin iştirakı olmadan artıq irəliləyiş əldə edilib. Qazaxıstan tərəfi öz təkliflərində səmimidir və irəliləyiş əldə edilməsi üçün obyektiv mövqe tutub. Hesab edirəm ki, Astanada xarici işlər nazirləri görüşə bilər. Hətta sülh müqaviləsinin ya sərhəddə, ya da Astanada bağlanması məqbul sayıla bilər”.
Hələlik İrəvandan Tokayevin təşəbbüsünə reaksiya yoxdur. Görünür, havadarlarından, ağalarından mesaj gözləyirlər...
E.PAŞASOY,
“Yeni Müsavat”