Togg satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.
Bu barədə Togg-un rəsmi sosial media hesabında məlumat verilib.
"Togg ilk səkkiz ayda T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb. T10X satışa çıxarıldığı vaxtdan - apreldən bu yana avtomobil bazarında son dörd ayda ciddi uğur qazanıb. Bundan əlavə, Togg T10X bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyasında liderə çevrilib",- deyə məlumat bildirilib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.//Trend