Tiktokerlər gənclərə nümunə ola bilməz

Ekspert deyir ki, gənclərin intellektual səviyyəsinin artırılması yönündə proqramlar hazırlanmalıdır

Son vaxtlar “TikTok” sosial şəbəkə platformasında gəncləri, yeniyetmələri müəyyən pis vərdişlərə təhrik edən, onların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması ilə bağlı narazılıq var.

Qeyd olunur ki, bu platforma açıq şəkildə əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanına çevrilib.

Bəzi istifadəçilər son dərəcə vulqar, jarqon sözlərdən, söyüşlərdən, təhqirlərdən istifadə edir, başqalarını aşağılamağa çalışır. Hətta bu platformada qadın alveri açıq formada həyata keçirilir. Belə ki, yüngül həyat tərzi yaşayan xanımlar bu platformada öz hesabları vasitəsilə hansı qiymətə görüşəcəklərini elan edir və sairə.

Azərbaycanda bu platformadan istifadə edənlərin sayı dəqiq bilinməsə də, 1 milyondan çox olduğu təxmin edilir. İstifadəçilərin əksəriyyəti 24 yaşa qədər olan uşaq və gənclərdir. Bu baxımdan, “TikTok”un bağlanması və yaxud aidiyyəti qurumlar tərəfindən bu platformaya məhdudiyyətlərin tətbiq olunması, nəzarətin gücləndirilməsi ilə bağlı təkliflər səslənir.

Lakin bir sıra mütəxəssislər qeyd edir ki, hansısa platformanın bağlanması, məhdudiyyətlərin tətbiq olunması insanların daxilində emosiyaların daha sərt formada qalmasına gətirib çıxarır. Buna görə də daha çox gənclərin, yeniyetmələrin intellektual səviyyəsinin artırılması yönündə proqramların yaradılmasına ehtiyac var.

Bizim övladlarımızı bizdən xəbərsiz kimlərsə tərbiyə edir” — Sosioloq

 Lalə Mehralı

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Yeni Müsavat”a danışıb: “Məlum məsələdir ki, bir çox "TikTok" istifadəçiləri bu platformada aktivlik nümayiş etdirərək, reklam, qazanc əldə edir, daha sonra özünün lüks həyatını nümayiş etdirir. Birdən-birə varlanmaq arzusunda olan bəzi yeniyetmə və gənclər də onların davranışlarını təqlid etməyə, özünü onlara bənzətməyə çalışırlar. Düşünürlər ki, bu cür yolla məşhurluq qazanmaq, ondan gəlir əldə etmək daha asan və yaxşıdır.

Ən pisi budur ki, bəzi telekanallar tiktokerləri ekspert qismində efirə dəvət edir, onları müzakirələrə cəlb edir, tövsiyələrini dinləyirlər. Yəni ağır səslənsə də, həmin tiktokerlərin həyasızlığını nümayiş etdirir, sanki onların önəmli olduğunu önə çəkirlər. İnsanların da beyinlərinə yürüdürlər ki, tiktoker olsan hər kəs səni tanıyacaq, yaxşı pul qazanacaqsan, yaxşı yaşayacaqsan və sairə. Efirdə milyonların gözü önündə bu cür insanları piar edəndə təbii ki, gənclər, yeniyetmələr bunu artıq normal hal kimi qəbul edəcək.

Ümumiyyətlə, “TikTok” sosial şəbəkəsi yaradılanda digər platformalar kimi formalaşdırılıb. Lakin zamanla funksiyalar daha əlçatan, məşhurlaşma imkanı əlverişli olduğuna görə insanlar daha çox bu platformada toplaşıblar və əhatəsini də ona uyğun tənzimləyiblər. Məsələn, “TikTok”da elmi, informasiya, tibb kanalları və yaxud normal reklamlar nümayiş etdirən və ondan qazanc əldə edənlər də var. Sadəcə, qeyd etdiyim kimi, kim necədirsə, ətrafına da o cür insanlar toplayır. Məsələn, istifadəçinin baxdığı səhifələrə uyğun ona təkliflər gəlir. Bu funksiya digər sosial şəbəkələrdə də var.

İndiki yeniyetmələr və yaxud uşaqlara “bu pisdir, buna baxmayın və yaxud istifadə etməyin” deyə qadağalar, məhdudiyyətlər qoymaq çox çətindir, bəzən mümkünsüzdür. Çünki qadağalar qoyulsa belə, yeniyetmə və yaxud uşaqlar maraq göstərdiyi internet resurslarına, sosial şəbəkələrə müxtəlif yollarla giriş imkanı əldə edə bilirlər. Bu o deməkdir ki, biz qadağalar, məhdudiyyətlərdənsə, uşaqların, yeniyetmə və gənclərin maraq dairələrini dəyişdirməli, onların intellektual səviyyələrini artırmaq üçün tədbirlər görməliyik. Gənc, yeniyetmə nə görürsə, onu təqlid edir. Bu baxımdan, telekanalların təsir imkanlarından istifadə etmək lazımdır. Bu gün telekanallarda uşaqlar, yeniyetmələr, eləcə də gənclər üçün verilişlər çox azdır. Əvvəllər efirlərdə intellektual yarışlı verilişlər var idi və kiçikdən tutmuş böyüklərə qədər hər kəs o verilişləri böyük maraqla izləyirdi. Çox təəssüf ki, son illər bu cür verilişlər efirlərdən yığışdırılıb. Televiziyalar indi onlara reytinq gətirən proqramlar hazırlayırlar. Bunlar da ki, əsasən ailə-məişət mövzusunda olan tok-şoulardır. Nəticədə efirlərə maraq azalıb və yeniyetmələr, gənclər daha çox internet resurslarından informasiya almağa çalışırlar.

Hesab edirəm ki, yeniyetmə və gənclərimizin əxlaqını, tərbiyəsini nəzərə alaraq, yeni mədəni-maarif verilişləri, proqramlar hazırlanmalıdır. Həmin proqramları da maraqlı, müasir dövrə uyğun hazırlamaq lazımdır ki, maraq doğura bilsin.

Həmçinin “TikTok”da reytinq xətrinə başqalarını təhqir edən, söyüşlər səsləndirən, qışqıran-bağıran, mentalitetimizə, adət-ənənəmizə zidd olan davranışlar nümayiş etdirən şəxsləri efirlərə dəvət etmək yolverilməzdir. Yalnız normal düşüncələrə malik, cəmiyyətə faydalı tövsiyələr verə bilən ədəbli şəxsləri efirə çıxartmaq lazımdır, nəinki cəmiyyətimizin, gəncliyimizin tərbiyəsini təhdid edənləri..."

Yazını hazırladı: Xalidə GƏRAY




13.12.2023 08:00
1114