“”TikTok" qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da".
Bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Tarixin bir günü” verilişində deyib. O, “TikTok” sosial şəbəkə platformasını tənqid edib:
Rövşanə Ağasəfqızı
“TikTok”a müğənnilər normal mahnılarını qoysa, nə olar? “Facebook” bu gün ən ciddi platformaya çevrilib. Nə üçün “TikTok” deyirik? “TikTok”u biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır".
Qeyd edək ki, son vaxtlar Azərbaycanda “TikTok”un bağlanması ilə bağlı çağırışlar olub, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması kimi paylaşımlar göstərilir. Qeyd olunur ki, “Tik-Tok” müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub. Hətta bu platformada qadın alveri açıq formada həyata keçirilir. Belə ki, yüngül həyat tərzi yaşayan xanımlar bu platforma da öz hesabları vasitəsilə hansı qiymətə görüşəcəklərini elan edir və sairə.
Hikmət Babaoğlu
Artıq deputatlar, tanınmış ictimaiyyət nümayəndələri də buna öz etirazını bildirir. Belə ki, bu günlərdə deputat Hikmət Babaoğlu xüsusilə də “Tik-Tok” kimi vasitələrlə insanların beyni və şüurunun manipulyasiya edildiyini bildirmişdi. “Bu kimi şəbəkələrin əsas hədəfi, idraki keyfiyyəti tam formalaşmamış gənclərdir. Bu şəbəkədə yayılan videoların əksəriyyəti bizə subliminal mesaj göndərir. Belə ki, hər bir insan bir saniyədə 24 kadr görə bilir. Amma ”Tik-Tok"da yayımlanan 25-ci kadrla emosional yaddaşımıza müraciət olunur. Bu yaddaşa hansı informasiyalar ötürülürsə, beynimizə adi yaddaşdan daha tez həkk olunur və beləliklə, oradan gələn direktivlərin icraçısına çevrilirik", deyə deputat qeyd etmişdi.
Fazil Mustafa
Deputat Fazil Mustafa isə hesab edir ki, bütövlükdə “TikTok” da daxil olmaqla, heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyil, çünki bağlamaq məsələni həll etmir: “Müvəqqəti olaraq hansısa platformanı bağlamaq insanların daxilində emosiyaların daha sərt formada qalmasına gətirib çıxarır. Biz daha çox sosial şəbəkənin mədəniləşməsi istiqamətində çalışmalıyıq. Çünki bu mədəniləşmə olmasa, prosesləri tənzimləmək də çətin olacaq. Dünyada ”TikTok"u bizi kimi istifadə eləmirlər. Bizdə bu cür istifadə edirlərsə, deməli, problem özümüzlə bağlıdır. Bunlar maşın sürmək kimi bir şeydir. Maşınla avtoşluq da edə bilərsən, normal da sürə bilərsən. Əgər kimsə avtoşluq edirsə, bu adamın öz xarakteri ilə bağlıdır. Ona görə də sosial şəbəkələri bağlamaqla normallaşmasını gözləmək mümkünsüzdür".
Bəs ekspertlər çıxış yolunu nədə görür?
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Ümumiyyətlə, istər real, istərsə də virtual həyatda olan bütün fəaliyyət sahələri tənzimlənməlidir. Yəni, fəaliyyət varsa orada mütləq hüquqi tənzimləmə olmalıdır.
Məlum olduğu kimi “TikTok” şəbəkə vahidi Çində ərsəyə gəlib. Amma Çin bunu hazırlayarkən onun iki versiyasını düşünüb. Birincisi ixracat predmenti kimi i başqa ölkələr üçün nəzərdə tutulan, digəri isə Çinin özü üçün nəzərdə tutulan işləyən versiyası. Çin hətta öz versiyasını belə öz ölkəsinin istifadəçiləri üçün belə məhdudlaşdırıb. Belə ki, əmək qabiliyyətli əhali üçün gecə saat 22:00-dan səhər saat 08:00-ə qədər məhdudiyyət və uşaqlar üçün ayrıca məhdudiyyət tətbiq edib.
Üzeyir Şəfiyev
Başqa ölkələr üçün hazırlana “TikTok” versiyasına qarşı isə dünya ölkələri tərəfindən münasibət birmənalı deyil. Belə ki, iddialar var ki, “TikTok” öz istifadəçilərin məlumatlarını əldə etmək imkanına malikdir. Yəni, istifadəçilərin təhlükəsizliyini təhdid edir. Bununla bağlı ABŞ və Qərbin etiraz dalğası var. Hətta ABŞ-Çin münasibətlərində “TikTok” sosial şəbəkə vahidi bir müddət münaqişə predmetinə çevrilmişdi. Buna görə də Qərbin bir sıra ölkələri öz qulluqçularına dövlət məmurlarına b sosial şəbəkədən istifadəni qəti şəkildə qadağan edib, bir sıra tədbirlər görülüb".
Sosioloq qeyd edib ki, ümumilikdə bütün sosial şəbəkə vahidlərinin həm neqativ, həm də pozitiv tərəfləri var:
“Yəni, bundan praqmatik məqsədlər üçün istifadə edənlər, faydalanan, əxlaqa və hüquqa zidd davranış sərgiləmədən istifadə edən kifayət qədər istifadəçi auditoriya var. Lakin çox təəssüf ki, digər sosial şəbəkə vahidləri kimi ”TikTok" sosial şəbəkə vahidindən də istifadə zamanı bir sıra hallarda hüquqa, əxlaqa zidd davranışlar görürük. Belə ki, bəzi istifadəçilər son dərəcə vulqar, jarqon sözlərdən, söyüşlərdən, təhqirlərdən istifadə edir, başqalarını aşağılamağa çalışır. Bu istifadəçilərə elə gəlir ki, bura nəzarətsiz bir platformadır və burada istədiklərini edə, qanunsuz fəaliyyət göstərə, insan alveri, yasaq məhsulların satışını apara bilərlər. Lakin unudurlar ki, “TikTok” və digər sosial şəbəkələrə nəzarət var.
Xatırladım ki, bir çox ölkələrdə, hətta qarda Türkiyədə sosial şəbəkələri tənzimləyən qanun qəbul olunub. Bu ölkədə sosial şəbəkə vahidlərindən istifadədə uşaqların və böyüklərin istifadəsi ilə bağlı məsələlər müəyyənləşdirilib. Güman edirəm ki, bənzər qanunlar Azərbaycanda da qəbul olunmalıdır".
Üzeyir Şəfiyev sonda vurğulayıb ki, Azərbaycanda media haqqında qanunla yanaşı, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı da bir qanunda var, həmin qanunlar imkan verir ki, bu cür sosial şəbəkə vahidlərinin fəaliyyətinə nəzarət mexanizmi təsdiq olunsun.
Xalidə GƏRAY,
“Yeni Müsavat”