Azərbaycanda əksəriyyət TikTok seqmentinin ölkəyə heç bir faydası olmadığını və bu sosial şəbəkənin bağlanmasının tərəfdarı olduğunu bildirir. Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı son sorğu da bunu deməyə əsas verir.
Sorğunun nəticələrinə əsasən, 74,9% TikTok sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib. Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib. Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Qeyd edək ki, dünyanın bir sıra ölkələri TikTok sosial şəbəkəsinin bağlanması və yaxud müəyyən qədər məhdudlaşdırılması ilə bağlı qərarlar verir, müzakirələr aparır. Son olaraq ABŞ-da bu sosial şəbəkənin bağlanacağı ilə bağlı iddialar səslənirdi. Ardınca isə Azərbaycanda da TikTok seqmentinin bağlanması ilə bağlı müzakirələr yenidən gündəmə gəldi.
Ümumiyyətlə, vaxtaşırı olaraq TikTok-un ölkəmizdə bağlanması ilə bağlı təkcə sıravi vətəndaşlar deyil, millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri tərəfindən çağırışlar səslənir. İctimaiyyət bu sosial şəbəkədə tiktokerlərin əxlaqa zidd hərəkətlər etdiyini bildirir və narazılıq edirlər.
Qeyd edək ki, təkcə son bir ay ərzində xeyli sayda tiktoker bu sosial şəbəkədə qanunsuz çağırışlar etmək və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar. Son bir ayda saxlanılananlar arasında “Magerramoff” adıyla tanınan Əmrah Məhərrəmov və “Miri” ləqəbli Mirnamiq Mirələmzadə, “Roşka” ləqəbli Rövşən Süleymanov, “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 9 yaşlı oğlu ilə birlikdə çıxışlarında nalayiq ifadələr işlətdiyi, övladının tərbiyəsinə neqativ təsir göstərməkdə ittiham olunan 36 yaşlı Sadiq Mirzəyev var.
Bəs nə etməli? Ölkəmizdə TikTok sosial şəbəkəsi bağlana bilərmi?
Bəzi mütəxəssislər qeyd edir ki, hansısa sosial şəbəkəni bağlamaq yerinə, gənclərin, yeniyetmələrin dünyagörüşünü, mədəni səviyyəsini artıracaq elmi-kütləvi, mədəni-maarif proqramlarının yaradılmasına, təbliğinə ehtiyac var.
Aydın Xan Əbilov
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “XXI əsrin birinci yarısından sonra dünyanın hər yerində sosial şəbəkələr, elektron ünsiyyətin intensivləşməsi, bəşəriyyətin qarşısında çox böyük imkanlar yaratdı. Təhsili, elmi, ümumiyyətlə, intellektual səviyyəsi yüksək olan cəmiyyətlərdə sosial şəbəkələrin ilkin, keçid, "yeniyetməlik" dövrünü çox tezliklə anladılar və sosial şəbəkənin internetin böyük bir imkanı kimi qəbul edərək, ondan alternativ biznes, təhsil, virtual öyrətmə, universitetlər, ofislər yaratmaq, yeni bacarıq və yeni bilgilər əldə etmək üçün resurs kimi istifadə etməyə başladılar. Eyni zamanda öyrəndiklərini digərlərinə çatdırmaq üçün sosial şəbəkələrin imkanlarından maksimum istifadə etdilər.
Lakin bir çox Asiya və Afrika, Cənubi Amerika, xüsusən də İslam ölkələrində, təhsilin, ümumi ictimai intellektual səviyyənin aşağı olduğu, həmçinin keçmiş MDB ölkələrində internet resurslarının “yeniyetməlik” dövrü bir qədər uzandı. Azərbaycanda isə bu “yeniyetməlik” dövrü hələ də davam edir, baxmayaraq ki, ilkin sosial şəbəkə mərhələsini artıq adlamışıq. Nəzərə alaq ki, dünyadakı 60 milyonluq azərbaycanlını virtual olaraq birləşdirən sosial şəbəkələr, videoplatformalardır. 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələrin gücünü gördük. Bu baxımdan sosial şəbəkələrdən yaxşı mənada yararlanmaq vacibdir.
Məlum olduğu kimi, sosial şəbəkələr artıq böyük ölkələrin, nüfuzlu şirkətlərin maraq toqquşmasına getdiyi məkana çevrilib. Məsələn, Avropanın özünün, ABŞ-ın da özünə məxsus ayrıca sosial şəbəkələri var. Eləcə də Rusiyanın buna qarşı olan “Mail.ru”, “Odnaklassnik” kimi sosial şəbəkələri var. Eləcə də Çin bütün bu sosial şəbəkələrin hər birinin imkanlarını, texnologiyalarını sintez edərək, TikTok kimi qlobal şəbəkə yaratdı.
Beləliklə, TikTok artıq 5 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində artıq virtual nəsil deyil, yeni TikTok nəsli ortaya çıxıb. Bu nəsil daha çevik, daha ağıllı, sanballı, audiovizual imkanlardan istifadə edərək, ondan yararlanıb öz biznesini yaradan, marketinq və digər bazarlaşma istiqamətlərində yeni süni intellekti tətbiq etməyi bacaran nəsildir. Ona görə də bir çox Avropa və Şərq ölkələri, eləcə də ABŞ TikTok-u qısqanmağa başlayıb. Bu ölkələr iddialar ortaya qoyur ki, guya TikTok insanların mənəviyyatını pozur, gəlin onu bağlayaq.
Azərbaycana gəldikdə, hələ ki ölkəmizdə elə bir imkan yoxdur ki, TikTok kimi böyük bir sosial şəbəkə platforması yaradılsın. Buna görə oturuşmuş sosial şəbəkələrdən maksimum istifadə etməyə çalışırıq. Doğrudur, TikTok-un bir çox mənfi tərəfləri var və bu, hər kəsə məlumdur. Ona görə də çalışmalıyıq ki, yeni nəsli daha çox təhsilə, elmə, öz intellektual səviyyəsini artırmağa meyl etdirək. Yoxsa ki, gəlin TikTok-u və yaxud interneti bağlayaq kimi çağırışlar etmək problemin həlli deyil.
Ümumiyyətlə, nəyisə bağlamaq, qapatmaq həll, çıxış yolu deyil. Sadəcə, qanun çərçivəsində addım atmalıyıq. Biz gənclər yeni nəsil üçün TikTok-da yeni resursların yaradılması ilə bağlı dövlət tərəfindən xüsusi proqramların yaradılmasını istəməliyik. Çox təəssüf ki, hələ də Azərbaycanda internet resurslarının inkişafı ilə bağlı normal bir fond yoxdur. Doğrudur, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində internet fondu yaradıldı, amma həmin fonddan yalnız öz şəxsi mənafeyi üçün öz şəriklərinə layihələri verdilər və internetin resurs, intellektual inkişafı ilə bağlı heç bir iş görülmədi.
Beləliklə, biz resurslar yaratmadan, gəncləri formalaşdırmadan, Azərbaycanın internet və sosial şəbəkə istifadəçilərinin estetik, intellektual düşüncəsini yönəltmədən, nəyisə qadağan etməklə dünyanı özümüzə güldürmüş olarıq. Bunun əvəzinə dövlət yeni proqramlar yaratmalıdır".
Hazırladı: Xalidə GƏRAY