Tikinti bazarlarının qara günü: “Benzin qalxıb, cərimə çoxalıb, alıcı yoxa çıxıb”

Azərbaycanda müxtəlif sahələrdə baş verən qiymət artımı tikinti bazarından da yan keçməyib. Bakının ən böyük inşaat materialları satılan yerlərində də bu əməlli-başlı hiss olunur. Bəs qiymət artımına səbəb nədir? Real şərtlər bunu tələb edir, yoxsa sahibkarlar tərəfindən süni artım edilib. Məsələnin məğzini satışla məşğul olanlardan soruşduq.

Bunun üçün paytaxın müxtəlif ərazilərində yerləşən tikinti bazarlarına baş çəkdik və hazırki durumla maraqlandıq.

Satıcılar bildirdilər ki, digər sahələrdə yaşanan qiymət artımı bu sahədə qiymət artımına əsas yaradıb. Əsas şikayətləri isə alıcılıq qabiliyyətinin aşağı düşməsindəndir.

Elnur Əhmədov: “Alıcı yoxdur. Satış çox aşağı düşüb. Dəqiq deyə bilmərəm bu qiymət artımı ilə bağlıdır, ya yox. Qiymətlər ötən illə müqayisədə 10-15 faiz artıb.  Bütün məhsullarda artım yoxdur, əsasən boyaların qiymətində bu nəzərə çarpır”.

Taxta satışı ilə məşğul olan Valeh Qurbanov da aktivliyin olmamasından gileylənir:

“Ərzaq məhsullarının qiymətində qalxım var deyə insanlar tikinti işərinə çox da maraq göstərmirlər. Çünki vətəndaşın ərzaqdan başqa qalan heç nəyə pulu çatmır. Düşünürəm ki, alıcı üzünə həsrət qalmağımızın yeganə səbəbi budur. Çünki taxta istehsalında və satışında qiymətlər insanları hürküdəcək dərəcədə artmayıb. Artım cüzi formadadır”.

Kafel-metlax, kərpic və mişar daşı satışında da durğunluq yaşanır. Satıcıların sözlərinə görə, bu sahədə qiymət artımı daşınma xərclərinin çox olması ilə bağlıdır. 

“Benzinin qiymətindəki qalxma yüklərin daşınmasında qiymət artımına səbəb olur. Belə olan halda biz də məcburuq ki, qiymətləri qaldıraq. Çünki nəqliyyata əvvəlki dövrlə müqayisədə daha çox pul ödəyirik. Amma ümumilikdə bazarda bir durğunluq, passivlik hökm sürür. İnsanlarda pul yoxdur. Ən əsas da parklanma ilə bağlı cərimələrin 20 manatdan 100 manata qalxması işimizə ciddi əngəl törədib. İnsanlar maşınlarını yol qırağında saxlayıb bazara baş çəkə bilmir. Cərimələrdən qorxurlar”, - satıcılar narazılıqlarını bildirirlər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, tikinti bazarında bahalaşma Rusiya və Ukrayna arasında müharibə başlayandan vüsət alıb.

WhatsApp Image 2024-07-30 at 18.07.18.jpeg (25 KB)
Vüqar Oruc

Bahalaşma Azərbaycana inşaat materiallarının gətirilməsində yaranmış problemlərdən qaynaqlanıb. 

“Bunda sonra dövrü olaraq bu bahalaşma davam edib. Apardığımız təhlilə əsasən deyə bilərəm ki, yerli istehsal bir çox hallarda yaranmış qıtlığı aradan qaldırmaq üçün  yardımçı olub. Yəni, yerli istehsal daha da artıb. Bunun nəticəsində ayrı-ayrı pozisiyalarda inşaat materialları üzrə qiymətlərdə müəyyən stabillik yaranıb.  Məsələn, sement, armatur, metal listlər, mişar daşı və bu növ digər inşaat materiallarının qiymətlərində uzun müddətli stabillik müşahidə edilir. Amma kənardan alınan materialların qiymətində artım təbiidir”. 

Ekspert deyir ki, digər valyutalarda olduğu kimi manatın alıcılıq qabiliyyəti də əvvəlki dövrlərdən fərqlənir. Maliyyə prosedurlarına və qaydalarına görə, müəyyən inflyasiya təsirinə məruz qalır. Bunun nəticəsində də qiymətlərdə bahalaşma meydana gəlir.

“Bununla paralel olaraq bir neçə amil var ki, onu da xüsusi olaraq qeyd etmək lazımdır. Tikinti bazarındakı vəziyyətə təsir göstərən məqamlardan biri də azad olunmuş ərazilərdə infrastrukturun bərpası, layihələr və böyük abadlıq işlərinin aktiv şəkildə aparılmasıdır. Bu işlərin həyata keçirilməsi üçün inşaat materiallarına, eyni zamanda texnika və qurğulara böyük tələbat var. O cümlədən işçi qüvvələrinə çox böyük ehtiyac yaranıb.  Bu da ölkə iqtisadiyyatının böyüməsinə və qiymətlərin yüksəlməsinə səbəb olur.  Çünki hansı sahədə tələbat mövcuddursa, o sahədə qiymətlərin artımı ilə biz qarşılaşırıq. Yay mövsümü və yaydan əvvəlki mövsüm tikinti işlərinin genişlənməsinə səbəb olur. Bu da mövsümü olaraq qiymətlərə təsir edir və tikinti passivliyi aradan qalxır”. 

Vüqar Oruc qiymət artımında süni səbəblərin olması ehtimalının olmadığını bildirir.

“Tikinti materialları bazarı illərdən bəri formalaşıb Bu bazarda proseduralar məhz bazarın özünü tənzimləməsi ilə həyata keçirilir. Əgər bir yerdə məhsula ehtiyac varsa, onun qiymətində təbii, ki, artım baş verməlidir.  Əks halda enmənin şahidi oluruq. Burada hər hansısa bir süni təsirdən söhbət gedə bilməz.

Məhsulların daşınmasında olan artım birbaşa tikinti materiallarının qiymətlərinə də təsir göstərir. Kərpic, mişardaşı kimi material növlərində qiymətlər 10-15 faiz yüksəlib. Bazarın digər məhsullarında biz bu tendensiyanın şahidi oluruq.

Bu da təbii ki, işçi, daşınma haqlarının yüksəlməsi ilə müşayiət olunur.

Bunun qarşısını almaq olarmı? Xeyr. Növbəti aylarda da qiymətlər qalxa bilər. Ancaq bir müddətdən sonra qiymətlərdə stabillik dövrü yaşanacaq və bazar həmin qiymətlərə alışacaq.

Bütün bunları nəzərə alaraq, qiymətlərdə enməninin əvvəlki dövrlərdə olduğu səviyyəyə enməsini gözləmək olmaz. Artım elə bir haldır ki, qiymətlər ancaq irəli yön alır. Yalnız forsmajor hadisə olarsa, qiymətlərin biz bu və ya digər formada enməsini görə bilərik.

Qış aylarında da qiymət qalxmayacaq. Çünki o aylarda tikintidə səngimə baş verir. Hesab edirəm ki, bu qiymətlər növbəti mövsümə qədər davam edəcək”. 

Şahanə Rəhimli,
Musavat.com

Fotolar müəllifindir

30.07.2024 19:09
2115