Tikanlı torlardan sağ çıxan qəzet – 35 illik ömrün səhifələri

 

Oxuduğunuz qəzetin 35 yaşının tamam olmasıyla bağlı çoxlu təbriklər aldıq. Gözəl sözlər ard-arda sıralanmışdı və xoş idi.

Gerçəkdən də, bir qəzet üçün 35 il az müddət deyil. Bu, 8 mindən artıq gərgin keçən, məsuliyyət dolu gün deməkdir və bunun ağırlığını yalnız qəzetçilər bilər.

Bu, altı bıçaq tiyəsi kimi iti olan konkilərlə buz üstündə gəzmək kimidir, xüsusi bacarığı olmayan yerə yıxılar. Mənzil başına aparan yolda velosipedinin pedalını aramsız fırlatmalı olan velosipedçi yoxuşda ayağını saxlaya bilmədiyi kimi, qəzetçi də əlini, ayağını saxlaya bilməz, saxlasa, aşmağa məhkumdur. İkisi də daima hərəkətdə olmalıdır.

Bu xüsusda çox təşbehlər gətirmək olar.

Bir futbol komandası təkcə özü üçün oynamadığı, tamaşaçılar, azarkeşlər qarşısında məsuliyyət daşıdığı kimi, bir qəzet də təkcə onun kollektivinin özü üçün çıxardığı nəşr məmulatı deyil, oxucu qarşısında məsuliyyəti var. Hər məqamı gələndə, xüsusilə də irad bildirənlər çoxalanda “xoşuna gəlmir, oxuma” deyə bilməzsən, bir gün heç kəs oxumaz, çıxardığın qəzet, sadəcə, qurğuşunlu kağız olub gedər.

Bu 35 ildə biz icarəyə götürdüyü əkin sahəsinin suyu kəsilən kəndlidən tutmuş ta türməyə salınan nazirlərlə qədər yüzlərlə, bəlkə də minlərlə adamın ümid yeri, müraciət etdiyi son instansiya olduq. Bir zamanlar beləydi: qəzetlər son instansiya idi, hər yerdən əli üzülən adamlar KİV-ə, o cümlədən, bizə ərklə müraciət edirdilər – şikayətlərini dinləyək, yazaq deyə. Bəzi qəzetlər özləri hansı motivləsə şikayət məktubu çap etmirdilər, qapılarından girəni bizim üstümüzə göndərirdilər, “gedin, dərdinizi “Yeni Müsavat”a deyin, onlar yazacaqlar” deyirdilər.

Şikayətə gələnlərin içində eləsi vardı, ömründə bir dəfə qəzetimizi alıb oxumamışdı, baş redaktorumuza “Arif müəllim” deyirdi, amma işi düzəlsin deyə özünü “oxucu”muz kimi təqdim edirdi. Anlayırdıq ki, kimsə onu üstümüzə göndərib. Amma yenə də əlimizdən gələni edir, şikayətini yazırdıq. Bu 35 ildə işi düzələndən sonra zəng edib adicə “sağ ol” deməyən yüzlərlə “oxucu” görmüşük. Hələ daha pisi vardı: şikayət etdiyi məmurlarla necəsə anlaşan, öz dediklərini təkzib edən, hətta “mən elə söz deməmişəm, jurnalist özündən yazıb” deyə üzə duran, məhkəməyə verilməyimizə, cərimələnməyimizə bais olanlar da olub.

35 ilin başında ötən illərdəki mərhumiyyətlərdən, sıxıntılardan, iztirablardan, dövrün siyasi təlatümlərinin bəxş etdiyi çətinliklərdən danışmağın yeri yoxdur. O illərdə heç də hamı ağ gündə deyildi, biz də eyni qazanda qaynayırdıq, bir az artıq zərbə yeyirdik, bitib gedirdi.

Teatr aktyorları tamaşanın axırında gurultulu, sürəkli şəkildə alqışlananda və tamaşaçılardan gül çələngi alanda necə xoşbəxt olurlarsa, qəzetçilər də hər parlaq məqalədən sonra redaksiyaya edilən minnətdarlıq zənglərindən, oxucu təqdirindən o cür xoşbəxt olurdular. Bəzən zəng edənlər arasında elə məşhur şəxslər, korifeylər olurdu ki, onlardan təqdir almaq adamda sonsuz fəxarət hissi oyadırdı.

Bir də indinin özündə belə kimsə 15-20 il öncəki yazımızın başlığını, bir cümləsini xatırlayıb dilə gətirəndə adama çox xoş gəlir.

Bu günlərdə elə bir başlığı ustad televizyonçu Mirşahin Ağayev xatırlamışdı. 25 il öncə Vilayət Muxtar oğlu Quliyev xarici işlər naziri təyin olunanda belə bir başlıq vermişik: “Qarabağa Muxtar Vilayət statusunu Vilayət Muxtar oğlu verəcək!”

Heç demə, sadiq oxucular bu cür başlıqları və uğurlu ifadələri yadlarında uzun müddət saxlayır, yeri gəldiyi zaman təkrar edirlər. Elə başlıqlardan birini də başqa oxucumuz yadımıza saldı: “Səni, Hüsnü, Camal ilə görüb, qorxdular...”. Bu, böyük şairimiz Nəsiminin bir misrasının improvizəsi idi, Misirdə inqilab baş verəndə öz oğlu Camalı yerinə hazırlayan prezident Hüsnü Mübarəkin planı pozulanda yazmışdıq.

4-5 il əvvəl futbol üzrə milli komandamız italiyalı məşqçinin rəhbərliyi altında növbəti dəfə uduzanda belə bir yanıltmaca oxşayan başlıq vermişdik: “De də, de, De Byazi, de, görək, bu nə oyundur?”

Belə detalları xatırlayan və xatırladan oxuculara rast gələndə hiss edirsən ki, uzun illər boyunca qatlaşdığın zəhmət boşuna getməyib, hardasa, kiminsə yaddaşında sənin bir cümlən, fikrin ilişib qalıb.

“Yeni Müsavat” fəaliyyətdə olduğu 35 ilin ən azı 27 ilində ölkə mediasının bayraqdarı olub və hələ də çalışır ki, bayrağı əldən verməsin. O, Rauf Arifoğlunun əsəridir. Ondan başqa kim olsaydı, indi bu qəzet çoxdan bağlanmış, dağılmış qəzetlərin səfindəydi. “Yeni Müsavat”ın hansı tikanlıqlardan, tikanlı məftillərlə hörülmüş torlardan, sualtı qayalıqlardan necə keçdiyini tam təfərrüatı ilə o bilir. Tikan demişkən, bu 35 ildə "Yeni Müsavat" on minlərlə oxucusunun ürəyindən tikan çıxarıb. 

Bəzən uzun ömürə və böyük kollektivə malik olan media qurumlarını məktəb adlandırırlar. Şişirtmə yoxdur, gerçəkdir və “Yeni Müsavat” da o məktəblərdən biridir. Bu 35 ildə bu məktəbdən yüzlərlə yazı-pozu öyrənmiş gənc adam məzun olub, başqa KİV orqanlarında işləməyə gediblər. Ardı isə gəlir.

11.11.2024 08:00
375