Xəbər verdiyimiz kimi Türkiyədə "İnstaqram"dan sonra "Tik-Tok"-un da aqibəti sual altındadır. Belə ki, Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri və AKP Hatay millət vəkili Hüseyn Yayman “TikTok məsələsi Türkiyənin milli təhlükəsizlik məsələsidir” deyib.
"Tik-Tok" yerli və milli dəyərlərdən deyil, həm də ümumbəşəri dəyərlərdən tamamilə qoparaq, böyük bir yadlaşma məkanına çevrilib.
Mən "Tik-Tok"dan istifadə etmirəm. Küçədə məni görənlər "Bu "Tik-Tok"-u bağlasan, cənnətin qapısını açacaqsan" deyirlər. "Tik-Tok" haqqında çoxlu ciddi tənqidlər və şikayətlər var. Təəssüf ki, "Tik-Tok" şeytanın vəkili rolunu oynayır və postları indi cəmiyyətdə nifrət obyektinə çevrilib.
Ümumiyyətlə, "Tik-Tok" məsələsi Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Bizim millətimizdən soruşsalar, ictimai sorğu keçirilsəydi, xalqın 90 faizi "Tik-Tok"-un bağlanmasını istəyərdi", deyə Hüseyn Yaman qeyd edib.
Qeyd edək ki, “Tik-Tok" dünyanın ən populyar sosial media platformalarından biridir. Təkcə 2023-cü ilə qədər onun 1 milyarddan çox aktiv istifadəçisi olduğu bildirilir. Azərbaycanda isə hazırda “Tik-Tok” istifadəçilərinin sayının 6,1 milyon olduğu deyilir.
Bununla belə bəzi ölkələrdə “Tik-Tok” istifadəsi qadağandır.
Məsələn, ABŞ-ın Montana ştatında "Tik-Tok"u tamamilə qadağan edən qanun layihəsi qəbul edilib. Nyu-York Bələdiyyəsi "Tik-Tok"un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Qərar verərkən "Tik-Tok"un Çin Kommunist Partiyası üçün məlumat topladığı və bunun milli təhlükəsizliyə təhdid olduğu iddia edilib. ABŞ Senatı “Tik-Tok”u yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır.
ABŞ Senatı hesab edir ki, “Tik-Tok” platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir. Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına “Tik-Tok” endirə bilməzlər.
Bununla belə, dünyada “Tiok-Tok”dan ən çox istifadə olunan ölkə ABŞ-dır. Statistik məlumata görə hazırda ABŞ-da 148,9 milyon nəfər bu platformadan istifadə edir.
Avropa Komissiyası və Aİ Şurası DA 23 fevral 2023-cü ildə "Tik-Tok"un istifadəsi ilə bağlı işçilərin telefonlarına müvəqqəti qadağa qoyub. Qərar kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə qəbul edilib.
Böyük Britaniya hökuməti isə 16 mart 2023-cü ildə "Tik-Tok"u bütün dövlət elektron cihazlarına qadağan edib. Hökumət bu qərarı Çin hökumətinin müdaxiləsi və nəzarətindən narahat olduğu üçün verib.
Yeni Zelandiya da 17 mart 2023-cü ildə "Tik-Tok"un bütün parlament cihazlarında qadağan olunduğunu elan edib. Qadağa hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verilib.
Danimarka 2023-cü ilin mart ayında "Tik-Tok"un iş cihazlarından qadağan edilməsini əmr edib. Ölkənin Müdafiə Nazirliyi qadağanın səbəbi kimi təhlükəsizliklə bağlı narahatlıqları göstərib.
Taliban isə 2022-ci ilin aprelində Əfqanıstanda "TikTok"a qadağa qoyub. Taliban administrasiyası bu qərarı gəncləri "aldatmaqdan" qorumaq üçün qəbul edib.
Qırğızıstanda bu ilin aprel ayından etibarən bir sıra mobil operatorlar və internet provayderlərinin ölkədə "TikTok” sosial şəbəkəsinə çıxışı məhdudlaşdırılıb.
Qadağanın səbəbi isə “bir sıra təşkilatlardan uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərən "Tik-Tok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayının artması” ilə əlaqələndirilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda da “Tik-Tok2un yayımı dayandırılmışdı. Bildirilirdi ki, bu platformadan əxlaqsız, qeyri-qanuni və qeyri-münasib məzmunda istifadə edilir ki, bu da yeniyetmə və gənclərin həyatına mənfi təsir göstərir. Lakin məhdudiyyət müvəqqəti xarakter daşıdı və platformanın fəaliyyətinə yenidən imkan verildi.
“Tik-Tok”dan ən çox istifadə olunan ölkələr isə aşağıdakılardır:
- Ən çox "Tiktok" istifadəçisi olan ölkələr bunlardır:
1. ABŞ: 148,9 milyon nəfər
2. İndoneziya: 126,8 milyon nəfər
3. Braziliya: 98,5 milyon nəfər
4. Meksika: 74,1 milyon nəfər
5. Vyetnam: 67,7 milyon nəfər
6. Rusiya: 58,5 milyon nəfər
7. Pakistan: 54,3 milyon nəfər
8. Filippin: 49 milyon nəfər
9. Tayland: 44,3 milyon nəfər
10. Türkiyə: 37,7 milyon nəfər.
Xalidə Gəray
Musavat.com