Tiflisdə Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirildi 

Tifisdə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyinin birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan Gənclərinin “Networking” Forumu keçirilib.

Tədbirdən öncə Bakıdan Forum üçün Gürcüstana səfər edən heyət Ulu Öndər Heydər Əliyevin Tiflis şəhərində ucaldılan abidəsini ziyarət ediblər.

Forum tanınmış jurnalist Xanlar Mehdiyevin aparıcılığı ilə öz işinə başlayıb.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Layihənin rəhbəri, Qızılbaş” GMİB-nin icraçı direktoru Aqil Ələsgər açılış çıxışı edərək Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlardan söz açıb.

2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın tarixi tədbir olan COP29-a ev sahibliyi etməsinə sayılı günlər qaldığını bildirən Aqil Ələsgər vurğulayıb ki, rəsmi Bakı tədbirə tam hazırdır.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinini inkişafı barədə məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Sonra diplomat, COP29 barədə ətraflı məlumat verib. Bildirib ki, bu mötəbər tədbirin keçirilməsində dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlatları da səylə çalışırlar.

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva çıxış edərək COP29-un önəmi və Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirak təcrübələri ilə bağlı danışıb, Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni əlaqələrin inkişafına gənclərin qatqısından bəhs ediblər.

Daha sonra Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edən qısa film nümayiş olunub.

“Gənclərin Təşəbbüsü və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyevin moderatorluğu ilə Gürcüstan-Azərbaycan Gənclərnin “Yaşıl dünya naminə” panel iclası olub.

Paneldə gürcü analitik, Gürcüstan Yaxın Şərq və Qafqaz Tədqiqatları İnstitutunun direktoru Vasili Papava, jurnalist -araşdırmaçı Lika Jorjoliani, “Aktual.ge” saytının baş redaktoru İlkin Hüseynov və Beynəlxalq Qara Dəniz Universitetinin İdarə Heyətinin üzvü, professor Aygül İsayeva ölkələrarası əlaqələrin gənclərə sirayət etdirilməsi, gənclərin şəbəkələşmə potensialının gerçəkləşdirilməsi ilə bağlı müzakirə aparıblar.

 

Sonda çıxışçılara plaket təqdim olunub və xatirə şəklinin çəkilməsi ilə Forum öz işini yekunlaşdırıb.

Qeyd edək ki, forum çərçivəsindı gürcüstanlı soydaşlarımızla da görüş keçiriləcək.

 
 
 
 
 
 

Xatırladaq ki, forum Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində keçirilib.

06.11.2024 16:01
208