Musavat.com xəbər verir ki, iki ildir Gürcüstanda ictimai etirazlar fasilələrlə davam edir. Dünən və bu gün də paytaxt Tiflis kütləvi etiraz aksiyalarına səhnə olub. Hal hazlrda mərkəzi Rustaveli prospekti yenidən etirazçılarla dolub.
Buna baxmayaraq, Tiflis meri, “Gürcü arzusu” partiyasının merliyə namizədi Kaxa Kaladze öz seçki qərargahının açılışını məhz bu gün keçirməyi qərara alıb. Lakin ictimai rəy üçün bu gün heç də uğurlu seçilməyib. Çünki dünən və bu gün etiraz aksiyalarında iştirak edən 21 nəfərə iki ildən səkkiz yarıma qədər həbs cəzası verilib. Bu fonda iqtidar partiyasının şənlik ab-havasında qərargah açılışı müxalifət və vətəndaş cəmiyyəti tərəfindən tənqid olunub.
Rəsmi açılış mərasimində Gürcüstan parlamentinin deputatı Levan Maçavariani qərargahın rəhbəri təyin edilib. Tədbirdə iştirak edən Gürcüstanın baş naziri İrakli Kobaxidze çıxışında bunları deyib:
“Mən inanıram ki, bu seçkilər Kaxa Kaladze üçün rekord olacaq. Qarşımızda iddialı hədəflər var və bütün əsaslar mövcuddur. Kaladze və onun komandası Tiflisə növbəti dörd il ərzində daha da inkişaf vəd edir”.
Qeyd edək ki, qarşıdan gələn bələdiyyə seçkiləri Gürcüstanda siyasi mübarizəni daha da gərginləşdirib. Müxalifət və qeyri-hökumət təşkilatları hökuməti Avropa kursundan uzaqlaşmaqda və ölkəni Rusiyaya yaxınlaşdırmaqda ittiham edirlər. İqtidar isə əksinə, müxalifəti Gürcüstanın milli dəyərlərindən uzaq düşməkdə və Qərbin LGBT gündəliyini ölkəyə daşımaqda günahlandırır.
Beləliklə, Gürcüstanda seçkiqabağı proseslər yalnız siyasi qüvvələrin rəqabəti ilə deyil, həm də dərin ideoloji qarşıdurma ilə müşayiət olunur. Bu isə Tiflisdə gündəlik həyatın etirazlarla, qarşıdurmalarla və siyasi gərginliklərlə müşayiət olunmasına səbəb olur.
Etirazların gedişatı və açılış mərasimindən görüntülər Musavat.com-un təqdim etdiyi videolarda izlənilə bilər.
Musavat.com