Böyük Britaniyanın nüfuzlu The Telegraph qəzeti ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Ukraynaya yeni sülh ssenarisi təqdim etdiyini yazıb. Qəzet bu təklifi “dəhşətli razılaşma” adlandırsa da, mövcud reallıq fonunda bundan yaxşı variantın olmayacağını vurğulayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, Kiyevə təklif edilən plan çərçivəsində Ukrayna hazırda Rusiya nəzarətində olan Donetsk bölgəsindəki mühüm ərazilərin bir hissəsini Moskvaya güzəştə getməlidir. Bunun müqabilində Rusiya işğal etdiyi ərazilərdən yalnız cüzi hissəsindən çəkilməyə razı ola bilər.
ABŞ isə Kiyevə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif etməyi planlaşdırır. Bu model Ukraynaya gələcək təcavüzlərə qarşı kollektiv müdafiə mexanizminə oxşar təminatlar verə bilər.
The Telegraph yazır ki, artıq üç ildən artıqdır davam edən müharibədə Rusiya Ukraynanı tam işğal edə bilməyib, eyni zamanda Kiyev də Moskvanı bütün ərazilərindən çıxarmağa güc tapmır. Qəzetin təhlilində bildirilir ki, Avropa ABŞ-ın dəstəyi olmadan Ukraynanın mübarizəsini davam etdirə bilməz.
Nəşrin gəldiyi qənaətə görə, bu razılaşma Ukrayna üçün acı və ədalətsiz görünsə də, indiki şərtlər daxilində müharibəni dayandırmaq və daha böyük itkilərin qarşısını almaq üçün ən real çıxış yolu sayılır.
Musavat.com