“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib  

İyulun 19-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri, özəl sektor iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digər qrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanın davamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, bu ilin birinci yarımili üzrə icra müddətləri yaxınlaşan və ya bitən tədbirlərin statusları barədə işçi qrupu çərçivəsində kommunikasiya davamlı olaraq aparılıb. Samir Məmmədov həmçinin tədbirlərin tam və vaxtında icrası məqsədilə hər bir qurum tərəfindən zəruri tədbirlərin görülməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Samir Məmmədov işçi qrupun iclasında dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirak etməsinin növbəti yarımil üzrə hədəflərin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarının nümayəndələri tərəfindən işçi qrupun 2024-cü ilin birinci yarımili üzrə görülmüş işlərin hesabatları və növbəti yarımil üzrə qarşıya qoyulmuş hədəflər müzakirə edilib.

Həmçinin özəl sektor nümayəndələrinin sualları və təklifləri dinlənilib.

Tədbirdə qonaq qismində “Caspian Energy Club”ın rəhbəri və İnformasiya Texnologiyaları üzrə üzvləri iştirak edib, dövlət-biznes dialoqu formatında texnologiya və innovasiyalar sahəsində mühüm yeniliklər və əməkdaşlıq imkanları müzakirə olunub.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

20.07.2024 15:45
728