Təsdiqlədi: İran nüvə silahının BİR ADDIMLIĞINDA

Tehran Vaşinqtonla danışıqları uzatmaqdan atom silahını yaratmaq üçün istifadə edə bilərmi? - fərqli rəylər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İrana səfər edib. O, Tehrana yola düşməzdən əvvəl “Le Monde” qəzetinə verdiyi müsahibədə Tehranın nüvə problemi ilə bağlı İran və ABŞ arasında Omanda başlanan dialoqda öz təşkilatının iştirakını arzuladığını bildirib.

Qrossi hesab edir ki, İran nüvə silahı hazırlamağa yaxındır: “Biz Arakçı və Uitkoff arasında ikitərəfli dialoqun bir hissəsi deyilik, lakin buna biganə də deyilik. Onlar çox yaxşı bilirlər ki, hər hansı potensial razılaşmaya öz sözümüzü deməliyik, çünki bunu sınaqdan keçirən tərəf biz olacağıq. Ona görə də bizim tərəfimizdən onlarla qeyri-rəsmi mübadilələrə başlanılıb”.

Bəs Tehran Vaşinqtonla danışıqları uzatmaqla atom silahını yaratmaq üçün istifadə edə bilərmi?

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı

Deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında cənub qonşumuzun nüvəyə sahib olma imkanlarını yüksək dəyərləndirdi: “İranın Nüvə silahı əldə etmək ehtimalı olduqca yüksəkdir. Rəsmi Tehran proqram müddətində qeyri-şəffaf mövqe sərgiləyərək Beynəlxalq Atom Enerjisi Agentliyi ilə koordinasiyalı şəkildə hərəkət etməyib. Elitar molla rejiminin inqilab müddətində hərbi sənaye kompleksinin inkişafında ballistik raket proqramlarına xüsusi diqqət ayırması da məhz bu reallıqdan qaynaqlanır. Hal hazırda İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı təxminən 200 kq-dan çoxdur və bu miqdar üçdən çox nüvə başlığı istehsal etmək üçün kifayətdir. Ağ Ev rəsmilərinin məlumatına görə, İran mühəndisləri daha sürətli istehsal prosesini həyata keçirmək üçün alternativ üsullar üzərində işləyirlər və prezident Donald Tramp da çıxışlarında Tehranın nüvə silahının istehsalına başlamaq ehtimalını yüksək qiymətləndirib. Belə olduğu təqdirdə teokratik rejimin ABŞ-la  baş tutan danışıqları hesab edirəm ki, vaxt qazanmağa hesablanmış gedişlərdir. Aydındır ki, cənub qonşumuz nüvə proqramını inkişaf etdirməkdən geri duran deyil və Rusiya ilə bu il yanvarın 17-də imzalanan Hərtərəfli Starateji Tərəfdaşlıq Sazişi xarici aqressiyanın qarşısını almaq üçün atılan addımdır”.

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə hesab edir ki, Vaşinqton üçün əsas narahatlıq İranın sadəcə nüvə silahına sahib olması deyil: “Rafael Qrossinin son açıqlamaları yenidən dünya gündəmini İranın nüvə proqramına yönəltdi. ”Le Monde" qəzetinə verdiyi müsahibədə Qrossi açıq şəkildə bəyan etdi ki, İran texniki baxımdan atom bombası istehsalına bir addım yaxınlıqdadır. Bu bəyanat sadəcə elmi diaqnoz deyil - həm də siyasi və geosiyasi mesajlarla yüklü siqnaldır. O qeyd edir: “Biz danışıqların birbaşa tərəfi deyilik, amma prosesdən də kənarda deyilik.” Bu ifadə beynəlxalq güclərin İran məsələsində yürütməkdə olduğu siyasətin bir növ açıq etirafıdır. Biz hamımız prosesdə olmaq istəyirik. Bu istək beynəlxalq təşkilatın dili ilə ifadə edilir. İranla ABŞ arasında davam edən nüvə danışıqları gerçəkdən yalnız atom silahı iləmi bağlıdır? Cavab qəti şəkildə “xeyr”dir. Bu qarşıdurma daha geniş miqyaslı, daha dərin və çoxşaxəlidir. Vaşinqton üçün əsas narahatlıq İranın sadəcə nüvə silahına sahib olması deyil, bu gücün Livan, Suriya, Yəmən və İraqdakı proksi qüvvələrlə, xüsusilə, Hizbullah, Həşdi Şabi və Husilər kimi qurumlarla birləşərək bölgədə balansı dəyişdirə biləcək gücə çevrilməsidir. İranın həm bu təşkilatlarla əlaqəsi, həm də inkişaf etmiş raket və dron texnologiyası xüsusilə İsraildə və ABŞ-da ciddi narahatlıq doğurur. Eyni zamanda, İranın nüvə proqramı hərbi məramlarla yanaşı, enerji və iqtisadi məqsədlərə də xidmət edir. Ölkə daxilində enerji tələbatının artması və xarici asılılığın azaldılması fonunda nüvə texnologiyası Tehranın öz iqtisadi müqavimət gücünü artırmaq üçün bir vasitəyə çevrilib. Bu texnologiyanın inkişafı İran üçün təkcə elektrik enerjisi deyil, həm də Qərb sanksiyalarına qarşı iqtisadi və texnoloji imkanların artırılması deməkdir. İran həm də buna çalışır. Vaşinqtonun strategiyası isə çoxqatlıdır. Bir tərəfdən İranı danışıqlar masasında saxlamaqla onun fəaliyyətlərini nəzarət altında tutmağa çalışır, digər tərəfdən isə daxildə rejim dəyişikliyi ehtimallarını götür qoy edir. ABŞ üçün ən sərfəli ssenari İranın daxildən zəifləməsi və mövcud siyasi quruluşunun dəyişməsidir. Bu səbəbdən də nüvə danışıqlarının uzanması ABŞ-ın maraqlarına cavab verir - zamanla ictimai narazılığın artması, iqtisadi böhran və siyasi çatlar daha çox şans və təzyiq imkanları yaradır. Bunun da bəzisi yox deyildir. İranda sosial problemlər də, milli problemlər də var, digər problemlər də vardır. Lakin Tehran da bunun fərqindədir. İran danışıqların uzanmasından bir taktiki üstünlük kimi istifadə edir. Çin və Rusiya ilə artan əməkdaşlıq, eləcə də Körfəz ölkələri ilə münasibətlərin normallaşması Tehrana əlavə diplomatik kartlar verir. İran bilir ki, Qərbin üstünlüyünü qəbul etməyən yeni güc mərkəzləri meydana çıxır və bu dəyişikliklər Tehranın xeyrinə işləyə bilər. Beləliklə, Tehran həm texnoloji inkişafını davam etdirmək, həm də beynəlxalq münasibətlərdəki yeni konfiqurasiyalara uyğun mövqe tutmaq istəyir".

Siyasi şərhçi bir fikrin də üzərində xüsusi dayandı: “MAQATE rəhbərinin ”biz də bu prosesin bir hissəsi olmalıyıq" çağırışı isə məsələni təkcə texniki yox, həm də siyasi müstəviyə daşıyır. Agentliyin prosesi “şəffaflaşdırmaq” istəyi beynəlxalq hüquq normalarının qorunması qədər, Qərbin İranla bağlı daha yaxından məlumat almaq, nəzarəti gücləndirmək cəhdləri kimi də oxunmalıdır. Amma Qərb də içində yekcins deyildir.

Sual hələ də açıqdır: İran nüvə silahına nə qədər yaxındır? Qrossinin fikrincə - çox yaxındır. Amma bu yaxınlıq sadəcə uranın zənginləşdirilməsi ilə deyil, siyasi fəaliyyət, beynəlxalq dinamika və strateji risk hesablamaları ilə müəyyən edilir. Hər iki tərəf - ABŞ da, İran da - zamanla oynayır. Biri zamana qarşı mübarizə aparır, digəri isə zaman qazanmağa çalışır. Nəticədə diplomatiyanın, bəyanatların və təzyiqlərin arxasında daha böyük bir oyunlar oynanır. Hələlik heç kim son gedişi etməyə tələsmir. Çünki bir yanlış addım - bütün oyunu dəyişə bilər. ABŞ böyük dünya gücüdür. Ona görə bəyanat və addımları məhz bu səbəbə bağlıdır. İran isə böyük dünya gücü deyil, amma geniş proksi şəbəkəsinə malikdir. Həmin şəbəkə vasitəsilə ABŞ-ın içində olduğu və başında durduğu konfiqurasiyaları təhdid edir. Hər halda bütün bu prosesin sülhlə başa çatması daha yaxşı olardı. Çünki Yaxın Şərqdə hər hansı isə bir problem hər an qloballaşan xarakterə malikdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

19.04.2025 08:06
798