Tərtərdə “Murad” şadlıq sarayının sahibi Nicat Paşayevlə rayon ərazisində yerləşən 107 saylı Ağdam orta məktəbinin direktoru Vəfadar Alıyev, onun qardaşı, Tərtər təhsil sektorunun tabeliyində olan Düyərli kənd tam orta məktəbinin direktoru Nofəl Alıyev, digər qardaşları Rəsul Alıyev, Vəfadarın oğlu Sənan arasında mübahisə olub.
Musavat.com-a daxil olan xəbərə görə, mübahisə zamanı Alıyevlərlə Nicat Paşayev və ətrafında olan şəxslər üz-üzə gəliblər.
Hadisə yanvarın 29-da gecə baş verib. Mübahisə tərəflərində, məktəb direktoru olan qardaşlarda və Nicat Paşayevdə tapançalar olub və tərəflər bir-birini qorxutmaq üçün atəş açıblar. Silahdan açılan atəşlərdən kimsə xəsarət almasa da, kütləvi dava zamanı tərəflərin bir-birinə xəsarətlər yetirdiyi deyilir. Kütləvi davadan sonra Vəfadar Alıyev, onun qardaşı Rəsul və oğlu Sənan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tərtər rayon Məhkəməsinin qərarı ilə 2 şəxs həbs olunub, 2 şəxs barəsində isə polisin nəzarətinə vermə qərarı çıxarılıb.
Mübahisənin tərəflər arasında cins at alverindən qaynaqlandığı deyilir. Bildirilir ki, atla bağlı yaranan mübahisə sonradan silahlı insident, tərəflərin bir-birinə xəsarət yetirməsi isə davam edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Musavat.com-a bildirib ki, hadisə ilə bağlı 6 nəfər saxlanılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Tutulanlardan 2 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib olunub. Məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb olunublar. Saxlanılan şəxslərdən pnevmatik silah götürülüb. Hazırda faktla bağlı araşdırmalar davam edir
E.MƏMMƏDƏLİYEV,
Musavat.com