Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, 2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb.
Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar “Tərtər işi” ilə eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfər – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıblar. Təqsirləndirilən şəxslərdən mayor Ülvi Rəşidovla polkovnik-leytenant Ziya Kazımov həbsdə deyil.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər ifadə verirlər. İclasda ilk olaraq Ülvi Rəşidov ifadə verib. O, ifadəsində leytenant Adil Sabirlinin işgəncə verilərək öldürülməsində dolayısı ilə Ziya Kazımovu ittiham edib. Bu isə Ziya Kazımovun, onun vəkili Bəhruz Bayramov kəskin etirazlarına səbəb olub.
Vəkil Bəhruz Bayramov məhkəmənin diqqətinə çatdırıb ki, Ülvi Rəşidov 2017-ci ildə istintaqa cəlb ediləndən bu günə qədər 5 dəfə ifadə verib: “Hörmətli məhkəmə, Ülvi Rəşidovun 5 ifadəsi var, o ifadələr hər biri digərini təkzib edir. Bu adam heç bir günahı olmayan, Adil Sabirliyə kömək etmiş, ona süni nəfəs verməklə, ürəyini masaj etməklə tibbi yardım göstərməyə çalışan Ziya Kazımov barəsində həqiqətdən uzaq ifadə verir. Bu hadisələrin şahidləri var. Ziya Kazımov gerçək bir qəhrəmandır, onu şərləyib bu işə qatmaqla xidmətdən uzaqlaşdırmışdılar. Bu cinayətləri törədənləri ifşa etmək əvəzinə, günahsız bir insanı istintaqa cəlb etməklə onun xidmətinin üstündən xətt çəkməyə çalışıblar. Buna müəyyən mənada nail olublar. Lakin haqq nazilər, üzülməz! Ziya Kazımov bu gün də vətənə xidmət edir. Komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdədir. Onu qanunsuz olaraq istintaqa cəlb ediblər. İş üzrə ümumilikdə 90 nəfərdən çox şahid ifadə verib. Həmin şahidlər Ziya Kazımovun təqsirsiz olduğunu bildiriblər. 62 zərərçəkmişdən 61-i dindirilib, 31 nəfər şahidin hamısı ifadə verib. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini bildiriblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Təqsirləndirilənlərdən olan korpus rəhbərliyindən biri ifadə verdi və bildirdi ki, Ziya Kazımova orada dindirmə yeri üçün bir otaq təşkil olunması tapşırılıb. O da verilən əmrə uyğun olaraq elə bir otaq təşkil edib. Yəni bütün sübutlar və ifadələr onu göstərir ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Buna əsasən də Ziya Kazımova bəraət verilməsini tələb edirik”.
Ziya Kazımov Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenantdır. Onun istintaqa cəlb olunması iş üzrə zərərçəkənlərdə belə etiraz doğurub. Məhkəmədə o da geniş ifadə verərək başına gələnləri, Ülvi Rəşidovun böhtanlarının haradan qaynaqlandığını izah edib. İbtidai istintaq zamanı verdiyi ifadəsində də ona CM-in 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Bildirib ki, Adil Sabirlinin dindirilməsində, işgəncə verilməsində, ondan ifadə alınmasında iştirak etməyib. Adil Sabirlinin döyülməsini bildikdən sonra buna etirazını bildirib, lakin döyənlərin digər hərbi hissəni hərbi qulluqçuları olduqlarından onun əmrinə tabe olmayıblar. Bu barədə Ülvi Rəşidova məlumat verib. O da hər hansı bir tədbir görməyib.
“7 may 2017-ci ildə gecı saat 3 radələrində Ceyhun Abbasov zəng elədi, dedi ki, hərbi hissədə bir nəfər ölüb. Hərbi hissəyə gələrək dərhal həmin otağa getdim. Otağa daxil olan zaman otaqda çoxlu adam var idi. Adil Sabirli otaqda çılpaq vəziyyətdə uzanmış, əlləri, ayaqları yanlara açıq idi. Yer bütün su və palçıq olmuşdu. Adilin nəbzini yoxladım, nəbzinin vurmadığını görüb, ona süni nəfəs verdim. Ürəyini qapalı masajını etdim. Lakin heç bir mənası olmadı, həyata qaytara bilmədim. Sinəsi və qabırğaları sanki qırılmışdı. İçi su ilə dolu kimi gəldi mənə. Sinəsini basdığım zaman boş, su qarışıq xırıltılı hava çıxırdı. İlkin tibbi yardım kursunu görmüşəm. Adil Sabirlinin artıq öldüyünü gördüm. Çölə çıxıb bu barədə “motorolla” markalı xususi rabitə vasitəsilə Bəkir Orucova zəng edib Adil Sabirlinin öldüyünü bildirdim. Bəkir Orucov Adil Sabirlini ölməyə qoymamamı, nə olur-olsun yardım göstərməyimi, ya tibb məntəqəsinə ya da təcili hospitala göndərməyimi dedi. Mən cənab generaldan maşın lazım olduğunu istədim. Sonra, Elgün Əliyevə, ardınca da Ülvi Rəşidova eyni qaydada məlumat verdim, bundan sonra Bəkir Orucov mənə “motorolla” markalı xüsusi rabitə vasitəsi ilə zəng edib “Elgunə demişəm, həkim göndərəcək” dedi, bir neçə dəqiqə sonra hərbi hissəyə tibbi yardım avomobili gəlib Adil Sabirlinin meyitini hospitala apardı”.
Ziya Kazımov məhkəmənin diqqətinə çatdırıb ki, Adil Sabirli ilə əvvəldən münaisbətləri olub, onunla çörək kəsib: “Onu döyməmişəm, vurmamışam. Həmin vaxtlarda ona kömək məqsədi ilə, stulda oturtmağa çalışmış, su vermək istəmişəm. Onu maskalılar döyərkən də qorumağa çalışmışam. Amma orada rəhbərlik etmədiyim üçün, həmin döyən şəxslərin mənə tabelikləri olmadığı, məni tanımadıqları üçün buna nail ola bilməmişəm. Bu barədə yuxarı rəisimə isə məruzə etmişəm. Həmin zamanlar üçün əlavə bir şey edə bilməzdim. Elə mənim özümü də çox can yandırdığım üçün dindirilən şəxslərə qatardılar. Öldüyünü dedikləri zamanda gəlib insan olaraq yardım etməyə çalışmışam. Bu hal barəsindədə Yunisli, Abutalıbov və digər şahidlərin ifadəsində təsdiqini tapıb”.
Ziya Kazımov bildirib ki, Adil Sabirlinin ölümündən bir neçə gün sonra onu digər hərbi hissəyə çağırıblar və dindirmələrdə köməklik göstərməsini istəyiblər: “Mənsə dindirmələrdə iştirak etməmək üçün məzuniyyətə çıxacağımı dedim. Məzuniyyətə çıxdım. Sadəcə bu proseslərdə iştirak etmək istəmədim. Həmin hərbi hissədə düşmənlə əməkdaşlıqla şübhəli bilinən korpusun bəzi əməkdaşlarının qanunsuz formada sorğulanmasından da məlumatım olmayıb. Mən yalnız ora çağrıldıqdan sonra gedərkən bundan məlumatım olub. Orada kimlərəsə işgəncə verildiyini görmədim. Bir neçə ay sonra snayper bölük komandiri vəzifəsinin rütbəsini azaltdılar. Mən artıq o bölükdə qala bilməzdim. Onun üçün də snayper bölük komandiri olduğum müddətdə snayper fəaliyyətləri ilə düşmənə verdiyim itkilərə görə qərargah rəisi kursuna göndərildim. Döyüş məlumatlarında öldürdüyümüz ermənilərin ad və soyadına qədər var. 163-ə qədər məlumat daxil olub. Onlardan il yarım ərzində bir bölüyə qədərini təsdiqli olaraq bir-bir vurmuşuq.
7 fevral 2018-ci il tarixdən 24 yanvar 2020-ci il tarixədək 218 nömrəli kəşfiyyat taborunun qərargah rəisi vəzifəsinə təyin edilmiş və xidmət etmişəm. Lakin xidməti yerimə getmədən prokurorluğa çağırıldım. Saatlarla, günlərlə nə evə gedə bildim, nə işə. Səhər tez saatlarda prokurorluğa gəlir, gec saatlara qədər ifadə verməyə məcbur edilirdim. İndiyə qədər adımdan verilən heç bir ifadəni öz dilimdən səsləndirməmişəm. Həmin vaxt verilən ifadələr Ülvi Rəşidov və hərbi hissənin qulluqçuları tərəfindən verilib. Mən prokurorluğa gələndə artıq mənə hazır ifadəni təsdiqlətməyə çalışırdılar. Əgər Ənvərlidə mesajlar tutulmasa idi, işi tamamilə mənim üzərimə yıxacaqdılar. Çünki oların içində bir tək mən yad idim. Kənardan, digər hərbi hissədən gəlmişdim. Hansı ki, o vaxt bəyənilmirdik. Korpusda snayper fəaliyyətində ad çıxartmışdıq. Bölməmi belə hərbi hissədə heç kimin görməyə gözü yox idi. Prokurorluqda ifadəm də dediyim kimi hazır idi. Verdilər oxudum. Sonda bitirəndə razı olmadım. Dəfələrlə və günlərlə ifadəmi verməyə çalışdım. Hər dəfə bir sözü dəyişib, başqa cür və başqa vərəqdə qarşıma gətirirdilər. Hətta üzləşmələri belə dəyişib saxtalaşdırdılar. Nə qədər getmək olardı, nə qədər ifadə vermək olardı. Axırda bir gün gəldilər ki, bəs razılaşdırılıb. Nə yazıblarsa, deyilib qol çəkin, yaxşı olacaq. Dedim razı olaram. Amma dəyişiklik etməklə. Minnətlə bir oradan, bir burdan dəyişdi, çıxartdı. Səhv yazılmışdı. Yenə eyni təkrar. Axırda gətirdilər, qol çəkdim. Sonra baxıram ki, araya yorğunluğumdan istifadə edib vərəq atıblar. Yenidən razılaşmadım. Apardılar ən baş otağa. Orada kimlər vardısa, aldılar araya, biri qandal çıxarmağa başladı, biri nəsə sənəd hazırlamağa ki, tuturuq bu dəqiqə. Həyat yoldaşının nömrəsini ver, deyək ki, tutulub və.s şərəfsizliklər. Nəsə təzyiqlə nəyi isə imzalatdılar heç bilmədim. Bezmişdim. Dedilər, get əşyalarını yığ, gəl, səhər həbs olunacaqsan. Səhər yığdım əşyaları gəldim. Dedilər get. Hələ ki, tutmuruq”.
Ziya Kazımov deyib ki, 24 yanvar 2020-ci il tarixdən 21 dekabr 2020-ci tarixədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən Müharibəsində 2 dəfə yaralansa da, komandiri olduğu əlahiddə əməliyyat taboru ilə birgə şiddətli və bir o qədər də şərəfli döyüşlərdə iştirak edib: “27 sentyabr 2020-ci ildə “Lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərindəki, ermənilər üçün xüsusi əhəmiyyətli olan “qırmızı manqa” adlandırılan düşmən mövqeyini itki vermədən darmadağın edərək azad etmişəm. Hücumu davam etdirərək düşmənin 30 illik cəbhəsini yarıb, Cəbrayıla gedən yolun xarabalığa qədər olan hissəsini düşməndən təmizləyərək nəzarətə götürdüm. Araz çayı qırağında mühasirəyə düşən 1-ci bölük komandiri, baş leytenant Əfşan Hüseynovun iki yaralısına kömək üçün 1 km-ə yaxın minalı ərazini öndə özüm keçərək ayaq izi ilə şəxsi heyəti aparmışam, yolda Araz çayının qırağından irəliləməli olan, lakin komandiri ağır yaralı olduğu üçün hücumu dayanan hərbi hissənin bir taborunu düşmənin atəşi altından xilas edərək, şəhid və tabor komandiri daxil olmaqla yaralılarını təxliyyə etdirmiş, sağ qalanlarına başçılıq edərək öz adamlarım ilə birlikdə Araz çayının qırağı ilə iki düşmən mövqeyini darmadağın edərək azad etdik. Düşmənlə tək döyüşən yaralı bölük komandirinin köməyinə çataraq 2 yaralı və biri şəhid olan hərbi qulluqçularının düşmənə əsir düşməsinə imkan vermədik. Ümumilikdə hərbi hissə hər 2 istiqamətdə 10 şəhid və 21 yaralı verərək, döyüş tapşırığını müvəfəqiyətlə yerinə yetirərək, düşmənin 30 illik keçilməz sandıqları mövqe və sədlərini keçdik.
28.09.2020-ci il tarixində bütün vasitələrdən istifadə edərək itirdiyi mövqeləri almağa çalışan düşmənin əks hücumlarını qətiyyətlə, artileriya bölmələrinə verdiyim dəqiq koordinantlar, eləcə də həmin bölmələrin dəqiq atəşləri nəticəsində 21 döyüşçü ilə düşmənə 100-dən artıq itki verdirərək geri çəkilməyə məcbur etmişəm. Həmin gün rəhbrlik etdiyim hərbi hissə hər iki istiqamətdə 9 şəhid və 15 yaralı verib.
29 sentyabrda yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və “Lələ-illah” dağını almağa çalışan düşmənin əks hücumlarını artileriya bölmələrinə verdiyim dəqiq koordinantlar, eləcə də həmin bölmələrin dəqiq atəşləri nəticəsində 40 döyüşçü ilə düşmənə 200-dən artıq itki verdirərək geri çəkilməyə məcbur etmişəm. Öz qrupum ilə birlikdə, məndən sağ istiqamətdə olan 702 №-li hərbi hissənin arxasına keçən düşmənin əsir götürməyə çalışan diversiya qrupunu aşkara çıxarıb məhv edərək, əsir götürməsinə izin verməmişəm. Hərbi hissəmiz həmin gün hər iki istiqamətdə 1 şəhid və 4 yaralı verib.
30 sentyabrda yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və “Lələ-illah” dağını almağa çalışan düşmənin əks hücumlarını itki verdirərək geri oturtmuşam. Düşmənin Cəbrayıl yaxınlığında yerləşən 2 qrad batareyasınının yerlərini təyin edib, koordinantlarını artilleriya, aviasiya bölmələrinə, yuxarı qərargaha ötürdükdən sonra yanmalarını təsdiqləyici fakt kimi məhv edilmələrinə nail oldum. Həmçinin Arazqırağı bir düşmən mövqeyini öz gücümüz sayəsində darmadağın edərək azad etdik. Həmin gün hərbi hissə hər 2 istiqamətdə 2 şəhid və 5 yaralı verdi.
1 oktyabrda kənd Horadiz və Nüzgar kəndi istiqamətinə hərəkət edərək orada düşmən mövqelərində mövqeləndim. Həmin gün hərbi hissəmiz 5 yaralı verdi.
1 gün sonra general-leytenant Mais Bərxudarovun əmri ilə N saylı hərbi hissənin köməyinə gedərək, milli qəhrəman(ölümündən sonra) polkovnik Şükür Həmidovun sərəncamında 3 düşmən mövqeyini və səngərlərini bir günə darmadağın edərək bölmələrimizin dərinliyə irəliləməsinə şərait yaratdıq. Hücum zamanı düşmənin pusqusuna düşən hərbi hissənin köməyinə bizim hərbi hissənin 2-ci bölüyünü göndərmişdim. Həmin hərbi hissənin bir qrupunu pusqudan xilas edərək, şəhid və yaralılarını təxliyyə etdirərək, düşmənin fikrini öz üzərimə çəkərək artilleriya və aviasiyanın atəşlərindən faydalanaraq hərbi hissənin yerdə qalan qruplarının pusqudan çıxmasına nail olduq. Həmin gün Vətən müharibəsi qəhrəmanı(ölümündən sonra), hərbi hissənin tabor komandiri polkovnik-leytenant Orxan Əkbərov daxil bir neçə döyüşçüsü qəhrəmancasına şəhid oldu. Aldığımız mövqeləri N saylı hərbi hissənin şəxsi heyətinə təhvil verərək xüsusi təyinatlı bölmə ilə hücumu davam etdirdik. Həmin gün hərbi hissəmiz 1 şəhid və 6 yaralı verdi.
Mais Bərxudarovun əmri ilə 2-3 oktyabr 2020-ci ildə hərbi hissə ilə Mehdili, Horoğlu, Şeybey, Quycaq, Daşkəsən, Balyand kəndləri istiqamətində irəliləyərək axtarış, düşməndən təmizləmə, kəşfiyyat fəaliyyətləri icra etmiş və həmin kəndlərin işğaldan azad olunması uğrunda döyüşmüşdüm. Həmin günlərdə hərbi hissəsimiz 6 yaralı verdi. 4-7 oktyabr Mais Bərxudarovun əmri ilə milli qəhrəman polkovnik Şükür Həmidovun sərəncamında hərbi hissə ilə birlikdə Cəbrayıl rayonunun isğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Həmin günlərdə hərbi hissəmiz 1 şəhid və özüm də daxil olmaqla 11 yaralı verdi.
8 oktyabrda Daşkəsən yüksəkliyindən Hadrut istiqamətində irəliləyən hərbi hissəmiz ilə birlikdə Balyand, Süleymanlı kəndlərinin isğaldan azad olunması uğrunda döyüşlərdə birbaşa iştirak etmişəm. Həmin gün hərbi hissə 3 yaralı verdi. 1 gün sonra Hadrut istiqamətində irəliləyərək Hadrut yolunun bağlanması tapşırığı ilə Hadrutun işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Hadrut dağlarında digər hərbi hissələrin Xüsusi Təyinatlıları ilə birgə fəaliyyət göstərən hərbi hissəmiz Qarazıllı kəndinin isğaldan azad olunması uğrunda döyüşmüş və azad etdikdən sonra həmin kənddə mövqeləndik, Hadruta girən dağ yollarını bağladım. Hərbi hissənin digər qrupları isə Daşkəsən, Süleymanlı, Balyand istiqamətində hərəkət edərək mühüm yüksəklikləri ələ keçirdi. Fizulidən Hadrut istiqamətində düşmənin əks hücumunun qarşısını alaraq hücum edən 67 düşmən əsgəri məhv edildi, düşmənin 1 “KamAZ”, 1 “Ural” və 1 “QAZ” markalı avtomaşınlarını hərbi qənimət olaraq ələ keçirdim. Həmin gün hərbi hissəmiz 6 yaralı verdi.
10-13 oktyabrda Hadrutun işğaldan azad olunması uğrunda döyüşdüm, düşməndən təmizlənməsində fəal iştirak etdim. 14-22 oktyabrda Mais Bərxudarovun sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar, Yuxarı və Aşağı Rafadanlı və digər kəndlərini, o cümlədən Şabandağ və digər yüksəklikləri şəxsən öz hərbi hissəmizlə birgə düşməndən təmizləyərək azad etmişdim. Cəbrayıl-Fizuli, Cəbrayıl-Hadrut, Hadrut-Fizuli yolundan tam təhlükəsizliyə əmin olmaq məqsədi ilə ilk olaraq sürücüm ilə birlikdə keçdikdən sonra bu barədə 2-ci Ordu Korpusu komandiri general-mayor Mais Bərxudarova məruzə edərək, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının müdafiə və mühafizəsini təşkil etmişdim. Həmin günlərdə hərbi hissə 1 şəhid və 7 yaralı vermişdi.
22-26 oktyabrda 4-cü Ordu Korpusunun qərargah rəisinin sərəncamı ilə növbəti döyüş tapşırığımız Füzuli rayonunun Kürdlər, Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərinin işğaldan azad olunması idi. Həmin günlərdə hərbi hissə 25 şəhid və 29 yaralı verdi.
27 oktyabrdan 5 noyabra kimi Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin sərəncamında növbəti döyüş tapşırıqlarını general-mayor Zaur Məmmədovun əmrinə əsasən öz şəxsi heyətimizlə birlikdə Xocavəndin Tuğ, Meçtağlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər kəndinin düşməndən təmizlənməsində iştirak etdim. Xüsusi Təyinatlı Qüvvələrin sağ cinahını qorumaq, düşmənin önünü kəsmək, mövqe tutub müdafiənin yarılmasına imkan verməməklə döyüş tapşırığını yerinə yetirmişdim.
5 noyabrda general-mayor Vasif Kazımovun sərəncamında Siqnax kəndinin sağında, Şuşakənd istiqamətində bir neçə yuksəkliklərin ələ keçirilməsi uğrunda döyüşməklə, düşmənin diqqətini öz üzərimə çəkərək, Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girmələrinə şərait yaratmışdım. Həmin agır günlərdə hərbi hissəmiz özüm də daxil olmaqla xeyli yaralı vermişdi. Mən hospitala təxliyyə olunduqdan sonra Şuşa istiqamətində hərəkət edən qruplarımız digər hərbi hissələrlə Şuşaya daxil olub və qələbə qazanılıb. Hərbi hissəmiz Laçın ərazisində, Koroğlu yüksəkliyi daxil bir neçə yüksəklikləri ələ keçiriblər. Şuşa ətrafındakı yüksəkliklər uğrunda qruplarımız şərəflə döyüşüb.
Kənd Horadiz istiqamətində milli qəhramanımız polkovnik Şükür Həmidovla birgə döyüşlərdə dəfələrlə travma alsam da, döyüşə davam etmişəm. Hospitala aparılmağa razı olmamışam”.
Ziya Kazımov bildirib ki, Vətən müharibəsi günlərində ilk travmanı Cəbrayıl uğrunda gedən döyüşlər zamanı alıb: “Yaxınlıqda tank mərmisinin partlaması nəticəsində xəsarət alaraq huşumu itirmişəm. Əhmədbəyli hospitalında özümə gəlmişəm. “MPZ, barotravma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” diaqnozu qoyulsa da, müvafiq yardımın göstərilməsini və oradan tez buraxılmağımı istəyərək,14 günlük müalicədən imtina etmişəm. Döyüşdən uzaqda qalmaq və tabeliyimdəkiləri başsız qoymaq mənə yaraşmaz prinsipini əsas tutaraq öz istəyim ilə 9 oktyabrda hospitalı tərk edərək, hərbi hissəsinin yanına qayıdaraq Hadrutun azad olunmasında iştirak etmişəm. 44 günlük Vətən müharibəsində sırf bizim hərbi hissəmiz tərəfindən düşmənin yüzlərlə canlı qüvvə və texnikası məhv edilib. Xəbərlərdə səslənən rəsmi məlumatlara görə Əlahiddə Əməliyyat Taboru təkcə “Lələ-illah” dağının qarşısında 850-yə yaxın düşmən əsgərini, 5 tankını, 7-yə yaxın PDM-2, 1 KamAZ, 1 digər təyinatlı maşınını məhv edib. 10-dan çox özüyeriyən top, 20-dən çox tank, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu sayda silah və sursat, əşya və əmlak, sənəd-sübut, xəritə və 2 erməni əsgəri, biri qadın snayperçi olmaqla əsir götürülərək Azərbaycan Ordusuna təhvil verilib.
Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı təkrarən mərmi partlaması nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi, xırda qəlpə və yanıqlar alaraq şəxsi heyətim tərəfindən döyüş meydanından çıxarılıb hospitala təxliyyə olunmuşam”.
Ziya Kazımov bildirib ki, düşmən təslim olub ağ bayraq qaldırdığı gün - 9 noyabr 2020-ci ildə yaralı halda hospitala gətirilib: “Yolboyu nə olduğunu xatırlamıram. Yaralanandan sonra haradasa ocaq başında siqaret əlimdə olduğu yadımdadır. Sonra pilotlarla danımağım yadıma gəlir. Onda yaddaş gedib-gəlirdi. Heç xüsusi təyinatda bir yerdə xidmət etdiklərimi belə tanımamışam. Hospitalda yaralı olanları nəzərdə tuturam. Paltar gətirmək üçün maşına tərəf getdik. Maşına çatanda Bakı şəhər prokurorunun müavini dedi ki, bizimlə getməlisiniz prokurorluğa. Məni travmalı halda hospitaldan aldadaraq hərbi prokrorluğa gətirdilər. 4-5 saat nə danışdılar, nə etmək istədilər, anlamadım. Qalmışdım qıvrıla-qıvrıla. Hərbi Prokrorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov kompüterin arxasında oturub yazırdı. Heç mənlə danışmırdı da, salam da vermədi. Mənlə danışan Bakı şəhər prokuroru idi. Adı İlqardır deyəsən. Xəstə olmamı, onları anlamadığımı, müalicəyə ehtiyacım olduğunu, özümü yaxşı hiss etmədiyimi dəfələrlə bildirsəm də, məhəl belə qoyulmadı. Saatlarla yaralı və travmalı ifadə verməyə məcbur etdilər. Mənə elə gəlirdi ki, onlar Azərbaycanlı deyildilər! Axı mən onların da ailəsinin təhlükəsizliyi üçün, əsir düşən ana, bacı, qardaşlarımızın qisası üçün döyüşmüşdüm. Mənim döyüşdən yeni çıxmış çoxlu saçıma, üzümün saqqalına, forma və batinkamın qanına baxmadan qandalladılar!
Ziya Kazımov deyib ki, həmin gün Hərbi Prokrorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları onun xəstəliyindən istifadə edərək 2017-ci ildə baş verən cinayət işini qabağıma qoyaraq imzalatmaq istəyiblər: “Ağakişi Acalov qol çəkmədiyini gördükdə, “sən yaralısan və müalicəyə ehtiyacın var” dedi. “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik” dedi. Mən ruçkanı götürdüm, qapağını çıxardım. Acalov dedi ki, özünü tülkülüyə qoyma, nəyə qol çəkdiyini bilirsən. Ruçkanın qapağını yerinə taxdım. Niyə təhqir edirsiniz, heç nəyə qol çəkməyəcəm dedim. Hospitala göndərin dedim. Köməyiniz falan lazım deyil. Dediyiniz tərzdə biriyəmsə, dəlixanaya atın dedim. Qol çəkmədiyimi gördükdə biraz çığırıb-bağırdı. Dedim çığırmayın. Mən onsuz da özümdə deyiləm. 2 polisi çağırdı. Hərəsinin əlində bir qandal. Məni hərbi prokurorun müavini, general-mayor Şəfahət İmranovun yanına apardılar. Heç nəyə qol çəkməyəcəyimi, hospitala göndərilməyimi istədim. Edilən təzyiqlərə baxmayaraq imza atmadığımı görən Şəfahət İmranov mənə döyüşdən yayındığımı dedi. “Biz sənə yaxşılıq edirik. Gəl ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at, 3-4 ilə də çıxacaqsan. Yazıqsan, ömürlük yatma” dedi. Mənsə döyüşcü və vətənprvər olduğumu, 2017-ci ildəki hansısa cinayət işində də özümü təqsirkar bilmədiyimi, əksinə onların hansı dinə, hansı dövlətə xidmət etdiklərini bilmədiyimi bildirdim. Amma nə qədər onları inandırmağa çalışsam da, boşuna oldu”.
Ziya Kazımov deyib ki, onu düşmən üzərində qələbə günü qanunsuz olaraq həbs ediblər: “Onlarda vətənpərvərlik olsaydı, məni heç hospitaldan götürməzdilər. Elə həmin gün, yəni 9 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparıldım. Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Qaraxan oğlu Abbasovun sədirliyi ilə məhkəmə keçirildi. Hakim içəri girən kimi dedi ki, bunu niyə tutmusunuz? Müstəntiq söz tapmadı, duruxdu. Qarşısındakı vərəqi götürüb başladı oxumağa. Yarıda hakim sözü kəsib dedi ki, 3 il bundan öncəki məsələ indi, bu döyüş gedə-gedə yada düşdü? Müstəntiq qayıtdı ki, bəs zərurət yarandığından iş üzrə icraatı dayandırılması haqda qərar ləğv edilib və icraat təzələnib, təzə faktlar tapmışıq. 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev guya mənə dövlət tərəfindən vəkil təyin olunmuşdu. Nə danışdığını heç mən eşitmədim, nəinki məhkəmə sədri. Nə danışacaqdı ki, gecənin o saatında təcili gətirilmişdi, Allah bilir fikri haradaydı. Nə mənimlə görüşmüşdü, nə da tanıyırdı. Məhkəməyə qısa fasilə verildi. Qayıdanda hakimin fikrinin dəyişdiyini hiss etdim. Yəqin zəng edib deyiblər ki, tutulmalıdır. Özümü günahkar hesab etmədiyimi dedim, döyüşdən travma və yaralarla hospitala gəldiyimi xatırlatdım. Sual etdim ki, mən Ermənistandayam və tutanlarda ermənidi? Cavab olmadı. Hakim 4 ay sanksiya verdi, Nərimanov Müvəqqəti Saxlama yerinə gətirdilər. Oradan sonra vətən xaini kimi Bakı İstintaq Təcridxanasına apardılar. Hərbi Prokrorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün, 9 noyabr 2020-ci ildə 2017-ci ilin cinayət işinə görə 3 il bundan öncəki işə görə hospitala yenicə qəbul edilmiş döyüşcüyə ağır və xüsusilə ağır cinayət törədənlərə verilən 4 aylıq həbs qəti imkan tədbiri verildi. Həbs etmənin əvvəli 9 noyabr 2020-ci il tarixdən hesablanmaqla Bakı İstintaq Təcridxanasında yerləşdirildim. Hərbi Prokrorluq tərəfindən xüsusi nəzarətə alınmağım istənildi, ailəm ilə görüş və telefon danışıq hüququ Hərbi Prokrorluq tərəfindən qadağan olunmuşdu. Bir müddət sonra həbs qəti imkan tədbiri haqda qərara baxdıqda hakim Rafiq Abbasovun saxtakar olduğu, məhkəmə protokollarında saxtalaşdırma edərək mənim özümü təksirkar bildiyimi yazdığı üzə çıxdı. Bu nə saxtakarlıqdır? Bu nə ədalətsizlikdir? Belə hakim və prokurorluq əməkdaşları kimə işləyirlər? Bu işlərlə kiçik balıqla böyük balıq tutulmağa çalışılır. Kiçik balıq tutularaq böyük balıq şantaj olunur! Hərbi prokrorun müavini, general-mayor Şəfahət İmanov qanunsuz olaraq, vəzifə səlahiyyətlərini aşaraq məni şərləməyə çalışır”.
Ziya Kazmov ifadəsini bitirdikdən sonra vəkili Bəhruz Bayramov məhkəmənin diqqətinə çatdırıb ki, müvəkkili 12 fevral 2021-ci ildə həyat yoldaşının cənab prezidentə və birinci vitse prezidentə müraciətindən sonra barəsindəki həbs qəti imkan tədbiri dəyişdirilib: “Müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirmiş və bu işi şəxsi nəzarətinə götürməyini rica etmişdi. Bu məktubdan öncə həyat yoldaşı və yaxın qohumları dəfələrlə bu məsələni araşdırmaq məqsədi ilə Hərbi Prokrorluğun məmurları ilə danışıb qanunsuz olaraq həbsdə saxlanılan Ziya Kazımovla əlaqə saxlamağa şərait yaradılmasını istəyiblər. Lakin bu mümkün olmayıb. Müraciətin nəticəsi olaraq 18 fevral 2021-ci ildə Ziya Kazımovun işi nəzarətə götürülüb, həyat yoldaşı prokurorluğa dəvət olunub. Hərbi Prokurorluğun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilərək dinlənilib, rəsmi olmasa da, üzr istənilircəsinə Ziya Kazımovu qorumaq(?!) məqsədilə tutduqlarını deyiblər və söz verilib ki, Ziya Kazımovla bağlı məsələ rəhbərliyin nəzarətinə götürülüb, obyektiv araşdırılacaq. Ziya Kazımov da Bakı İstintaq Təcridxanasından tələm-tələsik Hərbi Prokurorluğa gətizdirilib. Döyüşdən 4 ay sonra orada ailəsi ilə görüşünə icazə verilib. 25 fevral 2021-ci ildə Ziya Kazımov ev dustaqlığına buraxılıb. Ev dustağı olduğu zaman Hərbi Prokurorluq nümayəndəsi Ziya Kazımov, vəkili olaraq mənimlə birgə onun Cəbrayıldan Şuşaya qədər keçdiyi döyüş yerlərinə baxış keçirdi. Ziya Kazımovun dediklərinin doğru olduğunu həmin əməkdaş gördü”.
Vəkil bildirib ki, Ziya Kazımov bu gün də vətənə xidmətini davam etdirir:
“Ziya Kazımov hazırda N saylı hərbi hissədə xidmətdədir: “O, komando hərbi hissəsinin bütün şəxsi heyətini digər hərbi hissələrdən seçib, hərbi hissənin təməlini yaradıb. Həmin şəxsi heyətin bir hissəsini Türkiyəyə göndərib. Bir hissəsi ilə də özü də daxil Azərbaycanda türk hərbçilərin nəzarəti və rəhbərliyi ilə komando kursu keçib. Türkiyədəki kursa isə onun özü gedə bilməyib. Çünki Hərbi Prokurorluq onun ölkədən çıxışına stop qoyub. Bu şər-böhtana görə nə rütbə, nə də vəzifə ala bilməyib. Hazırda N saylı komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdədir”.
Vəkil məhkəmədən müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com