"Tərkibində yuxu və halsızlıq yaradan maddə var" - Polisdən bu şəxslərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Musavat.com bildirir ki, qurum səhhətində problem olan şəxsləri avtomobil idarə etməkdən çəkinməyə çağırıb. Qeyd olunub ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verir.

“Təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda, isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Bu da bəzən xoşagəlməz sonluqla nəticələnir. Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur. Bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir”.

Son olaraq, Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa səsləyib.

09.08.2024 19:20
22654