Tərəzidə müştərini aldadan marşal – o, Brejnevə rişxənd edib, Qorbaçov üçün isə təhlükəyə çevrilib

O, heç vaxt hərbçi olacağını düşünməyib, ağlına belə gətirməyib ki, nə vaxtsa nəhəng SSRİ-də birincilərlə üz-üzə dayanacaq, çiyinlərində ən yüksək rütbələri daşıyacaq. Ancaq 15 yaşında olarkən baş verən kiçik bir hadisə onun həyatını bütövlükdə dəyişib...

1917-ci ildə Tverin Molokovo kəndində anadan olan Nikolay Oqarkov yediillik təhsilini başa vurduqdan sonra ehtiyac içində yaşayan ailəsinə kömək etmək üçün ərzaq mağazasında satıcı köməkçisi işinə düzəlib. Xatirələrində yazdığı kimi, bu iş onun gələcək həyatında mühüm rol oynayıb:

“Günlərin birində satıcı mal gətirməyə getmişdi. Mən mağazada bir neçə saat onu əvəz etməli idim. Mağazaya yaşı təxminən 60-70 arası olan bir qadın gəldi, iki kiloqram şəkər istədi. Tərəzidə şəkəri çəkdim və ödəyəcəyi məbləği dedim.

Müştəri dərhal səsini qaldıraraq narazılığını bildirdi:

- Mən 30 ildir tərəzi ilə işləyirəm. Sən ən azı məni 200 qram aldadırsan.

Şəkəri yenidən çəkdim, qadın həqiqətən də haqlı idi. Amma mən bunu qəsdən etməmişdim, müştərim də bunu, xamlığımı anladı və mənə məsləhət verdi:

- Səndən heç vaxt satıcı olmayacaq, özünə başqa bir iş axtar.

Bu sözlər mənə şillə kimi dəydi, elə həmin gün mağazadan birdəfəlik çıxdım...”

Bir müddət qazanc yolunu axtaran Oqarkov özünə daimi iş yeri tapa bilməyib. Nəhayət, belə qərara gəlib ki, qardaşı kimi hərbçi olsun, düşünüb ki, hərbçilər heç olmasa ayda stabil əmək haqqı alırlar.

OQAR.jpg (49 KB)

Ordu sıralarında xidmətə qəbul edilən Oqarkov təhsil almağı da arxa plana çəkməyib. O, Kuybışevdə Hərbi Mühəndis Akademiyasında ali təhsil alıb.

Sovet-alman müharibəsi illərində Oqarkovun hərbi karyerasında yeni mərhələ başlanıb. Marşal Jukov və marşal Vasilevski onu şəxsən tanıyıblar, yuxarı dairələrdə Oqarkovu bacarıqlı və peşəkar hərbçi kimi xarakterizə ediblər.

Müharibədən sonra Oqarkov Uzaq Şərq Hərbi Dairəsində yüksək vəzifələr tutub, qərargah rəisi vəzifəsinə qədər yüksəlib. O, ilk ali rütbəsini Jukov müdafiə naziri olduğu dövrdə alıb. Qələbə marşalının təşəbbüs və təqdimatı ilə Oqarkov general-mayor rütbəsini daşıyıb.

OQAR YENİ.jpg (124 KB)

Bir müddət Belarusiya və Volqa Hərbi Dairələrində komandan vəzifəsində xidmət etdikdən sonra Oqarkov 1968-ci ildə SSRİ Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Məhz bu vəzifədə olarkən generalla SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornının sıx dostluq münasibətləri yaranıb. Podqornı xarici ölkələrə rəsmi səfər edərkən Oqarkovun da nümayəndə heyətində olmasını vacib sayıb.

1977-ci ilin yanvar ayında Baş Qərargaha rəis təyinatı ilə bağlı müzakirələr aparanda Podqornının təkidi ilə Oqarkov bu vəzifəyə təyinat alıb və marşal rütbəsinə sahib olub.

OQAR SON.jpg (100 KB)

Leonid Brejnevin Oqarkova münasibəti çox da müsbət olmayıb. Bunun əsas səbəbi isə Oqarkovun Brejnevi hərbçi, marşal kimi qəbul etməməyi olub. Baş katib bir neçə dəfə onu vəzifəsindən uzaqlaşdırmaq istəyib. Amma Brejnev hərbi elitanın iradəsinə zidd gedə bilməyib. Çünki Oqarkov Baş Qərargah rəisi kimi Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük nüfuza sahib olub. Onun Baş Qərargaha rəhbərliyi dövrü bir çox yeniliklərlə yadda qalıb. Bu vəzifədə xidmət etdiyi ərəfədə Oqarkovun rəhbərliyi ilə keçirilən genişmiqyaslı təlimlər Silahlı Qüvvələrin təkmilləşməsində böyük rol oynayıb. Yüksək qərargah mədəniyyəti, döyüş hazılığının hərbi elmə əsaslanması, şəxsi heyətin hərbi-siyasi bilgilərinin daha yüksək səviyyəyə çatması məhz Oqarkovun xidmətləri ilə bağlı olub.

Baş katiblə Baş Qərargah rəisinin növbəti qarşıdurması 1979-cu ildə yaranıb. Oqarkov sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsinə qarşı çıxıb. Brejnev onu bu fikrindən daşındırmağa çalışıb:

- Mən də marşalam, siz də marşalsınız. Görürsünüz, mən bir marşal kimi hərbi məsələlərin müzakirələrində böyük təmkin nümayiş etdirirəm. Amma siz bunu bacarmırsınız. Çalışın, bir az səbrli olun.

Oqarkov baş katibin məsləhətinə rişxəndlə cavab verib:

- Siz özünüzü marşal sayırsınız? Leonid İliç, siz yalnız onun rütbələrini taxırsınız.

Brejnevin Oqarkova qarşı qəzəbinin qarşısını müdafiə naziri Dmitri Ustinov ala bilib. Baş katiblə yaxın dostluq münasibətində olan Ustinov Oqarkovun yüksək peşəkarlığını heç vaxt danmayıb.

Oqarkov Yuri Andropov hakimiyyətə gəldikdən sonra da öz vəzifəsində qalıb. Amma Konstantin Çernenko Oqarkovun Brejnevə münasibətini unutmayıb və o, Baş Qərargah rəisinə yeni vəzifə, Qərb istiqaməti üzrə qoşunların baş komandanı vəzifəsini təklif edərək onu mərkəzdən uzaqlaşdırıb.

OQAR EN SON.jpg (121 KB)

Mixail Qorbaçov isə marşalı özünə ən böyük təhlükə kimi qəbul edib. 1988-ci ildə Qorbaçov yeni kadr islahatları adı altında Oqarkovu bütün vəzifələrindən kənarlaşdırıb.

Oqarkov Qorbaçovu hələ 1987-ci ildə SSRİ-yə bəla gətirəcək bir siyasətçi kimi xarakterizə edib. Marşala həmin bəlanı görmək qismət olub. Nikolay Oqarkov SSRİ-nin süqutundan bir neçə il sonra, 1994-cü ildə vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

19.04.2024 12:41
5367