Müğənni Təranə Qumralın ifaçı qızı Qumral ilk dəfə efirdə hərbçi atası ilə bağlı açıqlama verib.
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu haqda Qumral anası ilə birgə qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb.
Qumral bildirib ki, anası ilə atası ayrılsalar da, hələ də bu onların münasibətlərinə təsir etməyib:
"Atamla münasibətim sıx olmasa da, vaxtaşırı gedib ona baş çəkirəm. Bacım Fidan onunla görüşmür. Anam Təranə xanım atamla görüşməyimə heç zaman etiraz etməyib. Təbii ki, atam bacım Fidanı görmək istəyir. Hətta Fidan və onun uşaqları ilə də telefonda videozəng vasitəsi ilə görüntülü də danışır. Amma bacımdan fərqli olaraq, mən atamla daha çox sıx əlaqədə oluram. O bizə gəlir, mən də gedirəm. Hətta kiçik bacım Sevgimi də atamla görüşəndə özümlə aparıram. Sevgim ona baba deyə müraciət edir. Axı, burada nə var ki? Atam evli olsa da, onun övladı yoxdur".
Təranə bildirib ki, qızlarının ataları ilə görüşməsinə heç zaman etiraz etməyib:
"Adətən valideynlər ayrılanda ayrılan tərəf bəlkə etiraz edər. Amma mən özüm ayrıldığım üçün, bu şeyi mən etdiyim üçün etiraz etmirəm. Qızım Qumral atası ilə gedib görüşür. Heç bir problem yoxdur. O əvvəlcədən mənə dedi, mən də söylədim ki, atanla görüşməyə etiraz etmirəm".
T.Qumral birinci həyat yoldaşından boşanmasının səbəbləri ilə bağlı danışmaqdan boyun qaçırıb:
"Birinci ərimdən özüm ayrılmışam. O məni psixoloji olaraq əzməyib. Niyə boşandığımız haqda danışmaq istəmirəm. O çox gözəl insandır. İnsanlar var ki, ayrılanda qarşı tərəfin üstünə böhtan atırlar ki, narkoman idi, içki içən idi. Amma mən istəmədim. Niyələrim isə mənə qalsın. 31 ildir ki, mən Musa Musayevlə evliyəm. Bu isə bir igidin ömrüdür".
Sözügedən proqramın aparıcısı Zaur Nəbioğlu isə Təranə ilə Musanın nikah şahidi olduğunu vurğulayıb:
"9 il bundan əvvəl Təranə xanım Musa Musayevlə ayrılsalar da, mənim digər verilişimdə onların nikahları kəsilib. 2015-ci ildə Təranə xanımın nikah şahidi də mən olmuşam".
Qeyd edək ki, hazırda evli olan Təranə Qumral və Musa Musayevin Sevgim adlı qız övladı var. Təranənin birinci evliliyindən isə Qumral və Fidan adlı qızı var.