“Təpəsinə dəysin elə tərif....” - Aqil Abbas

“Kim deyirsə ki, yaşlı yazarlar ancaq bir-birini oxuyub tərifləyir, gözünün içinə qədər yalan deyir. Gəncləri oxuyuram, kitablarını alıram, saytlarda çıxan yazılarına baxıram”.

Musavat.com xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsi zamanı millət vəkili Aqil Abbas deyib.

Müsahibəni təqdim edirik:

- Aqil bəy, necəsiniz? İşləriniz necədir? Deyəsən, xəstələnmisiniz…

- Yaxşıyam, bala... İşlərdir də, gedir. Çalışırıq ki, daha yaxşı olsun. Əlimizdən gələni edirik. Xəstəlik deyəndə, şükür, ağır bir məsələ yoxdur. Yaş öz sözünü deyir də. Daha qocalmışam.

- Aqil bəy, deyirlər, məmur yazıçılar istedadları hesabına yox, məmurluğuna, vəzifəsinə, puluna görə tanınır, təqdir edilir...

- Ay oğul, belə şeylərə fikir vermək özünü məhv eləməkdir. Əvvəla, söhbət məndən gedirsə, mən çap olunanda, yazanda məmur deyildim. Kifayət qədər tanınır, oxunurdum. İndi millət vəkiliyəm deyə, bu o deməkdir ki, buna görə oxuyurlar, tanıyırlar məni? Xoflu, uğursuz adamlar həmişə danışmağa nə isə tapırlar. Onların hamısına cavab verəsi olsaq, buna ömür çatmaz. Mən imkanım çatdığı qədər hamıya köməklik edirəm, xüsusi ilə gənclərin yanında olmağa çalışıram. Allah mənə şans verib, istəyirəm ki, imkanlarım daxilində dəstək olum. Bunun nəyi pisdir? Buna görə kimsə məni tərifləyəcəksə, tərifləməsin heç. Təpəsinə dəysin elə tərif.

- Yaradıcılığınızda hansı yeniliklər var? Yeni nəsə yazırsınızmı?

- Əlbəttə. Hər gün yazıram. “Ədalət qəzeti”ndə yazılarım çap olunur. Ara-sıra hekayələr də yazıram. Sağlıq olsun, daha yaxşı işlər, yeniliklər də olacaq. Hələlik bu barədə bir məlumat vermək istəmirəm.

- Gəncləri necə, oxuyursunuzmu? Adətən, yaşlı yazıçılarımız ancaq bir-birini oxuyur, tərifləyir.

- Kim deyirsə ki, yaşlı yazarlar ancaq bir-birini oxuyub tərifləyir, gözünün içinə qədər yalan deyir. Gəncləri oxuyuram, kitablarını alıram, saytlarda çıxan yazılarına baxıram. Xeyli istedadlı müəlliflər var. Özlərinə də deyirəm, yazılarını da verirəm qəzetdə. Onlardan biri də sənsən. Amma hələ hamısı püxtələşməyib. Gənclər özündən əvvəlkilərə söz atmaqla məşğuldurlar. Oturub-durub Anarı, Azərbaycan Yazıçılar Birliyini söyürlər. Elə biri sən, Orxan Saffari. Anar sənə nə etsin? Əlini tutub ki, yazma? Ondansa, özünüzü inkişaf elətdirin, oxuyun, nə isə öyrənin, pul qazanın. Belə şeylərlə heç kim uğur qazanmayıb. Anarı və başqalarını söyməklə istedadlı olası deyilsiniz. O yazdığını yazıb, dediyini deyib. Unutmayın, Anar ədəbiyyatımızın pasportudur.

- Aqil Abbas deyəndə ağıla həm də Qarabağ, Ağdam, “Dolu” filmi gəlir…

- Mən həmişə Qarabağda qalib gələcəyimizə inanmışam, əsərlərimdə, yazılarımda da bunu yazmışam. Hamısı da ortada olan, bilinən məsələlərdir. Bu haqda üç roman, povest, hekayələr yazmışam. Demişəm ki, Qarabağa bayrağımız sancılacaq, “Cıdır düzü”ndə himnimiz oxunacaq. Həmişə də demişəm ki, ora bayrağı İlham Əliyev sancacaq. Seyran Səxavət məndən də gözəl deyib. Ondan Qarabağ haqqında əsər yazmaq haqda soruşmuşdular, cavab vermişdi ki, Qarabağa aid ən gözəl əsəri İlham Əliyev yazacaq. Və yazdı. Qarabağ bizim yaramız idi. Bu gün o yara artıq sağalıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

- Qələbə haqqında roman yazmaq fikriniz var?

- Qələbəmizə aid bir əsərim var. Film üçün nəzərdə tutulub. İnşallah o əsərə film çəkidirəcəyəm. Özü də çox əziyyətlə yazmışam. Bu “Dolu”dan da güclü olmalıdır. Olmasa, cırıb atacağam. Dediyim yeniliklər həm də bununla bağlıdır. Həmişə yazıçılar deyirlər ki, hələ ən yaxşı əsərimizi yazmamışıq. Ona görə ki, o yazıda nöqsanlarını görür, gələcək yazıda istəyir ki, o nöqsanlarını buraxmasın. Mən bu baxımdan ən yaxşı əsərimi yazmışam. Bundan sonra yazmasam da olar. Mənim nəzərimdə bu, “Qapqara uzun saçları” povestim və “Dolu”dur. Yazmışam və bu gündən sonra yazmasam da mənə bəsdir. Amma yazacağam.

- Aqil müəllim, nə vaxtsa rüşvət almısınız?

- O vaxt da demişdim, indi də deyirəm. Qurana and içə bilərəm ki, rüşvət almamışam. Qurandan böyük, müqəddəs nə var?

- Daim Anarı tərifləmisiniz, onun həyatınızdakı rolundan geniş danışmısınız. Bir müsahibənizdə demisiniz ki, Xalq yazıçısı olmaq istəyərəm, amma Azərbaycan Yazıçılar Birliyi, müvafiq qurumlar adımı gərək təqdim etsin. Görəsən, Anar sizin adınızı niyə təqdim etmir?

- Xalq yazıçısı, bəli, olmaq istəyərəm. Onsuz da, mənə həmişə belə deyiblər, səmimiyyətimlə həmişə xalqın yanında olmuşam. Qaldı təqdim etmə məsələsinə, bu barədə başqa nə isə deyə bilmirəm. Çətin sualdır…

11.08.2023 03:54
7947