"Televiziyaya evdar qadınlar baxır" - Murad Dadaşov

Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda telekanallarla bağlı səsləndirilən tənqidlərə cavab verib. 

Musavat.com xəbər verir ki, bu haqda Axşam.az-a danışan Dadaşov bunları bildirib:

“Bu cür forumun keçirilməsi təşəbbüsü artıq qələbədir. Bilmirəm, forum hansı nəticə verəcək. Musiqi ölkəmiz, dünya üçün iqtisadiyyatdır. Sağlam iqtisadiyyat olmadığı halda industriya yoxdur. Auditoriyanın istəyini formalaşdırmağa çalışdıq. Hamı deyir ki, zövqləri televiziya pozur. Hamı başa düşsün ki, qınanılası heç nə yoxdur. Bizə nə təqdim edilirsə, onu veririk. Bu, prodüserlərin işidir. Televiziya və məhsullar bizim zövqümüzə görə deyil. Kanallar bir aptekdir. Dərmandan şikayət edə bilərsiz, amma deyə bilmərsiniz, pis istehsal etmisiniz.

Biz də yayımçıyıq, yayım təşkil edirik. Bizim məhsul yaratmağa imkanımız yoxdur. Başa düşürük ki, köhnə studiyalar, iki musiqi aləti ilə verilişlər artıq keçmir.

Mən musiqiçi deyiləm, amma musiqidə boşluq var. Bir insanı pis işinə görə işindən qanunla uzaqlaşdırırlar. Amma musiqiçiyə bunu demək olmaz. Gəlir ki, dünyada bundan yoxdur. Baxıram ki, necə yəni yoxdur? Açıram ki, içində heç nə yoxdur. 

Televiziyaya neçə nəfər baxır? Kim deyə bilər 2-3 saat dayanmadan efirə baxıram. Televiziya qarşısında evdar xanımlar oturur. Tək Azərbaycanda yox, dünyada belədir. Çox təhlükəlidir. Keyfiyyətsizi görəndə keyfiyyətlini də görməliyik. Bizə də dəstək olun. Bunu etməyə imkanımız yoxdur. Prodüserlər dəstək olmalıdır. Bir masa və aparıcı ilə proqram olmur”.

Dadaşov əlavə edib ki, dünyaya çıxaracaq ifaçı yetişdirilməlidir:

“Teylor Svift 1 milyard qazanc əldə edib. Bu, industriyadır. Bu gün bizə xaricə çıxaracaq müğənni lazımdır. Azərbaycanda uğur qazanan ifaçı lazımdı. Biz dünyaya Tarkan göndərmək istəyiriksə, onu prodüser hazırlamalıdır. Artıq ölkə öz məhsullarını dünya bazarına çıxarmalıdır”.

30.10.2023 21:00
1261