Teleqramda qadın HİYLƏSİ: görüşə çağırıb döydürtdü - BAKIDA

Bakı sakini olan K.Cəfərov (ad soyad şərtidir) bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən döyülüb və onun 400 manat pulu talanıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə zərəçəkən polisə məlumat verib.

Zərərçəkən başına gələn hadisənin təfərrüatları barədə danışan zaman maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, zərərçəkən hadisədən əvvəl "Telegram" kanallarının birində tanımadığı şəxslə mübahisə edib. Qarşı tərəf məsələni aydınlaşdırmaq üçün onu görüşə çağırsa da, K.Cəfərov bundan imtina edib. Amma elə həmin "Telegram" kanalında bir xanımın onunla tanış olmaq üçün göndərdiyi təklifə K.Cəfərov "yox" deyə bilməyib.

Lakin zərərçəkən qadının mübahisə etdiyi şəxsin tanışı olmasından xəbərsiz olub. O, görüş üçün getdiyi metronun "Gənclik" stansiyasının yaxınlığında "Telegram"da mübahisə etdiyi şəxslə və onun dostları ilə üzləşməli olub. Onlar K.Cəfərova əvvəlcə Nərimanov, daha sonra Binəqədi rayonu ərazisində fiziki güc tətbiq edərək pulunu ələ keçiriblər.

Zərərçəkənin müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Gündüz Pirməmmədov, Elvin Xudiyev, Elməddin Quluzadə, Əli Quliyev və bir nəfər qadın qısa zamanda müəyyən olunaraq saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir.

03.04.2024 19:50
1082