Ötən gün səhər saatlarından başlayan yağışlı hava şəraiti iki gündür ki, davam edir. Paytaxtın bir çox yerləri, xüsusi ilə mərkəzdən uzaq hissələr və tunellər keçilməz həddədir. Maşınları su aparır və bəzi yerlərdə insanlar hətta qayıqdan istifadə edirlər.
Yağış tək evlərə, maşınlara deyil iri mağazalar şəbəkəsinə də zərər vurub. Bakının elektronika satışı ilə məşğul olan ticarət obyektlərində avadanlıqlar yanıb və sahibkarlara ciddi ziyan dəyib.
Onlar Musavat.com-a bildiriblər ki, satışda olan telefonlarla yanaşı, müştərilərin təmir üçün gətirdikləri mobil vasitələr də yanaraq yarasız vəziyyətə düşüb.
“Müştərilərə nə cavab verəcəyimizi bilmirik. Komputerlərimiz, telefonlarımız islanıb. Xeyli zərərimiz var. Ən çətin durum isə müştərilərin telefonları ilə bağlıdır. Yaxamızdan yapışacaqlar. Onlara nə cavab verəcəyik”.
Eyni vəziyyət bərbərxanalarda da yaşanıb. Yağışa tab gətirməyən yerlərdən biri də restoranlar olub. Bazarlar da yağışın vurduğu ziyandan yan keçməyib. Bir sıra satıcı hava ilə əlaqədar mallarını satışa çıxara bilmədiyini, digərləri isə paltarların islandığını və qurudulmağa ehtiyac olduğunu bildirib.
Musavat.com-un əməkdaşının şəhərin müxtəlif yerlərindən çəkdiyi foto və videonu təqdim edirik:
Şahanə Rəhimli,
Musavat.com