Qulu Məhərrəmli: “İnsanların əksəriyyəti televiziyada, radioda olan danışıqları nümunə götürür”
Vaxtaşırı televiziya ekranlarında hansısa məmurun, ictimai fəalın, eləcə də teleaparıcıların ləhcə ilə danışdıqlarının şahidi oluruq. Ləhcə dedikdə təkcə bölgə ləhcələri nəzərdə tutulmur, həmçinin rus dilində düşünüb, Azərbaycan dilində sxematik danışanların da sayı kifayət qədər çoxdur.
“Son illər insanlarımızın dilindən "ç", “c”, “g” “k” hərfləri itib. Hətta televiziya aparıcıları, bəzi ibtidai sinif müəllimləri də bu hərfləri unudublar".
Bu sözləri əməkdar artist Elza Seyidcahan Musavat.com-a açıqlamasında deyib. Əməkdar artist bəzi televiziya aparıcılarını sərt şəkildə tənqid edərək, onlara səslənib:
“Bir əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü kimi bu haqda danışmağı özümə borc bilirəm. Bəzi aparıcılar Azərbaycan sözündə "c", çiçək sözündə “ç” hərflərini düzgün tələffüz edə bilmirlər. Belə bir deyim var, “bir milləti məhv etmək istəyirsənsə o millətin dilini, gənclərini korla.
Bəsdir, efirdə ləhcə ilə danışdınız! Ədəbi dildə danışın. Ləhcə ilə danışmaq bizi uçuruma aparır, ədəbi dilimizi unutdurur.
Və yaxud müğənnilər var ki, mahnıları ifa edərkən düzgün tələffüz etmir, aləmə “mikrob” yayırlar".
Bəs ziyalı, ictimaiyyət təmsilçisi, məmurun ləhcə ilə danışması nə dərəcədə doğrudur?
Mütəxəssislər qeyd edir ki, ictimai nüfuzlu, vəzifəli şəxslər, məmurlar, aparıcılar, yazıçı və ziyalılar, müəllimlər ictimaiyyətdə, xüsusən də televiziya ekranlarında ləhcə ilə danışmamalıdır.
Bir faktı da qeyd edək ki, dünyanın bir çox ölkələrində ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsi yolverilməzdir. Məsələn, bir neçə il öncə İranın Təhsil Nazirliyi fars dilində səlist danışa bilməyən, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsini yasaqlayan qərar qəbul etmişdi. Eləcə də Ukrayna Təhsil Nazirliyində də xüsusi komissiya var. Həmin komissiya müəllimlərin Ukrayna dilində səlist danışması ilə bağlı attestasiyalar keçirir. Yalnız bu attestasiyadan keçən müəllimlər auditoriyaya buraxılır. Çünki müəllim bütün cəhətləri ilə şagirdlərə nümunədir, onun nitqi aydın, səlis və anlaşıqlı olmalıdır.
Mövzu ilə bağlı televiziya tənqidçisi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ekranda, efirdə ədəbi dildə danışmaq, düzgün tələffüz etmək, dil normalarına uyğun yazmaq, subtitrləri bu şəkildə təqdim etmək barədə olan mövzu yeni deyil: “Azərbaycan mətbuatı, televiziyalarımız üçün bu, əbədi və ağrılı mövzulardan biridir. Davamlı olaraq bizdə monitorinq mərkəzi xüsusən televiziyalarda dil məsələlərini müzakirəyə çıxarır, kifayət qədər sanballı müzakirələr aparılır və müəyyən təkliflər də verilir. Lakin buna baxmayaraq çox təəssüf ki, televiziyalardan, radiolardan yenə də dialekt tələffüzü, sözlərin yanlış işlədilməsi, ədəbi tələffüz normalarının pozulması, yazı qaydalarına əməl olunmaması davam edir. Əlbəttə, televiziya və radio dilindən danışanda məsələləri iki yerə bölməliyik: televiziyaların öz əməkdaşlarının, yəni aparıcıların, reportyorların, müəlliflərin nitqi və televiziyada çıxış edən müxtəlif peşə sahiblərinin nitqi. Bizim gözləntilərimz daha çox birincilərə aiddir ki, onlar ədəbi dildə doğru-dürüst, nümunəvi danışmalıdırlar. Çünki televiziya bir çox sahələrdə dəb olduğu kimi danışıqda, nitq mədəniyyətinin normalarının yayılmasında nümunədir. İnsanların əksəriyyəti televiziyada, radioda olan danışıqları nümunə götürür və doğru da edirlər. Ona görə də bu sahəyə xüsusi diqqət edilməlidir. Qeyd edim ki, radio aparıcısının imkanları genişdir. Bəzən mikrofonla təkbətək qalır, auditoriyanı cəlb etmək üçün müəyyən artistizmdən istifadə edə bilər. Yəni hansısa məqamda hansısa ləhcədən istifadə edərsə, bunu ona irad tutmaq olmaz. Amma əgər verilişi bütövlükdə ləhcə üzərində qurarsa, ədəbi dil normalarından uzaq danışırsa, o tendensiyanı qəbul etmək olmaz.
Verilişlərdə çıxış edən müxtəlif peşə sahiblərinin də bir çoxunun nitqində qüsurlar, mənsub olduğu bölgənin ləhcəsində danışdığını müşahidə edirik ki, bu da yolverilməzdir. Biz onların danışığına “Aristotel qaydaları” ilə yanaşmırıq, lakin düzgün, doğru-dürüst danışsalar, daha gözəl olar. Çünki nitq insanın mədəni səviyyəsinin göstəricilərindən biridir. Yəni insan var ki, çox gözəl geyinir, amma ağzını açan kimi məlum olur ki, nə intellekti, nə də normal danışığı var. Ona görə də həm orta, həm ali məktəblərdə nitq mədəniyyətinə xüsusi diqqət edilməlidir. Evdə, ailədə bu qüsurları aradan qaldırmaq üçün valideynlər öz iradlarını bildirməlidirlər. Çünki danışıq da insanın yüksək elitar səviyyəsini göstərən cəhətdir. Danışığın həm ifadəsi, həm də məzmunu çox önəmlidir. Biz mütaliə, danışıq və vərdişlərlə buna nail olmalıyıq".
Yazını hazırladı: Xalidə GƏRAY