Azərbaycanda minatəmizləmə prosesi zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir.
Musavat.com xəbər verir ki, bu təklifi Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra ilk dəfə ANAMA əməkdaşı Xankəndidə tapılan tələ-minanın poliqonda partlaması nəticəsində həlak olub:
“ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.
B.Məmmədov xatırladıb ki, azad edilən ərazilərdə, demək olar ki, mina ilə çirkləndirilməmiş ərazi yoxdur:
“Təxminən 1 milyon 167 min hektar minalarla çirklənib. Həmin ərazilərin 14.2 faizi minalardan təmizlənib. Hazırda təhlükəli ərazi dediyimiz bölgələrin ümumi sahəsi 1 milyon hektardan çoxdur. Bir çox ərazilərdə mina olmasa da, bu tip sursatlar var. Ümumilikdə keçmiş təmas xətti boyunca yüksək dərəcədə minalarla çirklənmiş ərazilərin sahəsi 250 min hektara yaxındır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər (report).
Qarabağ qazisi, jurnalist, Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyasının rəhbəri Rey Kərimoğlu Musavat.com-a açıqlamasında təklifi yüksək qiymətləndirdiyini bildirdi:
“Mina təmizləmə prosesində həlak olan şəxslər Vətən uğrunda həlak olmuş şəxslərə bərabər tutulmalıdır. Biz bunu alqışlayır, təqdir edirik. Eyni zamanda mina təmizləmə prosesində yaralanıb əlillik almış şəxslərin də müharibə əlillərinə bərabər tutulmasını istərdik. “Minatəmizləmə haqqında” qanun layihəsi ANAMA yanında İctimai Şurada da müzakirə edilib. Müxtəlif fikirlərimizi də təqdim etdik. Yeri gəlmişkən, hazırda Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mina problemləri barədə layihə icra edirik.
Minaya düşmüş insanların statistikasını dəqiqləşdirir və onların ehtiyac meyarlarını öyrənirik. Biz mina qurbanları ilə görüşlər keçirərkən xeyli problemin olduğunu müşahidə edirik. Müharibə əlillərinə Prezident təqaüdü, pensiya verilir, amma minaya düşərək sağlamlığını itirən, ANAMA və digər minatəmizləmə komandalarında fəaliyyət göstərib xəsarət alan şəxslər var ki, əlil olublar. Onların pensiyası çox aşağıdır. Bu səbəbdən minatəmizləmə prosesində xidmət göstərən zaman minaya düşüb yaralanmış şəxslər müharibə əlillərinə bərabər tutulsun, həlak olmuş şəxslər isə şəhid statusu verilsin. ANAMA rəhbərliyi mina qurbanlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müxtəlif işlər görür. Ümid edirik ki, bu təkliflər də o qisimdən olan təkliflərdir. Dəyərli millət vəkillərinin Bəhruz Məmmədovun təklifini yüksək qiymətləndirəcəyinə inanır və bu məsələnin Milli Məclisdə müsbət həllini tapacağına ümid edirik”.
Nigar HƏSƏNLİ,
Musavat.com